28 dekabr 2025 15:00
119

Milli Məclisin deputatı: Prezident İlham Əliyev hər bir böyük idman uğurunu şəxsən dəyərləndirir

Dekabrın 26-da 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasim Azərbaycanda idman sahəsində həyata keçirilən dövlət siyasətinin əldə etdiyi nəticələrin ümumi mənzərəsini aydın şəkildə ortaya qoydu. Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin tədbirdə iştirakı və səsləndirdiyi strateji məzmunlu fikirlər bir daha təsdiqlədi ki, ölkədə idman sahəsi dövlətin xüsusi diqqətində saxlanılan prioritet istiqamətlərdən biridir.

“İki sahil” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, son illər ərzində Azərbaycan idmançılarının beynəlxalq arenalarda qazandığı uğurlar, xüsusilə medal göstəricilərində müşahidə olunan davamlı artım məqsədyönlü və sistemli dövlət siyasətinin bariz nəticəsidir:  “Bu uğurlar ayrı-ayrı təsadüfi nailiyyətlər toplusu deyil, Prezident İlham Əliyevin idman sahəsinə göstərdiyi ardıcıl, prinsipial və uzunmüddətli diqqətin məntiqi davamıdır. Məhz dövlət başçısının siyasi iradəsi sayəsində Azərbaycanda idmanın inkişafı üçün güclü institusional baza formalaşdırılıb, federasiyaların fəaliyyəti təkmilləşdirilib, maddi-texniki təminat əhəmiyyətli dərəcədə gücləndirilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində idmançılar üçün müasir məşq şəraiti yaradılıb, peşəkar məşqçi heyətinin hazırlanması və beynəlxalq təcrübənin ölkəyə gətirilməsi təmin edilib. Eyni zamanda, gənc istedadların aşkar olunması və onların mərhələli şəkildə yüksək səviyyəli idmançı kimi yetişdirilməsi dövlət səviyyəsində prioritet istiqamətə çevrilib. Bu sistemli yanaşma Azərbaycan idmançılarının Olimpiya Oyunları, dünya və Avropa çempionatları kimi nüfuzlu yarışlarda stabil və ardıcıl nəticələr göstərməsinə imkan yaradıb.Xüsusilə qeyd edilməlidir ki, Prezident İlham Əliyev hər bir böyük idman uğurunu şəxsən dəyərləndirir, qalib idmançılarla görüşür və onları yüksək dövlət mükafatları ilə təltif edir. Bu diqqət və qayğı idmançılar üçün güclü motivasiya mənbəyi olmaqla yanaşı, gənc nəsildə idmana marağı artırır və qalibiyyət ruhunu möhkəmləndirir. Nəticədə, Azərbaycan idmanı təkcə nəticələr baxımından deyil, həm də davamlılıq, peşəkarlıq və beynəlxalq rəqabət qabiliyyəti baxımından yeni keyfiyyət mərhələsinə yüksəlib”.

Deputat bildirib ki, idman infrastrukturunun ölkə üzrə balanslı və davamlı şəkildə inkişaf etdirilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi idman siyasətinin prioritet istiqamətlərindən biridir: “Dövlət başçısı idmanın yalnız paytaxtda deyil, bütün regionlarda əlçatan olmasını strateji vəzifə kimi müəyyən edib. Məhz bu yanaşma nəticəsində son illər ərzində ölkənin müxtəlif bölgələrində müasir standartlara cavab verən Olimpiya İdman Kompleksləri inşa olunaraq istifadəyə verilib. Bu obyektlər idmançı hazırlığının gücləndirilməsi ilə yanaşı, kütləviliyin artırılmasına, uşaqların və gənclərin sağlam həyat tərzinə cəlb edilməsinə geniş imkanlar açıb.

