30 dekabr 2025 13:15
94

Gələn ilin əvvəlində “Vəkil evi”nin açılış mərasiminin keçirilməsi planlaşdırılır

Cari ildə sayca 4-cü Regional Vəkil Bürosu olan Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasının açılışı olub. Büro Vəkillər Kollegiyasının tam maddi vəsaiti hesabına müasir standartlara uyğun şəkildə yenilənib və zəruri texniki avadanlıqlarla təmin edilib. Lənkəran şəhərində də vəkillər üçün yeni inzibati binaların tikintisi istiqamətində mühüm layihələr icra olunmaqdadır. Bu layihələr regionlarda infrastrukturun yenilənməsi və vəkillik fəaliyyətinin müasir şəraitdə həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

“İki sahil” xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırovun “Peşəkar hüquq müdafiəçiləri hər zaman vətəndaşlarımızın xidmətindədirlər” adlı məqaləsində qeyd olunub.

Məqalədə bildirilib ki, hazırda Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsində yerləşən Vəkillər Kollegiyasının yeni inzibati binasında – “Vəkil evi”ndə kollegiyanın vəsaiti ilə tikinti və əsaslı təmir işləri uğurla davam etdirilir. Ən müasir tələblərə uyğun inşa olunan bu bina vəkilliyin institusional inkişafına, həmçinin kollegiyanın fəaliyyətinin daha yüksək səviyyədə təşkili üçün mühüm baza rolunu oynayacaq. Tikinti və təmir işlərinin 2026-cı ilin əvvəlində yekunlaşdırılması və “Vəkil evi”nin təntənəli açılış mərasiminin keçirilməsi planlaşdırılır.

“Hazırda ölkə üzrə ümumilikdə 144 vəkil qurumu fəaliyyət göstərir. Bu qurumlar paytaxtla yanaşı, regionları da əhatə edir və vətəndaşlara göstərilən hüquqi yardımın daha əlçatan və operativ olmasına xidmət edir. Bu göstərici son illərdə vəkillik institutunun inkişafı istiqamətində həyata keçirilən islahatların və sistemli tədbirlərin bariz nəticəsidir. Regionlarda yeni Vəkil bürolarının yaradılması, infrastrukturun gücləndirilməsi, habelə vəkillərin sayının artması və peşəkarlıq səviyyəsinin yüksəlməsi hüquqi yardım sisteminin keyfiyyətini əhəmiyyətli dərəcədə artırıb”, - deyə məqalədə vurğulanıb.