30 dekabr 2025 00:57
94

Dünya miqyasında bənzərsiz nümunə - Böyük Qayıdış

Bu gün işğaldan azad edilmiş ərazilərdə şəhərlərin və kəndlərin bərpası sürətlə davam etdirilir. Nəhəng vəsait və qüvvə tələb edən bu işləri Azərbaycan öz imkanları hesabına həyata keçirir. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir.

Qarabağ və Şərqi Zəngəzurun bərpası və Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində genişmiqyaslı tədbirlər görülür. Bu ərazilərdə həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, sosial obyektlərin açılışı və əhalinin doğma torpaqlarına qayıdışı ölkənin daxili resursları hesabına uğurla icra olunur.  Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Proqramı çərçivəsində həyata keçirilən köçürülmə prosesi bu il ərzində ardıcıl və planlı şəkildə reallaşdırılıb. Köçürülmə aparılan yaşayış məntəqələri Cəbrayıl, Şuşa, Xocalı, Laçın, Füzuli, Kəlbəcər və Ağdam şəhərləri; Cəbrayıl rayonunun Horovlu kəndi; Ağdam rayonunun Sarıcalı, Kəngərli və Xıdırlı kəndləri; Xocalı rayonunun Ballıca, Xanyurdu, Təzəbinə, Seyidbəyli, Badara, Şuşakənd və Daşbulaq kəndləri; Ağdərə rayonunun Həsənriz, Suqovuşan, Kolatağ və Vəngli kəndləri; Laçın rayonunun Bəylik, Zabuğ kəndləri, Xocavənd rayonunun Sos kəndi, Qırmızı Bazar və Hadrut qəsəbələri; Zəngilan rayonunun Ağalı və Məmmədbəyli kəndləri olub. Eyni zamanda köçürülmə prosesi Xankəndi şəhərinin Kərkicahan qəsəbəsini də əhatə edib.

Ötən beş il ərzində Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilər üzrə 500-dən tədbirdə iştirak edib, müxtəlif təyinatlı 177 layihənin təməlini qoyub, 167 obyektin və infrastruktur layihəsinin açılışını edib. Böyük Qayıdışın inteqrasiyalı yanaşma ilə təmin olunmasının real nəticələr verdiyi və artıq “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı”nın, 8 şəhərin Baş planının, 3 şəhərin isə Müfəssəl planının təsdiqləndiyi, Xankəndi, Xocalı, Ağdərə və Xocavənd şəhərlərinin Baş planlarının işlənmə mərhələsində olduğu da rəsmən bildirilir.

 Prezidenti İlham Əliyevin dekabrın 23-də Ağdam şəhərində “Hilton Garden Inn Agdam” hotelinin açılışında iştirak etməai bunun əyani təsdiqidir. Ümumi ərazisi 2 hektardan çox olan mehmanxana 2, 6 və 7 mərtəbəli olmaqla, 3 blokdan ibarətdir. 287 yerlik hotel binasında müxtəlif siniflərə aid ümumilikdə 127 otaq var. Burada, həmçinin restoran, ictimai-iaşə zonası, iclas, tədbir və ziyafət zalları, qapalı hovuz, idman zalı yaradılıb. Hotelin ərazisində də geniş abadlıq işləri görülüb. Burada 120 nəfər daimi işlə təmin olunub. Yeni hotel Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi, Ağdam Muğam Mərkəzi, Ağdam Sənaye Parkı və digər sosial infrastruktur obyektlərinin yaxınlığında yerləşir.

Prezident Administrasiyasının və işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Zəngilan şəhərində Qərargahın 5 illik fəaliyyətinə həsr olunmuş iclasda bildirilib ki, Qarabağda və Şərqi Zəngəzurda aidiyyəti dövlət qurumları və yerli şirkətlər tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində 240 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib, 3 beynəlxalq hava limanı istifadəyə verilib, tikintisi nəzərdə tutulmuş ümumi uzunluğu 3501,6 kilometr olan avtomobil yolları üzrə 60 layihədən 16-sı tam, 1-i isə qismən icra edilib. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı baş tutub. Avtomobil yolları üzərində 28 tuneldə qazma işləri, 392 körpü və 9 viadukun tikintisi artıq başa çatıb. Dəmir yollarının tikintisi ilə bağlı 49 körpünün tikintisi planlaşdırılıb, onlardan 42 körpünün inşası başa çatıb, 3 körpü istismara verilib. Qarabağda və Şərqi Zəngəzurda 38 su elektrik stansiyası, 4 su anbarı, 14 elektrik yarımstansiyası istismara buraxılıb, 6 magistral qaz xətti, 1000 kilometrdən artıq yüksəkgərginlikli elektrik verilişi xətləri çəkilib, 8 şəhərə, 20 kəndə və 1 qəsəbəyə qazın verilməsi təmin olunub. Bölgədə 1 xəstəxana, 19 ümumi, 7 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. Bundan əlavə, Xankəndi şəhərində Qarabağ Universiteti fəaliyyətə başlayıb.

Bu gün Zəngilan rayonunda aparılan yenidənqurma işləri uğurla davam edir. Ağalı kəndində sakinlər öz həyatlarına davam edir, məktəbdə dərslər keçilir. Zəngilan Konqres Mərkəzi Kompleksinin açılışı olub. Oxçuçayın rayon ərazisindən keçən hissəsində tikilmiş “Cahangirbəyli” Su Elektrik Stansiyası istismara verilib. Heydər Əliyev Fondu tərəfindən Zəngilan şəhər məscidi inşa edilib. Kənd meydanında Dövlət Xidmətləri Mərkəzi yaradılıb. Zəngilanın bərpası və yenidən qurulması işləri sürətlə davam edir. İlk pilot layihə Ağalı kəndində icra olunub. Burada 200 ev salınıb, məktəb, bağça, tibb məntəqəsi, “ASAN”, “DOST” xidmətləri və kiçik-orta biznes infrastrukturu yaradılıb. 2022-ci ilin may ayında ilk sakinlər doğma torpaqlarına qayıdıb, Böyük Qayıdış layihəsi çərçivəsində 175 ailənin- 871 nəfərin məskunlaşması təmin olunub. Ötən il mayın 18-də Ağalı kəndində, Həkəri çayı sahilində yerləşən “Ağalı” hoteli istifadəyə verilib. “Dost Aqropark” layihəsi isə bölgədə kənd təsərrüfatını canlandırır, 500 nəfərin işlə təmin olunmasına imkan yaradıb.

Böyük qürur və sevinc hissi ilə demək olar ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış uğurla davam edir. Bütün bunlar Qarabağın və Şərqi Zəngəzurun tezliklə Azərbaycanın çiçəklənən diyarına çevriləcəyini bir daha təsdiq edir.

Zahid Rza, “İki sahil”