Dünya azərbaycanlılarının tarixi taleyi, milli kimliyi və mənəvi bağlılığı onları zaman və məkan anlayışından asılı olmayaraq vahid bir amal ətrafında birləşdirib. Müstəqil Azərbaycanın formalaşması və güclənməsi prosesində bu birliyin təşkili, qorunması və möhkəmləndirilməsi xüsusi əhəmiyyət kəsb edib. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində olan Ümummilli Lider Heydər Əliyev dünya azərbaycanlılarının birliyini nəzərə alaraq dekabrın son gününü Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib.
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın müxtəlif ölkələrində yaşayan bütün həmvətənlərimizin ortaq milli dəyərinə çevrilmişdir. Dünya azərbaycanlılarının birliyi və təşkilatlanmasını milli prioritet kimi müəyyən edən Ulu Öndər bu əlamətdar günü təsis etməklə xalqın ideoloji və mənəvi həmrəyliyinin möhkəmlənməsinə nail olmuşdur. Bu strateji xətt bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir. Dövlət başçısı xarici səfərləri zamanı mütəmadi olaraq diaspor nümayəndələri ilə görüşür, onların problemləri ilə yaxından maraqlanır, tövsiyələrini bölüşür və qarşılıqlı fikir mübadiləsi aparır. Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, mürəkkəb qlobal proseslər fonunda diaspora ilə əlaqələrin gücləndirilməsi Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu yanaşma onun Fransa, Rusiya, Türkiyə, ABŞ, Almaniya, Böyük Britaniya və digər ölkələrə səfərləri zamanı da prioritet mövzulardan biri olmuşdur.
Deputat diqqətə çatdırıb ki, dünya azərbaycanlıları yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi, milli maraqlarımızın müdafiəsi üçün ardıcıl və fədakar fəaliyyət göstərirlər. İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının sarsılmaz birliyini, hər zaman Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bütün dünyaya bir daha nümayiş etdirdi. Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə pozulmuş ərazi bütövlüyümüzü bərpa etdi, xalqımızın uzun illər davam edən doğma yurd, el-oba və torpaq həsrətinə son qoydu. Məhz milli həmrəyliyimiz, dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyon azərbaycanlının üçrəngli, ay-ulduzlu bayraq ətrafında vahid amal uğrunda birləşməsi döyüş ruhumuzu, qələbə əzmimizi daha da gücləndirdi. Dövlətimizin diaspor siyasəti, həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoyub. Dünya azərbaycanlılarının V qurultayı - Zəfər qurultayı Şuşada keçirildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonağın qatıldığı qurultaydakı nitqində deyib: “Buraya gələrkən 2001-ci ildə keçirilmiş ilk qurultayı xatırlayırdım. Bildiyiniz kimi, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk qurultay 2001-ci ildə keçirilmişdir. Ulu Öndər dərin məzmunlu çıxışında, eyni zamanda, təbii ki, Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmişdir və demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır. Biz - Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik və V qurultaya hazırlıq işləri başlayarkən mənə məruzə edildi və mən dedim ki, bu qurultay mütləq Şuşada keçirilməlidir. Əminəm ki, qurultay iştirakçıları da buna çox müsbət yanaşıblar və böyük həvəslə Şuşaya, qədim Şuşaya, bizim mədəniyyətimizin paytaxtı olan Şuşaya gəlmişlər. Şuşa da öz doğmalarını bax, belə günəşli hava ilə qarşılayır və bu, bir daha onu göstərir ki, bura bizim tarixi torpağımızdır. Hətta təbiət, günəş də bizimlə həmrəydir”.
K.Bayramov vurğulayıb ki, bu tarixi Zəfərin arxasında dayanan əsas amillərdən biri xalq-ordu-lider birliyinin sarsılmazlığı oldu. Məhz bu möhkəm həmrəylik, ümummilli iradə və ortaq amal Azərbaycanı Qələbəyə aparan başlıca gücə çevrildi. Prezident İlham Əliyev 2020-ci il noyabrın 8-də xalqa müraciətində də bu reallığı xüsusi vurğulayaraq, əldə olunan Zəfərin məhz milli birliyimizin təntənəsi olduğunu bütün dünyaya bəyan etdi.
K.Bayramov əlavə edib ki, bu əlamətdar gün dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın tarixi Vətənlə mənəvi bağlarını möhkəmləndirir, milli-mənəvi dəyərlərimizin qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir. Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının ortaq dəyərlər və ümumi məqsədlər ətrafında birləşməsi dövlətimizin gücünü artırır, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə daha dolğun şəkildə tanıdılmasına mühüm töhfə verir. Dünya Azərbaycanlılarının həmrəyliyi bu gün də, gələcəkdə də xalqımızın birliyinin və milli varlığının ən möhkəm dayaqlarından biri olaraq qalacaq.