Regionlarda yaradılan bu müasir idman infrastrukturu Prezident İlham Əliyevin sosial siyasətinin tərkib hissəsi kimi gənclərin asudə vaxtının səmərəli təşkili, zərərli vərdişlərdən uzaqlaşdırılması və cəmiyyətin sağlam inkişafının təmin olunmasına xidmət edir. Gəncə və Yevlax şəhərlərində yeni idman obyektlərinin fəaliyyətə başlaması isə dövlət başçısının regionların inkişafına kompleks yanaşmasının və yerli əhalinin rifahının yüksəldilməsinə verdiyi xüsusi önəmin konkret ifadəsidir. Bu layihələr həm də regionlardan gələcək peşəkar idmançıların yetişdirilməsi üçün möhkəm əsas yaradır və Azərbaycanın idman potensialının daha da genişlənməsinə zəmin formalaşdırır”.

S.Salmanova qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü və birbaşa siyasi iradəsi nəticəsində Azərbaycan qlobal miqyaslı idman tədbirlərinin etibarlı və nüfuzlu ev sahibinə çevrilib: “Formula 1 yarışlarının Bakıda ardıcıl və yüksək təşkilatçılıq səviyyəsində keçirilməsi, ölkəmizdə ilk dəfə UFC turnirinin təşkil olunması, MDB ölkələrinin III Oyunlarının bir neçə şəhəri, o cümlədən Xankəndini əhatə etməsi dövlət başçısının strateji uzaqgörənliyinin və mükəmməl idarəetmə bacarığının real təzahürüdür. Bu tədbirlər təkcə idman hadisəsi deyil, eyni zamanda Azərbaycanın siyasi sabitliyinin, təhlükəsizliyinin və beynəlxalq etimadının göstəricisidir.

Xüsusilə Xankəndidə yarışların keçirilməsi müstəsna siyasi və mənəvi məna daşıyırdı. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə təmin olunmuş tarixi Zəfərin, suverenliyin tam bərpasının və milli birliyin idman dili ilə dünyaya təqdimatıdır. Xankəndidə dalğalanan üçrəngli Azərbaycan Bayrağı qalib ölkənin Bayrağı kimi yalnız stadionlarda deyil, beynəlxalq ictimai rəy müstəvisində də öz qürurlu mövqeyini nümayiş etdirir.Beləliklə, Prezident İlham Əliyevin idman diplomatiyası nəticəsində beynəlxalq yarışlar Azərbaycanın milli gücünün, qalib dövlət statusunun və yüksələn Bayrağının rəmzinə çevrilib. İdman arenalarında ucaldılan Azərbaycan Bayrağı bu gün təkcə idman qələbələrinin deyil, dövlətçilik iradəsinin, tarixi ədalətin və milli qürurun simvolu kimi qəbul olunur”.

Parlamentari sonda vurğulayıb ki, 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasim bir daha qəti şəkildə nümayiş etdirdi ki, Azərbaycan idmanının bu gün əldə etdiyi uğurların təməlində Prezident İlham Əliyevin güclü siyasi iradəsi, prinsipial mövqeyi və daim şəxsi nəzarətdə saxladığı ardıcıl dövlət siyasəti dayanır: “Dövlət başçısının idmana strateji baxışı bu sahəni təsadüfi nəticələrdən uzaqlaşdıraraq uzunmüddətli və davamlı inkişaf xəttinə çıxarıb. Məhz Prezident İlham Əliyevin liderliyi nəticəsində Azərbaycan idmanı müasir çağırışlara cavab verən, beynəlxalq rəqabətə davamlı və qalibiyyət ruhuna malik sistem kimi formalaşıb. Bu liderlik Azərbaycan idmanının yalnız bu gününü deyil, sabahını da təmin edir. İdmanın infrastruktur, kadr hazırlığı, gənclər siyasəti və beynəlxalq əməkdaşlıq istiqamətlərində ardıcıl şəkildə inkişaf etdirilməsi qarşıdakı illərdə daha böyük qələbələrin əldə olunacağını deməyə əsas verir. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji xəttə uyğun olaraq Azərbaycan idmanı gələcəyə inamla irəliləyəcək, beynəlxalq arenalarda ölkəmizin üçrəngli şanlı Bayrağını daha uca zirvələrdə dalğalandıracaq və qalib dövlət statusunu yeni nailiyyətlərlə möhkəmləndirəcək”.