25 dekabr 2025 23:15
89

Konstitusiya suverenliyin hüquqi təminatçısıdır

Azərbaycan xalqı artıq beş ildir ki, qalib xalq olmağın tarixi və mənəvi qürurunu yaşayır. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı hərbi təxribat nəticəsində başlayan və cəmi qırx dörd gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun parlaq Qələbəsi ilə başa çataraq milli tariximizin ən şanlı səhifələrindən birinə çevrildi. Bu Zəfər nəticəsində otuz ilə yaxın müddətdə işğal altında saxlanılan Qarabağ və Şərqi Zəngəzur əraziləri ölkəmizin suveren idarəçiliyinə qaytarıldı, Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq çərçivəsində tanınmış sərhədləri faktiki olaraq bərpa olundu.

Məhz bu tarixi Qələbənin yaratdığı yeni siyasi-hüquqi reallıqlar fonunda Prezident İlham Əliyev tərəfindən 28 dekabr 2024-cü il tarixində imzalanmış Sərəncamla 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi dərin məzmunlu və strateji xarakter daşıyan qərar kimi qiymətləndirilməlidir.  “Konstitusiya və Suverenlik İli” anlayışı hüquqi dövlət quruculuğunun keyfiyyətcə yeni mərhələsinə keçidi ifadə edir. Konstitusiya müasir dövlətin əsas hüquqi aktı olmaqla yanaşı, xalqın suveren iradəsinin hüquqi ifadəsi, hakimiyyətin legitimliyinin mənbəyi, insan hüquq və azadlıqlarının təminatçısıdır. Bu baxımdan, “Konstitusiya və Suverenlik İli” dövlət suverenliyinin yalnız hərbi-siyasi müstəvidə deyil, hüquqi, institusional və ideoloji səviyyələrdə də möhkəmləndirilməsini hədəfləyir.

Azərbaycan dövlətçiliyinin müasir inkişaf mərhələsinin ideya-siyasi və hüquqi əsaslarının formalaşmasında Ümummilli Lider Heydər Əliyevin tarixi rolu müstəsna əhəmiyyət daşıyır. Qeyd edilməlidir ki, 1969-cu ildə Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında keyfiyyətcə yeni bir mərhələnin əsası qoyuldu. Məhz bu dövrdən etibarən Azərbaycan SSR-də məqsədyönlü inkişaf strategiyası formalaşmağa başladı.

1960-cı illərin sonlarında Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlişi milli dövlətçilik şüurunun güclənməsi, iqtisadi müstəqillik elementlərinin yaradılması və intellektual potensialın səfərbər olunması baxımından strateji dönüş nöqtəsi idi. Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən sənayeləşmə siyasəti, milli kadrların hazırlanması, elm və təhsilin inkişafı, mədəniyyətin təşviqi Azərbaycanın gələcək müstəqilliyinin institusional və ideoloji bünövrəsini formalaşdırdı.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli “Azərbaycan Respublikasında 2023-cü ilin ‘Heydər Əliyev İli’ elan edilməsi haqqında” Sərəncamında da bu tarixi mərhələyə xüsusi diqqət yetirilmişdir: “Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur”.

1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991–1993-cü illərdə ölkədə mövcud olan dərin siyasi böhran, idarəetmə xaosu, daxili qarşıdurmalar və vahid siyasi iradənin olmaması bu mühüm vəzifənin həyata keçirilməsini faktiki olaraq mümkünsüz etmişdir.  Yalnız Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində sistemli və məqsədyönlü addımlar atılmağa başlandı. Siyasi sabitliyin bərpası, dövlət institutlarının formalaşdırılması və milli maraqlara əsaslanan idarəetmə modeli Konstitusiyanın hazırlanması üçün real zəmin yaratdı. Bunun nəticəsi olaraq Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 2 may tarixli qərarı ilə yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın yaradılması və onun tərkibinin təsdiq edilməsi mühüm siyasi-hüquqi hadisə kimi tarixə düşdü. 1995-ci il iyunun 5-də Komissiyanın ilk iclasında geniş proqram xarakterli çıxış edən Heydər Əliyev müstəqil dövlətin Konstitusiyasının hazırlanmasını tarixi baxımdan son dərəcə mühüm və məsuliyyətli bir mərhələ kimi qiymətləndirmişdir. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası preambula, 5 bölmə, 12 fəsil, 158 maddə və keçid müddəalarından ibarət olmaqla 12 noyabr 1995-ci il tarixində ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilmiş, 27 noyabr 1995-ci ildə isə qüvvəyə minmişdir.

Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılmış möhkəm siyasi, hüquqi və institusional dayaqlar üzərində inkişaf edən Azərbaycan dövləti XXI əsrin üçüncü onilliyinə artıq qalib və tam suveren ölkə kimi qədəm qoymuşdur. Dövlətçilik ənənələrinin davamlılığı, güclü icra hakimiyyəti modeli, milli ordu quruculuğu və balanslaşdırılmış xarici siyasət strategiyası məhz bu fundamental əsasların məntiqi nəticəsi olaraq formalaşmışdır. Bu konsepsiyanın praktik müstəvidə tam reallaşması Prezident İlham Əliyevin rəhbərliyi ilə mümkün olmuşdur. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycan dövlətinin hərbi-siyasi gücünü, hüquqi haqlılığını və milli birliyini beynəlxalq ictimaiyyətə açıq şəkildə nümayiş etdirmişdir.

2023-cü ildə Qarabağ iqtisadi rayonunda həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri isə Azərbaycan dövlətinin suverenliyinin tam bərpası prosesini hüquqi və siyasi baxımdan yekunlaşdırmışdır. Həmin əməliyyatlar ölkənin beynəlxalq səviyyədə tanınmış ərazilərində konstitusion quruluşun bərpasına, qeyri-qanuni silahlı birləşmələrin ləğvinə və vahid dövlət idarəçiliyinin təmin olunmasına xidmət etmişdir. Bu proses Azərbaycanın daxili işlərinə kənar müdaxilələrin qarşısının alınması, dövlətin güc monopoliyasının bərpası və hüquqi dövlət prinsipinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Xüsusi qeyd edilməlidir ki, 2023-cü il antiterror əməliyyatları beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həyata keçirilmiş, Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini qorumaq hüququnun legitim ifadəsi olmuşdur. Dövlətin təhlükəsizliyinin təmin edilməsi, konstitusion quruluşun müdafiəsi və vətəndaşların hüquqlarının qorunması bu tədbirlərin əsas hüquqi-siyasi məqsədləri sırasında yer almışdır.

Nurlana Bayramlı,
Siyəzən rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən, 
III dərəcəli hüquqşünas