24 dekabr 2025 10:12
280

Hər bir vədini real addımları ilə təsdiqləyən Liderə xalqın sevgisi sonsuzdur

Adını tariximizə qızıl hərflərlə yazan Lider

Müstəqillik tariximizin 2003-cü ildən bu günə qədərki dövrünün reallıqları Heydər Əliyev yolunun uğurlu davamının təsdiqidir. 1993-2003-cü illərdə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində ölkəmiz inkişafın elə yüksək mərhələsinə qədəm qoymuşdu ki, 2003-cü ildən sonrakı mərhələdə hakimiyyətin etibarlı əllərdə olması olduqca vacib əhəmiyyət kəsb edirdi. Dövlətimizin başçısı İlham Əliyev bununla bağlı bildirmişdir: “2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdi. Çünki hesab edirəm ki, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi. Hər halda, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. 2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi.”

Ümummilli Lider Heydər Əliyev 2003-cü ildə Azərbaycan xalqına tarixi müraciətində bu əminliyi ifadə etmişdir: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Təbii ki, həmin müraciətdən ötən 22 ildən artıq dövrün Azərbaycan tarixinə yazdığı uğur, zəfər səhifələrinin hər birini vərəqləmək, onları bir yazıda əhatə etmək mümkün deyil. Çünki ötən hər gün tariximizə bir mühüm hadisənin yazılması ilə yadda qalır. Sözsüz ki, bu uğurların, qürurverici hadisələrin təməlində düşünülmüş siyasət və Lider amili dayanır. Uğurlarımız sırasında ilk olaraq onların zirvəsində dayanan, Azərbaycanın yeni dövrə qədəm qoymasını şərtləndirən ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasını, onun yaratdığı yeni reallıqları qeyd etmək istərdik. Dövlətimizin başçısı İlham Əliyevin yeni dövrün mühüm hadisələrindən olan, müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində 2024-cü ilin 7 fevral tarixində keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində qeyd etdiyi kimi, əgər güclü Azərbaycan qurmasaydıq, əgər kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olmuş olsaydıq, heç vaxt biz ərazi bütövlüyümüzü bərpa edə bilməzdik: “Uzun danışıqlar prosesi çərçivəsində dəfələrlə bizə hansısa yarımçıq təkliflər irəli sürülürdü. Ancaq o təkliflər bizim üçün qəbuledilməz idi. Mən hər dəfə deyirdim ki, Azərbaycan Bayrağı ərazimizin hər bir yerində dalğalanacaq. Hələ Bayraq Meydanının açılışında demişdim ki, bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq, bizim siyasətimiz bundan ibarət idi. Biz bütün gücümüzü səfərbər edib bu hədəfə doğru gedirdik, hər gün, hər saat bu müqəddəs günü yaxınlaşdırırdıq.”

Çağdaş tariximizə davamlı uğurlarla yazılan illər

Son 22 il bütün sahələrdə davamlı uğurlarla yadda qalıb. İqtisadiyyatın inkişafı və insanların sosial rifah halının yüksəldilməsi məqsədilə Prezident İlham Əliyevin təşəbbüskarı olduğu qanun layihələri, həmçinin imzaladığı Fərman və sərəncamlar əsasında həyata keçirilən sosial-iqtisadi layihələr vətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır.

 Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadə etməsinə geniş yol açan enerji layihələrinin uğurlu icrası həm Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir, həm də iqtisadiyyatın şaxələndirilməsinə geniş yol açır. Regional əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin 2006-cı ildə, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin isə 2007-ci ildə istifadəyə verilməsi çoxlarına əfsanə kimi görünən bu layihələrin artıq reallıq olduğunu göstərdi. İllər keçdikcə əməkdaşlıq regional çərçivədən çıxaraq beynəlxalq miqyas aldı. 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması, ondan əvvəl 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməlinin qoyulması Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndiyini nümayiş etdirdi. 2018-ci il mayın 29-da Bakıda Cənub Qaz Dəhlizinin, həmin ilin 12 iyun tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı oldu. 30 iyun 2018-ci ildə ilk kommersiya qazının Trans-Anadolu (TANAP) boru kəməri ilə Türkiyəyə göndərilməsinə başlanıldı. 30 noyabr 2019-cu ildə TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirildi. Azərbaycan təbii qazının 31 dekabr 2020-ci ildə Avropa bazarına tədarükünə başlanıldı. Bu tarixdə Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən olan TAP istifadəyə verildi. Hazırda Azərbaycan 14 ölkəyə təbii qaz ixrac edir. Bununla Azərbaycan boru kəməri vasitəsilə qaz təmin edən ölkələrin sırasında dünyada birinci yeri tutur.

