29 dekabr 2025 11:33
120

Dünya Azərbaycanlıları üçün bir mənəvi Günəş var: Azərbaycan!

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev demişdi: “Dünya azərbaycanlı­la­rının həmrəyliyi gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübari­zəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir”. Bu fukirlər hər bir azərbaycanlının düşüncələrindədi, yaşantılarındadı. Azərbaycanı sevənlər üçün azərbaycançılıq günü tarixi gündür və bu günün ehtiramlaşması üçün 31 dekabr müəyyənləşdirilib. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə...

1989-cu il dekabrın 31-də xalqın mübarizlərinin bir hissəsi xalqın adından Naxçıvanda müstəqillik niyyətli həmrəylik hərəkatı keçirdi. Gülüstan müqaviləsi ilə ayrılıq çayına dönmüş Arazın sahilində sər­həd dirəkləri, ayrılığın, həsrətin, ikiyə bölünmənin dayaqları sarsıdıldı. Ordubaddan Şə­rura kimi sərhəd­də tikanlı məftillər söküldü, həmin gün o tay-bu tay düşüncəsi Arazın sularına qarışdı. Xalq bu ayrılığı milli-azadlıq hərəkatı ilə, mübarizəsi ilə diz çökdürdü.

Böyük tarixi şəxsiyyət Heydər Əliyevin azərbaycançılıq naminə təşəbbüsü milli-mənəvi dəyər­ləri də dövlətə, dövlətçiliyə sədaqət amilinə çevirdi, azərbaycançılıq ideologiyasını mənəvi kamilliyin şərti edən bir təşəbbüsü gerçəkləşdirdi, tarixləşdirdi. Dünya Azərbaycanlılarının Həm­rəy­lik Günü belə müəy­yən­ləşdirildi: 1989-cu ilin 31 dekabrı milli-azadlıq hə­rəkatının bir mərhələsi olmuşdu. rus imperiyasının tərkibində ilhaqda qaldığı illərdə aparılan gizlin-aşkar mübarizə qətiyyətlə, qəhrəmanlıqla davam et­miş­di, həmin gün Tarix yaratmışdı. 1991-ci il dekabrın 16-da Naxçıvan Ali Məc­li­sinin sədri olan Heydər Əli­yevin təşəbbüsü ilə dekabr ayının 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik günü müəyyənləş­di­ril­məsi haqqında qərar qəbul etdi. Bu qərar tarixi hadisəyə, bu hadisəni tarixə yazan xalqa ehtiramın təzahürü idi. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin dediyi bir kəlam indi bütün azərbaycanlıların ya­dın­dadır:  “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”.

Həmin gün Arazın o tayında da, bu tayında da yaşayan azərbaycanlıalr sərhədlərə üz tutmuşdu. Bu təşəbbüs, bu qətiyyət, bu cəsarət Azərbaycanı birləşdirmə, bütövləşdirmə niyyəti idi, on illərin mübarizəsinin mahiyyətinin tarixləşdirilməsi idi. Bu təşəbbüs böyük tarixi şəxsiyyət Heydər Əliyev dühası ilə daha böyük amal üçün tarixi hadisə oldu.  Ulu Öndərin təşəbbüsü ilə tarixləşmiş tarixi gün – 31 Dekabr xalqın birliyə sədaqətinin, sədaqətə sevgisinin günü oldu. Bu və ya digər səbəblərdən Azər­bay­candan kənarda yaşayanların ruhu Azərbaycandan iraq olmayıb. Onlar doğmalıqdan uzaqda yaşasa da Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təb­li­ğində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş et­dirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirir, Azərbay­canın, xalqımızın tarixini yazır və nəsillərdən-nəsillərə ötürürlər.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci il noyabrın 9-da Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Ulu Öndər çıxışında dedi: “Bu gün keçirilən Qurultay xaricdə yaşayan soydaşlarımızın daha da həmrəy olması, təşkilatlanması üçün yeni bir mərhələnin başlan­ğı­cı­dır.”.

Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möh­kəm­ləndirmək, milli-mənəvi dəyərlərimizi inkişaf etdirmək, dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək və bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etmək məqsədilə Dövlət başçımızın 2018-ci 6 iyul tarixli Fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu yaradıldı.

Ermənistanın Azərbaycanın ərazilərini işğal etməsi 30 ilə qədər çəkdi. Azərbaycan İkinci Qarabağ müharibəsində işğalı sonlandırdı, tarixi Zəfər qazandı. Azərbaycanın ədalətli müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. Azər­bay­can Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa təbrikində dedi: “Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur”.

2007-ci il martın 9-da Bakıda keçirilən Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin birin­ci forumu bütün türkdilli xalqların həyatında mühüm hadisəyə çevrildi, Prezident İlham Əliyevin türk dünyasının birliyinə verdiyi əhəmiyyətin sədaqətli təzahürü kimi tarixə düşdü. 17 noyabr 2014-cü ildə İstanbulda “Qarabağda üç nəslin bir soyqırımı” mövzusunda sərgi çərçivəsində keçirilən beynəlxalq konfransda Azərbaycan və Türkiyə diaspor təşkilatlarının əməkdaşlığının daha da gücləndirilməsi ilə bağ­lı məsələlər diqqət mərkəzindədir. Digər ölkələrdə də, Türk və Azərbaycan diasporları eyni mövqe­dən çıxış edirlər. ABŞ-da Türk və Azərbaycan icması erməni diasporunun yalanlarını birgə ifşa edirlər.

2022-ci il aprelin 22-də də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı keçirildi. Qurultayda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: “Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər Qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər Qurultayıdır. Hazırda ölkəmizin müxtəlif yerlərində, ilk növbədə, azad edilmiş ərazilərdə Zəfər muzeyləri inşa edilir. Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşa­yacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, böyük xoşbəxtlikdir - hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbay­can­lılar üçün…”...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının III qurultayında çıxışında Ulu Öndərin kəlamlarının davamı kimi dedi: “Bizim xaricdə yaşayan böyük ailəmiz vardır, bu, azərbaycanlılardır. Onlar öz doğma Vətəninə bağlı olan adamlardır. Bizi fərqləndirən əlamət ondan ibarətdir ki, harada yaşamağımızdan asılı olmayaraq, öz Vətənimizə bağlıyıq. Bura bizim vətənimizdir, hamımızın vətənidir. Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir. Bizim bir vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz var – Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var – azərbay­cançılıq məfkurəsi! Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər”. Bu kəlamlar bütün azərbaycanlıların həyat fəlsəfəsidir. Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində və həmin gün daha qürurla səslənəcəkdir.

Dünya Azərbaycanlıları üçün bir mənəvi Günəş var: Azərbaycan!..

Səbinə Xasayeva,

Milli Məclisin deputatı