30 dekabr 2025 00:35
96

Qış turizmi yeni inkişaf mərhələsində

“Şahdağ” Turizm Mərkəzi 2026-cı ilin qış mövsümündə “Şahdağ”ın Dağ Xizəyi üzrə Azərbaycan Çempionatına, Xizək Alpinizmi üzrə Avropa Çempionatına və Dünya Kubokuna, eləcə də “Mogul” üzrə Dünya Kubokunun final mərhələsinə ev sahibliyi edəcək

Son illər həyata keçirilən sosial-iqtisadi layihələr, regionları əhatə edən Dövlət proqramları hər sahədə olduğu kimi, turizm sektorunda da sürətli inkişafa səbəb olub. Ölkəmizdə yüzlərlə turizm şirkətinin fəaliyyəti, turizm marşrutlarının yaradılması, yeni otellərin istifadəyə verilməsi, eləcə də peşəkar kadrların hazırlanmasına diqqətin artırılması və s. Azərbaycanı turizm ölkəsi kimi tanıdıb. Ümumilikdə, ölkəmizdə turizmin inkişafı ilə bağlı böyük addımlar atılıb, layihələr həyata keçirilib. Həmçinin Azərbaycanın müxtəlif ərazilərində dünya standartlarına uyğun otellər, əyləncə mərkəzləri və istirahət zonaları yaradılıb. Müxtəlif görkəmdə və xidmətdə olan otellərin inşası gələn qonaqların yüksək səviyyədə təminatına əsas verir. Xaçmaz, Qəbələ, İsmayıllı, Şamaxı, Quba və Masallı kimi istirahət zonalarında istirahət edənlərin sayının artması Azərbaycan turizminə olan diqqətin göstəricisidir.

Məlum olduğu kimi, ölkəmizdə yay turizmi ilə yanaşı, qış turizm bazasının yaradılması, mövsümlük anlayışını aradan qaldırmaqla, davamlı turizmə nail olmağa şərait yaradıb. Azərbaycanda qış turizminin əsas mərkəzləri Qusar (Şahdağ), Qəbələ (Tufandağ) və Naxçıvanın dağlıq əraziləridir. Bu bölgələr həm təmiz dağ havası, həm də müasir infrastrukturla diqqət çəkir. Xüsusilə “Şahdağ” Qafqazın ən böyük qış turizm mərkəzlərindən biri hesab olunur. Burada yeni başlayanlar üçün yüngül traslar, peşəkar xizəkçilər üçün isə daha çətin enişlər mövcuddur. Azərbaycanın qış turizminin üstünlüklərindən biri də məsafələrin qısa olmasıdır - həm istirahət, həm də aktiv idman üçün uzağa getməyə ehtiyac qalmır. Üstəlik, milli mətbəxin isti yeməkləri, insanların qonaqpərvərliyi və bölgələrin sakit atmosferi bu təcrübəni daha da cazibədar edir.

2012-ci ildə istifadəyə verilən "Şahdağ" Turizm Mərkəzi Böyük Qafqaz dağ silsiləsinin ətəyində, toxunulmayan ekoloji sistemi və zəngin flora və fauna ilə tanınan Şahdağ Milli Parkının yaxınlığında yerləşir. Bu Mərkəz Azərbaycanın tarixində ən müasir avadanlıqları ilə təchiz edilmiş və ən yaxşı beynalxalq şirkətləri tərəfindən idarə edilən ilk dağ-xizək kurortudur. Burada 5 dəbdəbəli otel və ailəvi otel-evlər fəaliyyət göstərir. Kurortun yerləşdiyi ərazi 1,435 – 2,552 metr yüksəklik diapazonuna malikdir ki, bu da onu xizək həvəskarları üçün ideal qış meydançasına çevirir. Kompleks saatda 25,000 xizəkçi qəbul etmək gücündədir. 35,7 km uzunluğundakı 32 yamac, həm yeni başlayanlar, həm də peşəkar xizəkçilər üçün müxtəlif çətinlik səviyyələri ilə seçilir. 20 qaldırıcı lift isə yamaclara sürətli və asan çıxışı təmin edərək Qafqaz dağlarının heyrətamiz mənzərəsini izləmək imkanı yaradır.

