AZAL təyyarəsi ilə bağlı Rusiya istintaq komitəsi tərəfindən cinayət işinə xitam verilməsi çox ciddi suallar doğurur.
“İki sahil” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekunlarına dair hesabatının təqdimatı zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, Rusiya istintaq komitəsi tərəfindən Azərbaycana AZAL-ın təyyarə qəzasının istintaqı ilə bağlı məktub göndərilib:
"Məktubda bizim üçün çox ciddi təəccüb doğuran məqamlar vardı. Əsas məsələ o idi ki, məktubda artıq cinayət işinə xitam verildiyi qeyd olunurdu. Şübhəsiz, belə bir addım bizdə çox ciddi suallar doğurur. Və sözügedən məktuba müvafiq qurum tərəfindən lazımi cavab göndərilib".
Nazir vurğulayıb ki, Azərbaycanın AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı gözləntisi Rusiya tərəfinin öhdəliklərini icra etməsidir.
"Dünən təyyarə faciəsinin ildönümü idi. Faciədə həlak olanların ailələrinə başsağlığı verirəm. Təyyarənin vurulması faktı bir müddət sonra Rusiya tərəfindən etiraf edildi və kompensasiyanın ödəniləcəyi bildirildi. Bu çox vacib açıqlama idi. Bizim gözləntimiz də bu prosesin tam icrasıdır",- o əlavə edib.
Qeyd edək ki, Qazaxıstan tərəfinin yaydığı hesabatdan, Azərbaycan, Rusiya, Qazaxıstan, Braziliya və ICAO ekspertlərinin ümumi rəyindən də görünür ki, Aktauda qəza enişi edən AZAL təyyarəsi hər hansı texniki nasazlıq səbəbindən deyil, məhz kənar müdaxilə, konkret olaraq vurulma nəticəsində idarəetməni itirib və qəzaya uğrayıb.