ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak Dəməşqdə Prezident Əhməd Əl Şaraa və xarici işlər naziri Əsəd Əl Şeybani ilə Hələbdəki vəziyyəti müzakirə edib.
“İki sahil” "CBS News"a istinadən xəbər verir ki, ABŞ ölkənin ərazi bütövlüyünün qorunması və vahid milli ordunun yaradılması üçün Suriya hökuməti ilə "Suriya Demokratik Qüvvələri" (SDQ) arasında dialoqa dəstək verməyə hazır olduğunu bildirib.
Barrakın sözlərinə görə, tərəflər həmçinin "Suriyada tarixi keçid" yolunda atılacaq növbəti addımlar barədə fikir mübadiləsi aparıblar.
"Prezident Donald Tramp hesab edir ki, hazırda Suriyanın yenilənməsi və milli birliyi üçün mühüm fürsət yaranıb. Biz bütün tərəfləri maksimum təmkin nümayiş etdirməyə və dərhal hərbi əməliyyatları dayandırmağa çağırırıq", – Barrakın bəyanatında qeyd olunub.
SDQ 2025-ci ilin martında Suriya rəhbərliyi ilə yeni hökumətə inteqrasiya olunmaq barədə saziş imzalamışdı.
Barrak vurğulayıb ki, bu 2025-ci ilin martında bağlanmış saziş SDQ qüvvələrinin milli institutlara daxil olması üçün əsas yaradır, eləcə də Suriyanın birliyini və suverenliyini möhkəmləndirir, lakin Hələbdəki hadisələr bu razılaşmaları təhlükə altına qoyur.
"Dövlət katibi Marko Rubionun komandası Suriya hökuməti ilə SDQ arasında konstruktiv əməkdaşlığa dəstək verməyə hazırdır. Bu əməkdaşlıq Suriyanın birliyinə hörmət edən, vahid suveren dövlət prinsipini qoruyan və qanuni vahid milli ordunun yaradılması məqsədini dəstəkləyən inklüziv və məsuliyyətli inteqrasiya prosesini irəlilətməlidir", – bəyanatda qeyd olunub.