Qeyd edək ki, son iki ildə “Şahdağ” təkcə istirahət mərkəzi kimi deyil, eyni zamanda, yerli və beynəlxalq səviyyəli idman yarışlarının keçirildiyi nüfuzlu məkan kimi diqqəti cəlb edir. Kompleksdə müxtəlif beynəlxalq idman tədbirlərinin keçirilməsi üçün 500 nəfərlik FİS (Beynəlxalq Xizək və Snoubord Federasiyası) stadionunun inşa edilib. Xüsusilə bildirək ki, “Şahdağ” Turizm Mərkəzi 2026-cı ilin qış mövsümündə “Şahdağ”ın Dağ Xizəyi üzrə Azərbaycan Çempionatına, Xizək Alpinizmi üzrə Avropa Çempionatına və Dünya Kubokuna, eləcə də “Mogul” üzrə Dünya Kubokunun final mərhələsinə ev sahibliyi edəcək.

Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanın bu barədə deyib: “Ölkəmizdə yüzlərlə idman, beynəlxalq idman yarışları keçirilmişdir və gələn il də yarışların keçirilməsi gözlənilir. Xüsusilə mən ölkəmizdə ilk dəfə olaraq keçiriləcək Xizək üzrə Dünya Kubokunu qeyd etmək istərdim. Çünki bu, ilk dəfə olaraq keçiriləcək tədbirdir və ilk ildən dünya kuboku səviyyəsində Qusarda, Şahdağ Xizək Kurortunda keçiriləcək. Bu da Azərbaycanı və Şahdağı beynəlxalq xizək idmanının cədvəlinə salmış olur”. Bunu böyük hadisə kimi qiymətləndirən dövlət başçısı əlavə edib ki, gələcəkdə yeni mərhələnin inkişafı ilə bağlı da məsələlərə baxılacaq: “Yaxın 1-2 ilə trasların uzunluğu 50 kilometri ötəcək, təqribən 55 kilometr olacaq. Gələcəkdə yeni mərhələnin inkişafı ilə bağlı da məsələlərə baxılacaq. Amma hazırda bu, bizim bölgəmizdə ən inkişaf etmiş xizək mərkəzidir və orada mövcud olan infrastruktur, hotellərin sayı və gələcək planlar, - indi özəl sektor tərəfindən oraya çox böyük maraq göstərilir,- bütövlükdə o bölgədə minlərlə iş yerinin yaradılmasına gətirib çıxarıb. Təkcə Şahdağ Xizək Mərkəzi bundan faydalanmır, bütün ətraf kəndlər, şəhərlər, orada işləyən, yaşayan insanların bir çoxu turizmin bu sektoruna da cəlb edilib. Yəni bizim çox gözəl dəniz istirahət zonalarımız, xizək zonalarımız var”.

Onu da qeyd edək ki, Azərbaycanın digər bölgələrində də qış turizminin inkişaf etdirilməsi üçün geniş imkanlar var. Hazırda bu sahədə qarşıda dayanan ən mühüm vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərdə qış turizm potensialının yaradılması və inkişaf etdirilməsidir. Mütəxəssislərin fikrincə, qış turizmi üçün ən əlverişli yer Kəlbəcər rayonu hesab olunur. Burada xizək marşrutları, kanat xətləri yaratmaq üçün əlverişli coğrafi şərait mövcuddur. Təbii irs nümunələrinin mövcudluğu burada qış turizm növlərinin yaradılmasını labüd edir. Bundan başqa, Laçında, Şuşada, Hadrutda, Tuğda, Azıx mağarası ətrafında olan ərazilər də qış turizmi üçün cəlbedici görünür. Yaxın gələcəkdə Qarabağın Azərbaycanın turizmində öz hegemonluğu ilə seçiləcəyi heç kimdə şübhə doğurmur. Hətta inamla söyləmək olar ki, Qarabağ regional əhəmiyyətli, daha sonra dünya əhəmiyyətli ekoturizm mərkəzinə çevriləcək.

Sevinc Azadi, “İki sahil”