31 dekabr 2025 00:36
90

Dünya azərbaycanlılarının ilk lideri

Yüz il əvvəl bolşevizmin əsarət və işğalçı ideyalarını qəbul etməyən yüzlərlə dövlət və ictimai xadimimiz, ziyalılarımız repressiyalardan xilas olmaq üçün xarici ölkələrə mühacirətə getdilər. Ancaq bolşeviklərin əks-kəşfiyyatı axtarıb mühacirlərin çoxunu tapdı və terrorla aradan götürdü. Vətəndən didərgin salınmışlar arasında Məmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Əli Hüseynzadə, Əhməd bəy Ağayev və bir çox başqaları vardı.  Dünya ölkələrinə səpələnmiş həmvətənlərimiz bolşevik xofundan diaspor təşkilatları yaratmağa cürət etmədilər. Çünki Sovet Azərbaycanı onların arxasında nəinki durur, hətta tapıb ağır cəzalandırırdı. Bir sözlə, həmvətənlərimiz Sovet dövlətinə inamı itirmişdilər.

Nəhayət, 1991-ci ildə ölkəmiz öz müstəqilliyini yenidən bərpa etdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev varlığı bilinməyən diaspor təşilatlarının işini canlandırmaq üçün səfər etdiyi ölkələrdə azərbaycanlılarla görüşüb onları birləşməyə çağırdı. Müstəqil Azərbaycanın onlarıın arxasında durduğunu bildirdi. Həmin səfərlərdən sonra diaspor işi xeyli dirçəldi, xaricdə yaşayanlarda əminlik yarandı ki, Azərbaycan hamımızın Vətənidir və burada onlar təqib olunmayacaqlar. Əksinə, qayıdıb öz vətənlərində yaşaya, ya da yaşadıqları ölkələrdə Vətənin mənafelərini qoruya bilərlər. Ulu Öndərin bu sözləri həmvətənlərimizdə inam yaratdı. Onlar yaşadıqları ölkələrdə Azırbaycanın haqq işini müdafiəyə qalxdılar. Bu, əlbəttə, gücümüzə güc qatdı. Qeyd etmək lazımdır ki, diaspor işində fərqlənən fəallar Azərbaycanın orden və medalları ilə təltif edildilər, fəxri adlara layiq görüldülər. Bəziləri isə diplomatik vəzifələrə irəli çəkildilər. Yəni, həmvətənlərimiz gördülər ki, Azərbaycan dövləti onların yanındadır.

2002-ci il iyulun 5-də Ulu Öndər Heydər Əliyev «Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında» Fərman imzaladı. Fərman Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyyət kəsb edən mühüm tarixi sənəd oldu. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması bu sahədə olan problemlərin aradan qaldırılması istiqamətində əhəmiyyətli addımlar atmağa və Azərbaycan diasporunun fəaliyyətini milli maraqlarımızın gerçəkləşdirilməsi istiqamətində mərkəzləşdirməyə imkan verdi. Ümummilli Lider Heydər Əliyevin diasporla işi daha da inkişaf etdirmək ideyası gələcək fəaliyyət istiqamətini müəyyənləşdirdi. Ötən dövrün ən mühüm hadisələrindən biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması oldu.

Bu gün qloballaşan dünyamızın reallıqları diaspor quruculuğu sahəsində Azərbaycanın qarşısında yeni vəzifələr qoymaqdadır. Xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri, diaspor və lobbi təşkilatlarının beynəlxalq siyasətdə artan rolu bu sahədə daha genişmiqyaslı fəaliyyət göstərilməsini tarixi zərurətə çevirmişdi. Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması da, məhz bu zərurətdən irəli gəlmişdi. Komitə yarandığı gündən başlayaraq dağınıq formada fəaliyyət göstərən təşkilatları sıx əlaqələndirdi. Nəticədə ortaya güclü bir diaspor təşkilatı çıxdı. Diaspor üzvləri Ermənistanın işğalçılıq siyasətinə və cinayətkar hərəkətlərinə, bəzi beynəlxalq qurumların Azərbaycan barədə qərəzli qərarlarına və ikili standartlarına qarşı çıxaraq təcavüzkarın dayandırılmasını, ədalətin bərpa olunmasını tələb etdilər. Belə aksiyalar ABŞ-da, Rusiyada, İranda, İngiltərədə və s. ölkələrdə gur izdihamlarla keçirildi. Artıq xeyli güclənmiş Azərbaycan diaspor təşkilatları qardaş Türkiyənin diaspor təşkilatlarına da öz kömək əlini uzadır, aksiyalarda bir-birlərinin yanında olurdular. Belə birlik təşkilatların təsir gücünü daha artırdı.

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Bu münasibətlə keçirilən tədbirdə dünyanın hər yerindən nümayəndələr ənənəyə uyğun olaraq Bakıya-Vətənə bayram tədbirində iştirak etməyə gəliblər.

Həmvətənlərimiz öz vətənlərinə xoş gəliblər, bayramımız mübarək!

Vəli İlyasov, “İki sahil”