12 yanvar 2026 10:28
115

Dövlət başçıları diplomatiyası Azərbaycan-Çin əlaqələrinin inkişafı üçün tonu təyin edir

Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında formalaşmış dövlət başçıları diplomatiyası iki ölkə əlaqələrinin inkişafı üçün tonu təyin edir.

“İki sahil” xəbər verir ki, bu fikri AZƏRTAC-a eksklüziv müsahibəsində siyasi şərhçi, “China Briefing” nəşrinin təsisçisi Şen Şivey bildirib.

“Dövlət başçıları diplomatiyası müasir dünyada həqiqətən böyük əhəmiyyət kəsb edir. Çünki indi böyük geosiyasi dəyişikliklərlə qarşılaşırıq, bəzi yerlərdə bir çox qarşıdurmalar görürük. Buna görə də belə bir şəraitdə dövlət başçıları diplomatiyası daha böyük rol oynayır. Hesab edirəm ki, Sədr Si Cinpin və Prezident İlham Əliyev arasında şəxsi dostluq iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığın qurulmasına böyük töhfə verib”, - deyən siyasi şərhçi bildirib ki, bu məsələdə 2 məqam var. Birincisi, dövlət başçıları diplomatiyası iki ölkənin əlaqələrinin inkişafı üçün tonu təyin edir. Başqa sözlə, dövlət başçıları iki ölkə münasibətlərinin hansı istiqamətlərdə irəli aparılacağını və əməkdaşlıq baxımından nəyin prioritet olduğunu müəyyən edirlər. İkincisi, dövlət başçılarının razılaşmaları həm də yuxarıdan aşağıya istiqamətlənmə deməkdir. Yəni, hər 2 ölkənin bütün dövlət qurumları, mərkəzi və yerli orqanları, məsul şəxslər artıq əməkdaşlıq üçün prioritet istiqamətləri öyrənmiş olurlar. Beləliklə, dövlət başçıları diplomatiyası iki ölkə arasında əməkdaşlıq layihələrinin icrasına yol açır.

Ötən ilin Azərbaycan ilə Çin arasında münasibətlər üçün çox mühüm və səmərəli il olduğunu vurğulayan Şen Şivey deyib: “Bu, ilk növbədə, dövlət başçılarının diplomatiyası ilə bağlıdır. Belə ki, Prezident İlham Əliyevin ötən ilin aprelində Çinə dövlət səfəri baş tutub. Azərbaycan Prezidenti il ərzində Çinə daha bir səfər edərək, Şanxay Əməkdaşlıq Təşkilatının Tiencin sammitində iştirak edib. Mən də həmin sammitdə iştirak edirdim və bütün bu səmərəli nailiyyətlərin şahidi oldum. Həmin səfərlər ölkələrimizin münasibətlərinin müxtəlif sahələrdə irəli aparılması üçün böyük əhəmiyyətə malikdir”.