12 yanvar 2026 00:13
123

İstanbul aeroportlarında ləğv olunan uçuşların sayı 124-ə yüksəlib - YENİLƏNİB

İstanbulda yanvarın 12-nə gözlənilən qeyri-sabit hava şəraitinə görə daha 46 uçuş ləğv edilib.

“İki sahil” xəbər verir ki, bu barədə "Pegasus" aviaşirkətinin açıqlamasında bildirilir.

Qeyd olunub ki, İstanbulun Sabiha Gökçen Hava Limanından planlaşdırılan 46 daxili və xarici uçuş hava şəraitinə görə ləğv edilib.

Bununla da İstanbuldan yanvarın 12-si həyata keçirilməsi planlaşdırılan, ancaq ləğv olunan uçuşların sayı 124-ə yüksəlib.

Daha əvvəl Türk Hava Yolları (THY) İstanbul Hava Limanından planlaşdırılan 54, "AJet" aviaşirkəti isə Sabiha Gökçen Hava Limanından reallaşdırılması nəzərdə tutulan 24 uçuşun ləğv edildiyi barədə məlumat yaymışdı.

Xatırladaq ki, İstanbulda qeyri-sabit hava şəraiti səbəbindən məktəblərdə yanvarın 12-si tətil elan edilib.

***

Yanvarın 12-sinə gözlənilən əlverişsiz hava şəraiti səbəbindən İstanbul hava limanında nəzərdə tutulan 54 uçuş (qalxış və eniş) təxirə salınıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Türk Hava Yolları” (THY) aviaşirkətinin media müşaviri Yahya Üstün məlumat verib.

Onun sözlərinə görə, bu qərarın Türkiyənin Meteoroloji Fövqəladə Hallar Komitəsi (MADKOM) tərəfindən qəbul edildiyi, uçuşlarla bağlı ən son məlumatın THY-nin rəsmi səhifəsində yayımlanacağı bildirilib.

Qeyd edək ki, sabaha gözlənilən güclü qar yağışı səbəbindən İstanbulda təhsil ocaqlarında da birgünlük ara verilib.