30 dekabr 2025 23:16
104

Uğurlu dövlət siyasətinin məntiqi nəticəsi

2025-ci ilin idman yekunlarına həsr olunmuş və Bakıda keçirilən rəsmi mərasim Azərbaycanın idman sahəsində əldə etdiyi nəticələrin ümumiləşdirildiyi və gələcək strategiyanın müəyyənləşdirildiyi mühüm ictimai-siyasi hadisə kimi diqqət çəkdi. Bu mərasimdə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər bir daha nümayiş etdirdi ki, ölkədə idmanın inkişafı təsadüfi proses deyil, düşünülmüş, ardıcıl və uzunmüddətli dövlət siyasətinin nəticəsidir. Dövlət başçısının çıxışı idmana yalnız yarış və medallar prizmasından deyil, milli gücün, sosial sabitliyin və beynəlxalq nüfuzun vacib elementi kimi yanaşıldığını aydın şəkildə ortaya qoydu.

Müasir beynəlxalq münasibətlər sistemində idman dövlətlərin öz potensialını nümayiş etdirdiyi çoxşaxəli platformaya çevrilib. Azərbaycan bu reallığı vaxtında dəyərləndirərək idmanı ümumi inkişaf modelinin ayrılmaz hissəsinə çevirib. 2025-ci ilin nəticələri bu yanaşmanın səmərəliliyini açıq şəkildə təsdiqləyir. İl ərzində beynəlxalq yarışlarda 2000-dən çox medalın, o cümlədən yüzlərlə qızıl medalın qazanılması ölkədə formalaşdırılmış güclü idman sisteminin real göstəricisidir. Əldə olunan uğurlar ayrı-ayrı fərdi nailiyyətlərdən daha çox, bütöv və funksional mexanizmin nəticəsi kimi qiymətləndirilir.

Bu nailiyyətlərin arxasında dayanan əsas amillərdən biri idman sahəsində düzgün idarəetmə və koordinasiyalı fəaliyyət modelidir. Federasiyalar arasında əlaqələrin gücləndirilməsi, qərar qəbuletmə proseslərinin optimallaşdırılması və elmi-metodik əsaslara söykənən hazırlıq proqramları idmançıların beynəlxalq arenada daha sabit və inamlı çıxış etməsinə imkan yaradıb. Psixoloji hazırlıq, tibbi nəzarət və müasir məşq metodlarının tətbiqi uğurun artıq sistemli xarakter daşımasını təmin edib.

İdman infrastrukturunun inkişafı da bu strategiyanın əsas dayaqlarından biridir. Son illər ərzində ölkədə idman infrastrukturu faktiki olaraq yenidən qurulub və bu gün beynəlxalq standartlara cavab verən geniş şəbəkə formalaşıb. Regionlarda Olimpiya İdman Komplekslərinin sayının 46-ya çatması idmanın yalnız paytaxtda deyil, bütün ölkə üzrə əlçatan olduğunu göstərir. Bu obyektlər gənclərin idmana cəlb olunmasına, sağlam həyat tərzinin təşviqinə və regionların sosial həyatının canlanmasına mühüm töhfə verir. Eyni zamanda, yerli istedadların üzə çıxarılması və peşəkar idmana inteqrasiyası üçün real imkanlar yaranır.

Dövlət siyasətinin mərkəzində insan kapitalının gücləndirilməsi dayanır. Prezident İlham Əliyevin çıxışında vurğulandığı kimi, sağlam və fiziki cəhətdən möhkəm gənclik olmadan nə idman uğurları, nə də davamlı inkişaf mümkündür. Gənclərin idmana cəlb olunması yalnız fiziki hazırlıq məqsədi daşımır, eyni zamanda intizam, məsuliyyət, kollektiv düşüncə və vətənpərvərlik kimi dəyərlərin formalaşmasına xidmət edir. Bu baxımdan idman gənclər siyasətinin ən təsirli vasitələrindən biri kimi çıxış edir.

Azərbaycan idmanının fərqləndirici cəhətlərindən biri də milli-mənəvi dəyərlərlə vəhdət təşkil etməsidir. İdmançılar beynəlxalq arenalara çıxarkən artıq təkcə şəxsi uğurlarını deyil, ölkənin dövlətçilik mövqeyini və milli ruhunu təmsil edirlər. Xüsusilə son illərdə əldə edilmiş tarixi Qələbə bu məsuliyyəti daha da artırıb. Bu amil idmançıların mübarizə əzmini gücləndirməklə yanaşı, cəmiyyətdə birlik və həmrəylik hissini möhkəmləndirir.

2025-ci ildə Azərbaycanın ev sahibliyi etdiyi nüfuzlu beynəlxalq idman tədbirləri ölkənin artan qlobal mövqeyinin bariz nümunəsidir. III MDB Oyunlarının bir neçə şəhərdə, o cümlədən Gəncə və Xankəndidə yüksək səviyyədə təşkili ölkənin geniş təşkilati imkanlarını nümayiş etdirdi. Eyni zamanda, Bakıda ilk dəfə keçirilən UFC beynəlxalq turniri Azərbaycanın dünya idman xəritəsində möhkəm yer tutduğunu təsdiqlədi. Formula 1 Azərbaycan Qran-Prisi isə idmanın turizm və iqtisadiyyatla necə sıx bağlı olduğunu bir daha sübut etdi. Bu yarışlar ölkənin beynəlxalq tanıdılmasına, turizm axınının artmasına və xidmət sektorunun genişlənməsinə mühüm təsir göstərdi.

Qış idmanlarının inkişafı da yeni mərhələyə qədəm qoyur. Şahdağ Xizək Kurortunda Dünya Kubokunun keçirilməsi regionun sosial-iqtisadi inkişafına təkan verən mühüm addım kimi qiymətləndirilir. Yeni trasların salınması, infrastrukturun genişlənməsi və turizm imkanlarının artması idmanın regional transformasiya vasitəsinə çevrildiyini göstərir.

Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsi isə Azərbaycanda idman sahəsində görülən işlərə beynəlxalq səviyyədə verilən yüksək qiymətin göstəricisidir. Bu status ölkənin üzərinə düşən məsuliyyəti daha da artırmaqla yanaşı, mövcud strategiyanın düzgünlüyünü təsdiqləyir.

Nəticə etibarilə, 2025-ci ilin idman yekunları göstərir ki, idman Azərbaycanda sosial siyasətin, gənclər strategiyasının, beynəlxalq təqdimatın və iqtisadi inkişafın mühüm tərkib hissəsinə çevrilib. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasi iradə və ardıcıl dövlət dəstəyi sayəsində idman milli potensialın gücləndirilməsində aparıcı rol oynamaqda davam edir və qarşıdakı illərdə də Azərbaycanı beynəlxalq arenalarda yeni zirvələrə daşımaq gücünə malikdir.

Namiq Əhmədov,
YAP Xəzər rayon təşkilatının sədri