29 dekabr 2025 12:10
119

Bakı – 2026-cı ildə “Dünyanın İdman Paytaxtı”dır

Bu günlərdə ölkə ictimaiyyəti, xüsusilə idmançılarımızın, idman mütəxəssislərimizin, bütövlükdə idmanı sevən hər kəsin diqqəti 26 dekabr 2025-ci il tarixində ilin idman yekunlarına həsr olunan idman mərasiminə yönəlmişdi. Ölkəmizin idman tarixində artıq ənənə halını almış bu tədbirdə həm il ərzində əldə olunan nailiyyətlər, qarşıya qoyulmuş hədəflər müzakirə olunur, eyni zamanda idmançılarımız, idman mütəxəssislərimiz mükafatlandırılırlar. Ümumiyyətlə, dünyada çoxəsrlik tarixə malik idman sahəsi öz həyəcanı ilə hər zaman sülh və dostluq rəmzi olaraq insanların qəlbində dərin iz buraxıb.

Müstəqilliyini əldə etdikdən sonra Azərbaycanda da idman sahəsi dövlət səviyyəsində, xüsusilə olimpiya hərəkatı çərçivəsində çətin və şərəfli inkişaf yolu keçib. Ölkəmizdə Milli Olimpiya Komitəsinin 1992-ci ildən fəaliyyət göstərməsinə baxmayaraq, yalnız 1997-ci ildən etibarən bu sahədə əhəmiyyətli inkişafa nail olundu. Belə ki, həmin il Azərbaycanda Milli Olimpiya Komitəsinin yenidən təşkil olunması, İlham Əliyevin yekdilliklə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Prezidenti seçilməsi Azərbaycanın idman siyasətinin və Olimpiya hərəkatının yeni müstəvidə müstəqil inkişafında mühüm rol oynadı. O zaman məhz İlham Əliyev idmanın və Olimpiya hərəkatının inkişafına yönəlik təşəbbüsləri ilə ölkənin beynəlxalq idman arenasında daha da tanınmasına və uğurlar əldə etməsinə əhəmiyyətli töhfələr verdi.

Ümumiyyətlə, Azərbaycan ilk dəfə 1998-ci ildə Yaponiyada keçirilən Qış Olimpiya oyunlarında təmsil olunsa da, 2000-ci ildə Avstraliyanın Sidney şəhərində keçirilən Olimpiya oyunları ölkəmizin idman tarixində ən böyük uğurlarından oldu. O zaman Ulu Öndər Heydər Əliyevin Sidney Olimpiya Oyunlarına Azərbaycan idmançılarını şəxsən yola salarkən göstərdiyi diqqət və dəstək, idmanın inkişafı üçün yeni bir dövrün başlanğıcını qoydu. Sidney Olimpiyadasında Azərbaycan idmançıları 2 qızıl, 1 bürünc medal qazandı. Azərbaycan komanda hesabına 199 ölkə arasında 34-cü, Avropa ölkələri arasında isə 23-cü oldu.

Ümummilli Liderin rəhbərliyi ilə dövlət idman siyasəti yeni bir mərhələyə yüksəldi, gənclərə vətənpərvərlik və sevgi hisslərini aşılanması ilə yanaşı, idmanın hərtərəfli inkişafına şərait yaradıldı.

Bu gün regionlarımızda fəaliyyət göstərən Olimpiya İdman komplekslərinin sayı artıq 46-ya çatıb. Şərgi Zəngəzur və Qarabağ İqtisadi Rayonları da daxil olmaqla bölgələrimizdə demək olar ki hər bir idman növünün inkişafı üçün zəruri infrastruktur yaradılır, xüsusilə idman tuzimi inkişaf etdirilir.

Azərbaycan bu günə qədər İlk Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Avropa Gənclər Olimpiya Festivalı, bu il keçirilən Üçüncü MDB Oyunları, Formula 1 Azərbaycan Qran Prisi kimi bir sıra beynəlxalq idman turnirlərinin keçirilməsi gənclərimizin idmanla məşğul olmağa həvəsini daha da artırıb. Bu yanaşma idmançılarımızın beynəlxalq arenada daha yüksək nəticələr əldə etməsinə və Azərbaycan idmanının beynəlxalq səviyyədə tanınmasına xüsusi təkan verdi.

2025-ci ildə idmançılarımız tərəfindən qazanılan medalların sayı rekord həddə çatdı. Beynəlxalq yarışlarda idmançılarımız tərəfindən idmanın müxtəlif sahələrində 2000-dən çox medal, təqribən 600-dən çox qızıl medal qazanılması ölkə başçısının birbaşa nəzarəti ilə aparılan dövlət idman siyasətinin verdiyi müsbət nəticələrin bariz nümunəsidir. Təsadüfi deyil ki, Bakı şəhəri 2026-cı ildə “Dünyanın İdman Paytaxtı” elan edilib.

Bu gün həm fiziki, həm də mənəvi olaraq sağlam, vətənpərvər Azərbaycan gəncliyinin yetişməsi idman sahəsi də daxil olmaqla, gələcəkdə bütün sahələrdə əldə olunan nailiyyətlərin əsasını təşkil edəcəkdir. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin 26 dekabr 2025-ci il tarixində ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı qeyd etdiyi kimi, “Gənclərin fiziki hazırlığı, mənəvi saflığı vəhdət təşkil etməlidir. Məhz o halda ölkə uğurla inkişaf edə bilər. İdmanın isə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində çox böyük önəmi var.”

İdmançılarımızın beynəlxalq yarışlarda Azərbaycanı təmsil edərkən əldə etdikləri qələbələr, Bayrağımızın qaldırılması və himnimizin səslənməsi gənc nəsil üçün nümunə olmaqla onların vətənpərvərlik hissini gücləndirir. Bu, öz növbəsində, Azərbaycanda yetişməkdə olan gənc nəslin idmana marağı, Vətənə və Azərbaycan Bayrağına olan məhəbbətinin artması üçün etibarlı zəmin yaradır.

Məzahir Əfəndiyev,

Milli Məclisin deputatı