24 dekabr 2025 17:00
165

Kirayə mənzil mexanizmi: 9053 ailənin yararlandığı uğurlu sosial layihə

2025-ci ilin ötən dövründə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun Saray qəsəbəsində 2796 tam təmirli mənzil vətəndaşların ixtiyarına verilib

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilmiş mənzillərlə tanışlıq məqsədilə Binəqədi rayonu Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksinə mediatur təşkil edilib.

Tədbir zamanı media nümayəndələri vətəndaşların ixtiyarına verilmiş yeni yaşayış sahələri ilə tanış edilib və mexanizmdən faydalanmaqla mənzil sahibi olmağın prosedurları barədə məlumatlandırılıb.

İpoteka və Kredit Zəmanət Fondunun Kirayə Mənzil Departamentinin direktor müavini Aslan Zeynalov bildirib ki, 2025-ci ilin ötən dövründə mexanizm çərçivəsində Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun Saray qəsəbəsində 2796 tam təmirli mənzil vətəndaşların ixtiyarına verilib. Sonuncu dəfə dekabrın 15-də Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən yaşayış kompleksində 1, 2 və 3 otaqlı 188 tam təmirli mənzil təklif olunub.  Qeyd edilib ki, satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində şəffaflığı və vətəndaşların rahatlığını təmin etmək məqsədilə müraciətlərin qəbulundan tutmuş mənzil seçiminə qədər bütün proses avtomatlaşdırılıb və Elektron Hökumət İnformasiya Sisteminə (e-gov.az) portalına inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət Sistemi üzərindən həyata keçirilir.

Təklif edilən mənzillər sakinlərin istirahəti üçün geniş həyətyanı sahəyə malik, məktəb, uşaq bağçası, nəqliyyat və digər zəruri sosial infrastruktur obyektlərə yaxın ərazilərdə 2013-cü ildən sonra inşa edilmiş yaşayış komplekslərində yerləşir. Bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə olunmaqla təmir olunub, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz olunub, mülkiyyət hüquqları isə dövlət qeydiyyatına alınıb.

Əhaliyə Bakı, Sumqayıt və Xırdalan şəhərləri, habelə Abşeron rayonu üzrə 17 müxtəlif ünvanda satmaq öhdəliyi ilə kirayə mənzillər təklif edilib. Ümumilikdə, 2020-ci ildən, kirayə mənzil mexanizminin tətbiqinə başlandıqdan bəri 9053 kirayə müqaviləsi bağlanılıb. Mexanizmdən yararlananların 60 faizdən çoxu gənclər və gənc ailələrdir.

İpoteka və Kredit Zəmanət Fondunun Kirayə Mənzil Departamentinin direktor müavini Aslan Zeynalov jurnalistlərə mexanizmin fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, kirayə-mənzil mexanizmi Prezident İlham Əliyevin 25 yanvar 2019-cu il tarixli Fərmanı ilə təsdiqlənib. Mexanizmin əsas məqsədi şəxsi yığımları yetərli olmayan vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılmasıdır: “2020-ci ilin martından etibarən tətbiq edilən bu mexanizmə maraq ildən-ilə artır. Bu həm vətəndaşların müraciətlərinin sayında, həm də müqavilələrin sayında müşahidə olunur. Statistik rəqəmlərə baxdıqda təkcə 2025-ci ilin əvvəlindən bu günədək 2790-dan çox müqavilə bağlanıb ki, bu da ötən illə müqayisədə artım olduğunu göstərir. Belə ki, 2024-cü ildə 1871 ədəd kirayə mənzil müqaviləsi bağlanılıb. Kirayə mənzil mexanizmindən faydalananların 60 faizindən çoxunu gənclər və gənc ailələr təşkil edir. Mexanizmdən faydalanma prosesi tam sadədir. Mexanizmdən istifadə etmək üçün müəyyən tələblər var. Kirayə mənzil mexanizmindən Azərbaycan vətəndaşları istəfadə edə bilərlər. Müraciət edən şəxsin yaşı 60-dan yuxarı olmamalıdır. Vaxtı keçmiş aktiv kredit öhdəliyi olmamalıdır və rəsmi gəlirlərə malik olmalıdır. Bu tələblərə cavab verən vətəndaşlar elektron formada müraciət edə bilərlər.  Müraciət prosesi tam elektronlaşdırılıb. Yalnız gücləndirilmiş elektron imza ilə müraciət etmək kifayətdir. Müraciətlər “ASAN xidmət” mərkəzlərində qəbul olunur. 2 saylı “ASAN komunal” mərkəzində və Sumqayıt şəhərində yerləşən “ASAN xidmət” mərkəzində vətəndaşların qəbulu və məlumatlandırılması prosesləri həyata keçirilir. 5 iş günü ərzində qiymətləndirilir və mənzil seçimi təmin edilir. Razılıq barədə qərar almış vətəndaşlarımız yaşayış sahəsinin seçim hüququ əldə edirlər. Seçimdən sonra 3 iş günü ərzində vətəndaşlar mənzillə təmin olunur. Bir sözlə, vətəndaşlar müraciət anından, yaşayış sahəsinin seçim anına qədər olan bütün prosesləri öz elektron kabinetlərində özləri icra edə bilirlər.

Aslan Zeynalov vurğulayıb ki, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində indiyədək müxtəlif ünvanlarda - Bakı şəhərində 8, Abşeron rayonunda 6, Sumqayıtda isə 3 ünvanda vətəndaşlara mənzillər təklif olunub: “2025-ci ildə Bakı şəhərində Binəqədi rayonu Cəfər Xəndan küçəsində və Biləcəri qəsəbəsində, Sumqayıt şəhərində isə Sülh prospekti və sahil küçələrində vətəndaşlara mənzillər təklif edilib. 2026-cı ilədək daha yeni ünvanlarda mənzillərin vətəndaşlara təqdim olunması nəzərdə tutulur.”

Orxan Vahidoğlu, "İki sahil"