30 dekabr 2025 01:25
62

907-ci düzəlişin tam ləğvinə doğru

1992-ci ildə ABŞ Konqresi rəsmi Bakının Ermənistana "blokada" tətbiq etməsini bəhanə gətirərək ölkəmizə dövlət yardımının göstərilməsinə qadağa qoyan qanun (“Azadlığı Müdafiə Aktı”na əlavə edilmiş 907-ci düzəliş) qəbul etmişdi. Halbuki o zaman Ermənistan Azərbaycan torpaqlarının bir hissəsini işğal etmiş, Qərbi Azərbaycandan və Qarabağ ərazisindən yüz minlərlə azərbaycanlı vəhşicəsinə qovulmuş və ölkəmiz böyük bir qaçqın və məcburi köçkün axını ilə üzbəüz qalmışdı. ABŞ-da baş verən 11 sentyabr 2001-ci il terror hadisələri ilə əlaqədar  907-ci düzəliş hər il müvəqqəti dayandırılsa da, Bayden-Blinken administrasiyası erməni lobbisinin təşəbbüsü ilə bu ədalətsiz qərarı yenidən qüvvəyə mindirərək, ölkəmizə  qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışmışdı. Bu il Prezident İlham Əliyev ilə onun  amerikalı həmkarı Donald Tramp arasında qurulmuş uğurlu əməkdaşlıq sayəsində bu düzəliş müvəqqəti dondurulub.

Amma siyasətçilərin fikrincə, müvəqqəti qərarlar strateji baxımdan o qədər də yetərli deyil. Bunu nəzərə alan Nümayəndələr Palatasının üzvü, bu kimi təşəbbüsləri ilə tanınan Luna Anna Paulina Azərbaycana yardımla bağlı məhdudiyyətlərin birdəfəlik ləğvini nəzərdə tutan qanun layihəsi hazırlayaraq bu ayın əvvəlində, dekabrın 9-da onu ABŞ Konqresinə təqdim etmişdi. Bu da artıq ABŞ-dakı siyasi və ekspert dairələrin Qarabağ həqiqətlərini  daha aydın başa düşməyə başlamalarından xəbər verir. 

Luna Anna Paulina fikrini əsaslandıraraq bildirib ki, Azərbaycan müstəqillik qazandığı gündən bu yana ABŞ və onun tərəfdaşları üçün müttəfiq olaraq qalıb. Konqresmenin fikrincə, mövcud məhdudiyyətlər müəyyən mənada iki ölkə arasındakı indiki tərəfdaşlıq münasibətlərinə maneə yaradır. Odur ki, Azərbaycana hərbi və maliyyə yardımını məhdudlaşdıran  ermənipərəst millətçi lobbisinin təsiri altında qəbul edilmiş 907-ci düzəlişin saxlanmasının heç bir əsası yoxdur və onun tam şəkildə ləğvi zəruridir.

Artıq ABŞ Konqresinin veb-saytında Luna Anna Paulinanın həmin qanun layihəsinin mətni də yerləşdirilib. Şübhəsiz, bu, olduqca önəmlidir. Bunu həmin düzəlişin ləğvi istiqamətində hüquqi xarakterli ilk prosedur addım,  ədalətsizliyin ABŞ Konqresi səviyyəsində ilk dəfə  açıq şəkildə etiraf kimi də dəyərləndirmək olar.  Onu da qeyd edək ki, bu, həm də tarixis Zəfəri ilə bölgədə yeni reallıqlar yaradan rəsmi Bakının regionda davamlı sülhə yönəlmiş konstruktiv və məsuliyyətli siyasətini əks etdirir. Qanun layihəsinin nə vaxt müzakirəyə çıxarılacağı hələ ki məlum deyil. Amma onun Senatda dəstək alıb-almayacağı hazırda bütün soydaşlarımızın diqqət mərkəzindədir. Görəsən, Konqres Ermənistan–Azərbaycan nizamlanmasının hazırkı mərhələsini, iki ölkə arasında münasibətlərin inkişaf tempini, Cənubi Qafqazda sülh gündəliyinin perspektivlərini düzgün, obyektiv qiymətləndirərək 907-ci düzəlişin tamamilə ləğvinə xitam verəcəkmi? Xatırladaq ki, ABŞ qanunvericiliyinə görə, düzəliş yalnız onu qəbul edən orqan - Konqres tərəfindən ləğv edilə bilər.

Siyasətçilərin fikrincə, bu gün rəsmi Vaşinqton Cənubi Qafqazda təsirini genişləndirməkdə çox maraqlıdır. Buna görə də bu ölkə bölgədə söz sahibi olan Azərbaycana daha çox yaxınlaşmağa çalışır. Məhz bu və digər  səbəblər 907-ci düzəlişin tam ləğv ediləcəyinə ümidləri artırır.

Qvami Məhəbbətoğlu, “İki sahil”