Dekabrın 24-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən Nəsimi rayon təşkilatı ilə birgə “Milli Konstitusiyadan mütləq suverenliyə: Heydər Əliyev dühasının İlham Əliyev zirvəsi” mövzusunda tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bu əlamətdar gündə keçirilən tədbirin mövzusunun çağdaş tariximizin möhtəşəm dövrü ilə həmahəng olduğunu bildirib: “Çünki günümüzün reallığı budur ki, dünyada bir çox ölkələr mühüm resurslara – əlverişli coğrafi mövqeyə, təbii sərvətlərə, böyük iqtisadi və demoqrafik potensiala sahib olsalar da, öz siyasətlərini milli maraqlara uyğun həyata keçirə bilmirlər. Müasir Azərbaycanın nümunəsi isə təsdiqləyir ki, məhz zəngin dövlətçilik təcrübəsinə, xalqın birmənalı və qətiyyətli dəstəyinə malik lideri olan ölkələr milli mənafelərə əsaslanan siyasət vasitəsilə davamlı inkişafı təmin edir və beynəlxalq aləmdə nüfuz sahibi olurlar. Çoxəsrlik dövlətçilik tarixinə malik Azərbaycan mürəkkəb sosial-iqtisadi və geosiyasi vəziyyətə baxmayaraq, müstəqilliyin bərpasından sonra yüksəlişini təmin edə, dünyada nüfuzlu dövlət kimi tanına bilmişdir. Bu, birmənalı olaraq Heydər Əliyev dühası və Prezident İlham Əliyevin uzaqgörən və məqsədyönlü fəaliyyəti sayəsində mümkün olmuşdur. Ümumxalq etimadını doğruldan dahi liderlərin uğurlu siyasəti nəticəsində sabitlik və tərəqqi yoluna qədəm qoymuş Azərbaycanın adı bu gün qüdrətli və qalib dövlətlər sırasında çəkilir”.
Tahir Budaqovun sözlərinə görə, inkaredilməz həqiqətdir ki, müdrik dövlət xadimi Heydər Əliyev fəaliyyətinin bütün mərhələlərində Azərbaycan naminə çalışaraq xalqın işıqlı gələcəyini təmin edən əvəzsiz işlər görmüşdür: “1993-cü ildə xalqın israrlı tələbi ilə respublikamızda yenidən hakimiyyətə qayıdan Ulu Öndərin dövrün çağırışlarına cavab verən siyasəti nəticəsində milli birliyin, sabitlik və təhlükəsizliyin təmini, xarici dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın qurulması, ikitərəfli münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq prinsipi əsasında inkişaf etdirilməsi və digər mühüm faktorlar Azərbaycanın müstəqilliyinin möhkəmlənməsini və beynəlxalq münasibətlər sistemində rolunun artmasını təmin etmişdir. Dahi şəxsiyyətin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası dövlətimizin qarşısında duran ali məqsədlərə çatmaq üçün milli qanunvericiliyimizin əsaslarını müəyyən etmişdir. Bir sözlə, müstəqillik dövründə Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1993-2003-cü illər əldə etdiyimiz möhtəşəm qələbələrin təmini üçün möhkəm təməllərin yaradılmasını şərtləndirmişdir”.
YAP Sədrinin müavini bildirib ki, Ulu Öndərin xalqımız qarşısında xidmətlərindən bəhs edərkən bu kontekstdə müasir dövlətçilik tariximizdə müstəsna yerə və rola malik - taleyüklü önəm daşıyan siyasi varisliyin təmin olunmasını xüsusi qeyd etmək lazımdır: “Azərbaycan xalqının böyük etimadı əsasında ölkə Prezidenti seçilərək dövlət başçısı kimi fəaliyyətə başladığı zaman öz missiyasını “Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar” - tezisi ilə ifadə edən cənab İlham Əliyev Heydər Əliyev yoluna sadiqliyini sübuta yetirmişdir. Bu gün inamla və iftixarla söyləyirik ki, Ulu Öndərin ideyaları və zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda addımlayan müasir müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi uğurlara imza ataraq qarşıda duran strateji hədəfləri inamla gerçəkləşdirmişdir. Dövlət başçısının qeyd etdiyi kimi: “Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz Ulu Öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur”.