 Təbii ki, Azərbaycanın enerji sektorunda qazandığı uğurlar yalnız bunlarla bitmir. Hazırda yaşıl enerjiyə keçid prioritet məsələdir. Azərbaycan bərpaolunan enerji potensialı ilə də dünyanın diqqətindədir. Belə ki, ötən il Bakıda keçirilən, iqlim diplomatiyasında dönüş nöqtəsi kimi dəyərləndirilən COP29 tədbiri Azərbaycanın bu sahədə mövcud imkanlarının təqdimatı oldu. COP29-a 80 ölkənin dövlət və hökumət başçısı, ümumilikdə qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçı qatıldı. Karbon bazarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsinə nail olundu. Azərbaycanın COP29 Sədrliyi inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi razılaşmasını elan etdi. BMT-nin İqlim Sammiti üçün COP29 Sədrliyinin əsas prioriteti üzrə əldə olunan uğur əvvəlki 100 milyard ABŞ dolları həcmində iqlim maliyyəsi hədəfindən əhəmiyyətli dərəcədə artım deməkdir və qlobal investisiyaların yeni dalğasına təkan verəcəkdir. Bakı Maliyyə Məqsədi inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər il ən azı 300 milyard dollar vəsaitin səfərbər olunmasına liderlik etmək üçün inkişaf etmiş ölkələrin əsas hədəfini özündə ehtiva edir. Azərbaycan bu iqlim konfransına ev sahibliyi ilə çoxtərəfliliyin tərəfdarı olduğunu bir daha təsdiqlədi. Bu COP növbəti COP-lar üçün stimul oldu. Ötən ilin dekabrında Azərbaycanın İqtisadi Əməkdaşlıq Təçkilatına (D-8) üzv qəbul edilməsi də ölkəmizin iqtisadi uğurlarının, beynəlxalq nüfuzunun təqdimatında əhəmiyyətli rol oynadı. Təşkilata üzv qəbul edilməsində Azərbaycanın namizədliyinə Türkiyə, Pakistan, Misir, İran, İndoneziya, Malayziya, Nigeriya və Banqladeş tərəfindən dəstək göstərilməsi bu ölkələr ilə səmimi dostluğumuzun və əməkdaşlığımızın göstəricisi kimi dəyərləndirildi.

İqtisadi müstəqilliyi möhkəmləndirən siyasət

Beş fundamental nəticə - qalib dövlət, beynəlxalq nüfuz, təhsilli cəmiyyət, böyük iqtisadi potensial və yüksələn rifah ölkəmizin sosial-iqtisadi inkişaf nailiyyətlərini xarakterizə edir. Bu nailiyyətlər uzunmüddətli dövrdə ölkə iqtisadiyyatı üçün keyfiyyətcə yeni sosial-iqtisadi inkişaf simasının formalaşmasına böyük töhfə verəcək. Prezident İlham Əliyev 2003-cü ildə bu çağırışı etmişdir ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Həmçinin bu hədəf də qarşıya qoyulmuşdu ki, neft kapitalını insan kapitalına çevirməliyik. Son 22 ilin uğurları bu hədəflərin də reallıqda öz əksini tapdığını nümayiş etdirir. Azərbaycanın regionlarının potensialından səmərəli istifadə etmək məqsədilə Regional inkişaf proqramları təsdiqləndi və uğurla icra edildi. Regionların sosial-iqtisadi inkişafına dair 4 Dövlət Proqramının uğurlu icrası nəticəsində bölgələrin inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern islahatlar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının həyata keçirilməsi sayəsində bölgələrdə inkişaf prosesləri sürətləndi, kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı konkret proqramlar icra olundu. İşsizliyin və yoxsulluğun səviyyəsi aşağı düşdü. Ölkədə qeyri-neft sektorunun inkişafı üçün güclü zəmin formalaşdı. Dövlət proqramlarının icra olunduğu 2004–2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artmışdır. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enmişdir. Bu uğurlar “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasını şərtləndirdi. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” da təsdiq edildi, uğurla icra edilir.

 Əvvəldə qeyd etdiyimiz kimi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ilə Azərbaycan yeni dövrə qədəm qoydu. Zəfərimizin və suverenliyimizin yaratdığı yeni reallıqlar yeni Dövlət proqramlarının qəbulunu zərurətə çevirdi. Prezident İlham Əliyevin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə iqtisadi rayonların yeni bölgüsü təsdiqləndi. Ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmini üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirdi. Bu bölgü işğaldan azad edilmiş bölgələrin sürətli inkişafına xidmət edir. Bunun üçün Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Ağdərə, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) və Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) yaradıldı.

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiqləndi. Yeni sosial-iqtisadi inkişaf modeli 2030-cu ilədək olan dövrdə ölkədə bütün sahələrdə həyata keçirilməsi nəzərdə tutulan köklü islahatların ideologiyasını təmin edir. Həmçinin “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya” təsdiqləndi. İmzalanan sənədlər, təsdiqlənən Dövlət proqramları ölkənin dayanıqlı inkişafının, insanların yüksək rifahının təmin edilməsinə xidmət edir.

Azərbaycanın iqtisadi uğurları beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir. Dünya Bankının hesabatlarında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi kimi yer alır. Genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılmışdır. Azərbaycan rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkə kimi tanınır və nüfuz qazanır. İndiyədək Azərbaycan iqtisadiyyatına 350 milyard dollara yaxın investisiyanın yatırılması mühüm məqamların, xüsusilə ölkəmizin investisiya cəlbediciliyinin təqdimatıdır.

Qlobal siyasətdə artan nüfuz və təsir gücü

Azərbaycanın iqtisadi müstəqilliyinin mökkəmləndirilməsi onun beynəlxalq nüfuzunun yüksəlməsində də əhəmiyyətli rol oynayır. Başqa sözlə ifadə etməli olsaq bu gün Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu xarici siyasət uğurlarının davamlılığında özünün aydın ifadəsini tapır. Belə ki, həyata keçirilən praqmatik xarici siyasət ölkəmizə beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandırıb. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət etdi. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, nüfuzlu beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunu və qüdrətini göstərir. Dünyada sülhün və konstruktiv əməkdaşlığın vacibliyini yorulmadan təbliğ edən Prezident İlham Əliyevin beynəlxalq təşəbbüsləri mühüm əhəmiyyət kəsb edir. Qoşulmama Hərəkatının sədri qismində Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyası keçirildi. 2021-ci ildə BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının üzvləri adından irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə BMT üzv dövlətləri tərəfindən qəbul olundu. 

Azərbaycanın ayrı-ayrı dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri yüksələn xətlə inkişaf edir. Ölkəmiz İslam Əməkdaşlıq Təşkilatının (İƏT) ən fəal və nüfuzlu üzvlərindən biridir. Azərbaycan son illərdə İƏT-in bir necə konfransına ev sahibliyi etmişdir. 2017-ci il Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olundu və həmin ilin may ayında İƏT-in möhtəşəm idman tədbiri - IV İslam Həmrəyliyi Oyunları Bakıda keçirildi. ISESCO tərəfindən 5 min illik qədim tarixə malik Naxçıvan şəhəri 2018-ci il üçün, Şuşa şəhəri isə 2024-cü il üçün İslam mədəniyyətinin paytaxtı seçildi. 2026-cı ildə isə ölkəmiz İslam Əməkdaşlıq Təşkilatına sədrlik edəcək.

 Azərbaycanın qlobal mədəniyyətlərarası dialoqun ünvanlarından birinə çevrilməsi ölkəmizin beynəlxalq statusunun və beynəlxalq tərəfdaşlarının sayının artmasına səbəb olub. Azərbaycanda davamlı olaraq Bakı Beynəlxalq Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, habelə BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, UNESCO-nun xüsusi sessiyalarının və onlarla digər əhəmiyyətli tədbirlərin keçirilməsi nəticəsində Bakı qlobal münasibətlər sistemində nüfuzlu beynəlxalq siyasi meydanlardan birinə çevrilib. Azərbaycan “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində NATO-nun etibarlı və fəal tərəfdaşıdır. Ölkəmiz NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində 1994-cü ildən Alyansın proqramlarında fəal iştirak edir. Azərbaycan Ordusu NATO standartlarına uyğunlaşdırılır və bu çərçivədə Türkiyə ordusu ilə sıx əməkdaşlıq mövcuddur. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı, müttəfiqliyi beynəlxalq əməkdaşlığın yeni formatını və etibarlılıq nümunəsini təqdim edir. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən 2021-ci il iyunun 15-də Şuşada imzalanmış Bəyannamə iki ölkə və onun xalqları arasındakı dostluq və qardaşlıqdan çıxış edərək Azərbaycan və Türkiyə arasındakı münasibətləri keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırdı.

Ümumilikdə türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Türk dünyasını böyük ailə kimi dəyərləndirən Prezident İlham Əliyevin bu birliyin möhkəmləndirilməsinə töhfələri quruma üzv dövlətlər tərəfindən yüksək dəyərləndirilir. Dövlət başçısı İlham Əliyevin Türk Dünyasının Ali Ordeninə layiq görülməsi də bunun bariz nümunəsidir. Reallıq budur ki, 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində türk dövlətlərinin əməkdaşlıq əlaqələri müxtəlif sahələrdə təsisatlanıb. Bu gün Türk Dövlətləri Təşkilatı (TDT) beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir. Son iki il ərzində Prezident İlham Əliyevin TDT-yə üzv və müşahidəçi dövlətlərə 20-dən artıq səfəri olub. Qardaş dövlətlərin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər. 2024-cü ilin iyul ayında Şuşa şəhərində keçirilmiş TDT Dövlət Başçılarının qeyri-rəsmi Zirvə Görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir. Həmçinin 2025-ci il mayın 21-də Budapeştdə TDT Dövlət Başçılarının qeyri-rəsmi Zirvə Görüşü, oktyabrın 7-də isə Qəbələdə TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirildi və Bəyannamə imzalandı.

Xalqa Zəfər bəxş edən Müzəffər Ali Baş Komandan və Qalib ordu

Azərbaycanın iqtisadi nailiyyətləri ordu quruculuğu sahəsində də uğurlu addımları şərtləndirir. Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər orduya çevrilib. Azərbaycanda 2003-cü ildən etibarən ordu quruculuğu məsələləri dövlət siyasətinin prioriteti kimi müəyyən olunmuşdur. Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan Ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəltdi. Ötən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət ayrılıb. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir.

Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində, 2023-cü ilin sentyabrında həyata keçirdiyi bir günlük antiterror tədbirlərində hansı gücə malik olduğunu nümayiş etdirdi. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. 2023-cü ilin sentyabrında suverenliyimizin bütün ölkə ərazisində tam bərpası ilə Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda Azərbaycan Bayrağı ucaldıldı.

Azərbaycan yalnız döyüş meydanında deyil, informasiya cəbhəsində də üstünlüyünü qorudu. Prezident İlham Əliyevin Vətən müharibəsi dövründə dünyanın ən nüfuzlu media qurumlarına verdiyi 30-dan çox müsahibədə münaqişə ilə bağlı əsl həqiqətlər beynəlxalq ictimaiyyətə çatdırıldı. İnformasiya savaşının əsas konturlarını təşkil edən bu müsahibələr milli mətbuatımızın fəaliyyətinə istiqamət verdi. Müzəffər Ali Baş Komandanın müharibə ilə bağlı müsahibələri XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası kimi qəbul edildi. Müsahibələri real mübarizə vasitəsinə çevirən Azərbaycan Prezidenti bu müharibədə də qalib gəldi. Müzəffər Ali Baş Komandan xarici media qurumlarına müsahibələri ilə münaqişəyə münasibətdə dünya ictimaiyyətində uzun illər ərzində formalaşmış fikirləri dəyişdirməyə müvəffəq oldu.

Demokratik inkişaf yolu

Ötən 22 il demokratik təsisatların inkişafı, milli həmrəyliyin, sağlam əməkdaşlıq mühitinin və siyasi dialoqun təşviqi baxımından da diqqətçəkəndir. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev iqtisadi və siyasi islahatların vəhdətliyinin təmin edilməsi üçün mühüm addımlar atır. Daim bu məqam önə çəkilir ki, elə ölkələr var ki, demokratik inkişaf baxımından yüksək səviyyədədir, amma iqtisadi tərəqqidən söhbət gedə bilməz. Elə ölkələr də var ki, iqtisadi inkişaf yüksəkdir, demoratiyanın inkişafından danışmaq çətindir. Amma Azərbaycan hər iki baxımdan diqqətdədir. Ölkəmizdə demokratikləşmə prosesi sadəcə bir şüar, niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafı üçün əsasdır. Dövrün, zamanın tələblərinə uyğun olaraq reallıqların yeniləşməsi islahatların davamlı aparılmasını vacib vəzifə kimi müəyyən edir. Dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycanın dayanaqlı inkişafının əsasıdır. Ölkə Prezidenti İlham Əliyev dövlət və cəmiyyətin inkişafı naminə sağlam əməkdaşlıq mühitini yaratdı. Siyasi dialoqu və əməkdaşlıq mühitini təşviq edən Prezident İlham Əliyev bildirir: “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var.”

Ölkədə aparılan islahatlar kursunun tərkib hissələrindən biri kimi 2019-cu ildə Prezident Administrasiyasında yeni Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması da bu məqsədə xidmət edir. Şöbənin müdiri Ədalət Vəliyev mütəmadi olaraq siyasi partiyaların rəhbərləri ilə görüşlər keçirir, aktual məsələlər ətrafında fikir mübadiləsi aparır. Ölkədə fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyətinin siyasi dialoq proseslərinin fəal iştirakçıları olması faktı siyasi həmrəyliyin təzahürüdür. Görülən işlərin məntiqi nəticəsidir ki, iqtidar-müxalifət dialoqu artıq ölkəmizin gündəlik siyasi təcrübəsinə daxil olmuş və davamlı şəkildə inkişaf edir. Bu birlik, həmrəylik dünyaya səs salan 44 günlük İkinci Qarabağ savaşında özünü daha aydın nümayiş etdirdi. 50-dən artıq siyasi partiya dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəklərini və onun ətrafında birləşdiklərini imzaladıqları birgə Bəyanatda ifadə etdilər.

“Siyasi partiyalar haqqında” yeni Qanunun qəbul edilməsi ölkəmizdə bütün partiyaların normal fəaliyyətinin prioritetliyini bir daha təsdiqlədi. Həmçinin 10 siyasi partiyanın VI çağırış, 11 siyasi partiyanın isə VII çağırış Milli Məclisdə təmsil olunması bilavasitə ölkədə yaşanan demokratik münasibətlərin təzahürüdür. 2024-cü il 7 fevral tarixində keçirilmiş prezident seçkilərində qeydiyyata alınmış 7 namizəddən 5-i məhz siyasi partiyalar tərəfindən irəli sürülmüşdü. Ölkədə formalaşmış yeni siyasi mədəniyyətin bariz nümunəsi olaraq prezident seçkilərindən sonra ilk dəfə 18 siyasi partiya rəhbəri seçkilərin demokratik və şəffaf keçirilməsi haqqında bəyanat verərək Prezident İlham Əliyevi qələbə münasibəti ilə təbrik etmişlər. 2025-ci ilin 29 yanvar tarixində keçirilən bələdiyyə seçkilərində ölkədə mövcud olan 26 siyasi partiyadan 23-ü həm namizəd, həm də müşahidəçi irəli sürməklə seçki prosesinə qatılmışdı.

İnsan hüquqlarının qorunması və humanizm prinsipləri prioritetdir

Ölkəmizdə insan hüquqlarının qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi də demokratik inkişafın əsas göstəricilərindəndir. İnsan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davam etdirilməsi məqsədilə Prezident İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nı təsdiq edilməsi, bunun davamı olaraq ölkə Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın uğurlu icrası, 18 iyun 2007-ci il tarixli Sərəncamla İnsan Hüquqları Gününün təsis edilməsi bu reallığın təsdiqidir ki, insan amili dövlət siyasətinin əsasında dayanır.

Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiqlik son 22 ildə humanizm prinsiplərinə söykənərək imzalanan əfv sərəncamlarından, həmçinin qəbul olunan Amnistiya aktlarından da aydın görünür. Bunun üçün Prezident İlham Əliyevin ümumbəşəri humanizm dəyərlərinə sadiqliyini əks etdirən mühüm təşəbbüslərini yada salmaq kifayətdir. Cənab İlham Əliyev tərəfindən 2003-2025-ci illər ərzində 39 əfv Sərəncamı imzalanıb və onlar 7060 nəfərə şamil olunub. Həmin dövrdə 5 Amnistiya aktı qəbul edilib. Prezident İlham Əliyevin təşəbbüsü əsasında 2021-ci ildə 8 Noyabr - Zəfər Günü münasibətilə elan olunan Amnistiya aktı 17 mindən artıq nəfərə şamil edilib. Suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, Prezident İlham Əliyev 15 dekabr 2025-ci ildə amnistiya elan edilməsi təşəbbüsünü irəli sürdü. Artıq icrasında başlanan Amnistiya aktı tətbiq edilən şəxslərin, o cümlədən azadlıqdan məhrum etmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiyadır. Belə ki, Amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan, 5 mindən çox məhkumun azadlıqdan məhrum etmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.

1995-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan və referendum yolu ilə qəbul olunan Konstitusiyamıza 2003-cü ildən bu günədək iki dəfə əlavə və dəyişikliklərin edilməsi məqsədilə ümumxalq səsverməsinin keçirilməsi də insan amilinə verilən dəyəri nümayiş etdirir.

Son 22 ildə azad mətbuatın inkişafı, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində də mühüm addımlar atılıb. Bu gün ölkəmiz söz və mətbuat azadlığının yüksək səviyyədə təmin olunması sahəsində dünyada ön sıralarda yer alır. Azərbaycan KİV-lərin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında lider mövqedə dayanır. Sürətlə inkişaf edən internet resursları vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynayır. Ölkəmizdə internet azaddır, heç bir məhdudiyyət yoxdur. Yeni “Media haqqında” Qanunun qəbulu azad mətbuatın qarşısında açılan imkanların təqdimatıdır. Ümumilikdə demokratik islahatlar Azərbaycanın dünəninin, bugününün və gələcəyinin əsasıdır.

Yeni Azərbaycan Partiyası daim ölkəmizin inkişafına öz töhfələrini verir

Ölkəmizdə gedən bütün proseslərin mərkəzində dayanan Yeni Azərbaycan Partiyası siyasi sistemin təkmilləşdirilməsində mühüm rol oynayır. Yaradıcısı Ulu Öndər Heydər Əliyev olan, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyası qəbul etdiyi qərarları, irəli sürdüyü təşəbbüsləri ilə daim ölkəmizin inkişafına, siyasi sistemin təkmilləşdirilməsinə öz töhfələrini verir. Onu da qeyd edək ki, tarixi Zəfərimizin reallıqları fonunda 2021-ci ilin 5 mart tarixində VII qurultayını keçirən Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi təsdiq olundu, yeni tərkib formalaşdı, qərarlar qəbul olundu. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyası Sədrinin Birinci müavini təyin edilməsi qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərə yüksək səviyyədə nail olacağımızı şərtləndirdi. Partiyanın “Biz birlikdə güclüyük!” devizi altında təsdiqlənən Proqramında hədəflər və onların icra mexanizmi öz əksini tapıb. Təbii ki, əsas çağırışlardan biri hazırkı dövrün əsas hədəfi olan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə, Böyük Qayıdış Proqramının icrasına dəstək olmaqdır. Yeni Azərbaycan Partiyasının hər bir üzvü qalib Azərbaycanın uğurlarından böyük qürur hissi keçirir, yeni hədəflərin reallığa çevrilməsinə öz töhfələrinin verməyə çalışır.

Uğurlarımızı şərtləndirən amillərə nəzər salmaqla bu ümumiləşdirməni apara bilərik ki, tariximizə Zəfər və Dövlət Suverenliyi günlərinin yazılması dünənimizin, bugünümüzün və gələcəyimizin aydın mənzərəsini yaradır. 44 günlük İkinci Qarabağ müharibəsi gənclərimizin Vətən, torpaq sevgisinin təqdimatı oldu. Bir daha sübut olundu ki, torpaq, əgər uğrunda ölən varsa, Vətəndir. Dövlətimizin tarixi Zəfərimizin əbədiləşdirilməsi istiqamətində atdığı addımlar davamlıdır. Bu addımlar 44 günlük Vətən müharibəsində dastan yazan oğulların vətənpərvərlik məktəbindən öyrənməyə, onları unutmamağa bir çağırışdır. Azad edilmiş ərazilərimiz üzrə şəhər günləri təsis edildi. İndiki və gələcək nəsillər tariximizin hər bir səhifəsini, o cümlədən Zəfər səhifəsini daim yaddaşında saxlamalı, tariximizi öyrənməli və torpaqlarımızın azad edildiyi günləri yaddaşına həkk etməlidir. Şəhidlərimizin qanı, canı bahasına yazılan bu tarixləri unutmağa haqqımız yoxdur.

Müzəffər Ali Baş Komandan İlham Əliyev adını tariximizə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdı

Ərazi bütövlüyümüzün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev adını tariximizə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdı. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qürurludur. İşğaldan azad edilmiş ərazilərimiz quruculuq meydanını xatırladır. Bərpa və quruculuq işləri geniş vüsət alıb. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır. Artıq 6 şəhər, 2 qəsəbə və 20-dən artıq kənd sakinlərinə qovuşub. Qarabağımız və Şərqi Zəngəzurumuz cənnət məkana çevrilir. Bu ərazilərimiz şəhərsalmanın Azərbaycan təcrübəsini dünyaya təqdim edir.

Hər bir vədini əməli fəaliyyəti ilə həyata keçirən Prezidentə xalqın sevgisi şəksizdir. Möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanı gücləndirdi, qalibiyyətimizi şərtləndirən bütün amillərin yaradılmasına nail oldu və sonda azadlığına qovuşacağını 30 il səbirsizliklə gözləyən torpaqlarımıza “Biz gəldik və burada əbədi olacağıq” söylədi. Prezident İlham Əliyevin qalib Lider kimi işğaldan azad edilmiş ərazilərimizə davamlı səfərləri bu torpaqlara əbədi gəlişimizin təsdiqidir. Bugünümüzün reallıqları, eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın “Qoy bizim üçrəngli bayrağımız suveren, qüdrətli Azərbaycan səmasında əbədi dalğalansın!”, "Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!" kimi istəklərinin təsdiqidir.

Tarixi Zəfərimiz bütün regiona sülh və davamlı inkişaf imkanı qazandırıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişmiş və bölgə ölkələrinin inkişafı üçün yeni imkanlar açılmışdır. Qarabağ münaqişəsinin həlli regionun təhlükəsizliyi və investisiya cəlbediciliyi baxımından strateji əhəmiyyətə malikdir. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək. Bu il sülh müqaviləsinin imzalanması istiqamətində mühüm uğurlara imza atıldı. Dövlətimizin başçısı İlham Əliyevin avqustun 8-də ABŞ-a işgüzar səfəri zamanı əldə edilən razılaşmalar bunun təsdiqidir. Azərbaycan hər zaman sülhün, təhlükəsizliyin tərəfdarıdır. Bölgədə dayanıqlı sülhün təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün ölkəmizin qarşı tərəfə sülh təklifini etməsi və buna nail olmaq üçün atdığı addımlar bütün məqamları özündə ehtiva edir.

Növbəti hədəf Qərbi Azərbaycana qayıdışdır

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əminliklə qeyd etdiyi kimi, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Onlardan yəqin ki, ən önəmlisi xalqımızın tarixi yaddaşıdır. Ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var.

Bir sözlə, 22 ilin uğurları gələcəyə böyük inamla addımlamağa stimul verir. Prezident İlham Əliyevin qarşıya qoyduğu bu hədəf hər bir Azərbaycan vətəndaşına çağırışdır- Biz daim irəli baxmalıyıq!

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevi doğum günü münasibətilə təbrik edir, ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycanın daha da gücləndirilməsi, yeni Zəfərlərə doğru irəliləməsi yolunda yorulmaz fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayırıq!

Vüqar Rəhimzadə,
Milli Məclisin deputatı