Tahir Budaqov əlavə edib ki, Prezident İlham Əliyevin tərəqqi və Zəfərə hədəflənən məqsədyönlü siyasəti sayəsində iqtisadi gücü artan, modern ordu quruculuğuna nail olan, regionda lider dövlətə çevrilən və qlobal təsir imkanları genişlənən Azərbaycanın bütün cəbhələrdə - hərb meydanında, beynəlxalq informasiya platformasında və diplomatiya müstəvisində möhtəşəm qələbə qazanaraq tarixi ədalətin - ərazi bütövlüyü və mütləq suverenliyin bərpasına müvəffəq olması xalqımızın şərəfli dövlətçilik tarixinin ən parlaq səhifəsidir: “Azərbaycanın son illərdə əldə etdiyi tarixi nailiyyətlər fonunda nəinki regionda, daha geniş coğrafiyada təşəkkül tapmış yeni reallıqlar ictimai-siyasi sabitliyin və milli birliyin möhkəmləndirilməsini, dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunmasını, ölkənin beynəlxalq mövqeyinin daha da gücləndirilməsini zəruri edir. Dövlət başçısı, partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası da yeni dövrün çağırışlarından irəli gələrək suveren Azərbaycanın milli maraqlarının təmini üçün öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək əzmindədir. Ulu Öndərimizin tükənməz siyasi irsinə sonsuz ehtiram və sədaqət nümayiş etdirməklə möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək Azərbaycan naminə çalışmaq hamımızın ümdə vəzifəsidir. Fürsətdən istifadə edərək hər birimizin adından partiyamızın Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi doğum günü münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, xalqımızın rifahı və ölkəmizin firavanlığı naminə şərəfli fəaliyyətində davamlı uğurlar arzulayıram. Şübhə yoxdur ki, dövlət başçısının rəhbərliyi ilə görülən işlər ölkəmizə bundan sonra da yeni müvəffəqiyyətlər qazandıracaq, tarixi dəyərlərlə müasir reallıqların vəhdətinə əsaslanan, azərbaycançılıq ideologiyasına və dövlətçilik ideyasına söykənən Heydər Əliyev siyasəti Azərbaycana növbəti qələbələri bəxş edəcəkdir. Yaşasın Heydər Əliyev dühasının xalqımıza ən böyük mənəvi-siyasi mirası olan müstəqil Azərbaycan dövləti! Eşq olsun Azərbaycanı Zəfər zirvəsinə yüksəldən Müzəffər Liderimiz cənab İlham Əliyevə!”.
Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla çıxışında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 2003-cü ildə cənab İlham Əliyev haqqında “O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” fikirlərini xatırladıb. Beş il əvvəl Müzəffər Lider İlham Əliyevin “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir!” sözlərini fəxarətlə ifadə etdiyini vurğulayan Kamal Abdulla bildirib ki, Azərbaycan xalqının belə böyük bir sərkərdə və Prezidentinin olması qürurvericidir: “Biz ordumuzla, qalib əsgərlərimizlə, şəhidlərimizlə, qazilərimizlə, arxa cəbhədə bir yumruq kimi Azərbaycanın adını yüksəldən vətəndaşlarımızla fəxr edirik”.
Rektor vurğulayıb ki, bütün dünya Azərbaycan xalqının mədəniyyəti, intellektual səviyyəsi, döyüş bacarığı və diplomatik gücünə şahid oldu: “Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqına tarix boyu göstərilən xidmətlərdən ən möhtəşəmini həyata keçirdi. Millətimiz bunu heç zaman unutmayacaq və cənab Prezidentin ideallarını Vətən bayrağı kimi daim uca tutacaqdır. Möhtərəm Prezidentimiz Vətənin işıqlı gələcəyə gedən yolunda cəsur əsgər, müzəffər sərkərdə, ləyaqətli Prezident, vəfalı oğul və qədirbilən ata kimi Zəfərdən-Zəfərə addımladı, bizi də məğrur, başıdik, alnıaçıq insanlar kimi arxasınca apardı. Prezident İlham Əliyevlə birlikdə bu yolu getmək qürurlu və şərəflidir”.
“Prezident İlham Əliyev daim qeyd edir ki, multikulturalizm ölkəmizdə özünəməxsus həyat tərzinə çevrilib. Müasir dövrdə Heydər Əliyev idealları etibarlı, münbit zəmində inkişaf etdirilir. Bunun müəllifi Ümummilli Liderin siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti, qalib Ali Baş Komandan İlham Əliyevdir. Ulu Öndərin ideyalarını və irsini mükəmməl mənimsəyən, onların həyata keçirilməsində yeni uğurlar qazanan Prezident İlham Əliyev çağdaş zamanımızda multikultural dəyərlərin himayəçisi kimi çıxış edir. Azsaylı xalqların, dini konfessiyaların hüquqlarının qorunmasında, mədəni müxtəlifliyin saxlanılmasında, Azərbaycanın multikultural həqiqətlərinin qlobal miqyasda təqdim olunmasında Prezident İlham Əliyevin cahanşümul fəaliyyəti göz önündədir”, - deyə Xalq yazıçısı əlavə edib.
Şəhid Ruslan Cəfərovun anası Alimə Cəfərova belə bir mötəbər tədbirdə çıxış etməyin onun üçün həm şərəf, həm də böyük məsuliyyət olduğunu bildirib: “Azərbaycanın bugünkü qürurlu, suveren və qalib ölkə reallığı təsadüfi deyil. Bu yolun təməli xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər bizə təkcə müstəqil dövlət yox, mütərəqqi Konstitusiya, milli kimlik və sarsılmaz dövlətçilik ideologiyası miras qoyub. O Konstitusiya ki, bu gün hər bir Azərbaycan vətəndaşının hüququnun, ləyaqətinin və azadlığının təminatıdır. Bir ana olaraq deyirəm ki, övladım Vətən naminə, Heydər Əliyevin qurduğu dövlətin, İlham Əliyevin qoruduğu suverenliyin uğrunda canından keçdi. Bu, hər bir şəhid anasının ağrısını qürura çevirən ən böyük həqiqətdir”.
Alimə Cəfərova vurğulayıb ki, Heydər Əliyev ideyaları Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfəri təmin etdi: “44 günlük Vətən müharibəsi və bir günlük antiterror əməliyyatı göstərdi ki, ölkəmizin Konstitusiyası real həyatda – döyüş meydanında, siyasi masada, beynəlxalq hüquqda öz sözünü deyir. Fəxrlə ifadə edirik ki, şəhidlərimizin qanı yerdə qalmadı. Onların qanı müstəqilliyimizin möhürü, suverenliyimizin imzası oldu. Bu gün üçrəngli bayrağımız bütün ərazilərimizdə dalğalanırsa, bu, Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev qətiyyətinin nəticəsidir. “Konstitusiya və Suverenlik İli” bizim üçün təkcə təqvim ili deyil. Bu il xalqımız üçün milli qürur ilidir. Dövlətimizin bizə göstərdiyi diqqət və qayğı sübut edir ki, Azərbaycan öz qəhrəmanlarını unutmur. Oğlum Ruslan Cəfərov qalib xalqın şəhididir. İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da güclənəcək, şəhidlərimizin ruhu daim şad olacaq. Dövlətimizin başçısına bir şəhid anası kimi təşəkkür edirəm. Yaşasın müstəqil, suveren və qalib Azərbaycan!”.
Daha sonra çıxış edən Vətən müharibəsi iştirakçısı, qazi Rüfət Salmanov deyib: “Bu gün bu tribunada təkcə bir qazi kimi yox, həm də Azərbaycan Ordusunun bir əsgəri, qalib xalqın nümayəndəsi olaraq çıxış etmək mənim üçün böyük şərəfdir. Milli Konstitusiyadan mütləq suverenliyə aparan yolun canlı şahidi və iştirakçısı olmaq taleyin bizə verdiyi böyük məsuliyyətdir. Biz döyüşə gedəndə bir amalımız vardı: dövlətimizin suverenliyini tam bərpa etmək. Biz bilirdik ki, arxamızda Ulu Öndər Heydər Əliyevin qurduğu güclü dövlət, önümüzdə isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi dayanır. Bu inam bizi məğlubedilməz etdi”.
R.Salmanov bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin memarıdır: “O, Konstitusiya ilə xalq-dövlət-ordu birliyinin əsasını qoydu. Biz Vətən müharibəsində həmin Konstitusiyanın canlı qüvvəsi olduq. Döyüş meydanında hər addımda hiss edirdik ki, bu mübarizə haqq işidir, beynəlxalq hüquqa, milli iradəyə və Konstitusiyaya söykənir. Prezident İlham Əliyev bu irsi zirvəyə daşıdı. Ali Baş Komandan kimi verdiyi hər qərar, göstərdiyi qətiyyət orduda ruh yüksəkliyi yaratdı. Biz bilirdik ki, bu savaşın sonunda mütləq qələbə olacaq. Çünki bu, sadəcə hərbi əməliyyat deyil, suverenlik mübarizəsi idi. Qazi kimi fəxrlə deyirəm ki, Azərbaycan əsgəri yalnız əzəli torpaqları üçün yox, həm də dövlət, bayraq, Konstitusiya üçün döyüşdü. Bu gün Azərbaycanın tam suverenliyi reallıqdırsa, bu, Ümummilli Lider Heydər Əliyev ideyalarının Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilməsinin nəticəsidir. “Konstitusiya və Suverenlik İli” bizim üçün döyüş yolunun siyasi davamıdır. Bu fakt sübut edir ki, Azərbaycan artıq öz taleyinin tam sahibidir. Ordusu güclü, xalqı həmrəy, Lideri qətiyyətli olan dövlət heç vaxt yolundan dönməz”.
Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Sonra konsert proqramı təqdim olunub.
Azərbaycanın Qəzzadakı sülhməramlı missiyada iştirakından danışmaq hələ tezdir - Hikmət Hacıyev
Azərbaycan Prezidenti: Ukrayna, Moldova, Gürcüstan ərazilərində separatçı yuvalar var
Separatçılığın kitabı bağlandı və Azərbaycan xalqı artıq bir neçə aydır ki, sülh içində yaşayır
Vaxtilə "Qarabağ Ermənistandır və nöqtə" deyənlər "Qarabağ Azərbaycandır!" deməyə məcbur oldular
Ukrayna, Moldova, Gürcüstan ərazilərində separatçı yuvalar var - Azərbaycan Prezidenti
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik