Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev onilliklərlə davam edən işğal faktına son qoymuş, beynəlxalq hüququn normalarına əsaslanaraq, dövlətimizin suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməklə, regionda yeni reallıq yaratmışdır. Cəmi 44 günə tarixi Zəfər əldə edən Ali Baş Komandan uğurlu diplomatik səyləri nəticəsində sülhü də qazanmışdır. Ölkəmiz bu gün müstəqil və milli maraqlara əsaslanan prakmatik siyasət yürüdən, beynəlxalq birlik tərəfindən hesablaşılan güclü ölkədir.
Dövlət idarəçiliyinin təkmilləşdirilməsi və institusional islahatların aparılması, sosial rifahın artırılması və əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, regionların sosial-iqtisadi inkişaf proqramlarının həyata keçirilməsi, infrastruktur layihələrinin genişləndirilməsi (yollar, enerji, su və sosial obyektlər) və sair bu kimi prioritetlərin həyata keçirilməsi Prezident İlham Əliyevin daxili siyasətinin əsas istiqamətləridir. Onun rəhbərliyi dövründə ölkədə bir sıra inzibati və struktur islahatları aparılmış, elektron hökumət və rəqəmsal xidmətlər genişləndirilmişdir.
İlham Əliyevin iqtisadi siyasəti neft-qaz gəlirlərinin səmərəli idarə olunması və iqtisadiyyatın şaxələndirilməsinə yönəlmişdir. Neft Fondunun fəaliyyəti, qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatı, sənaye parkları və ixracın təşviqi bu siyasətin əsas komponentləridir. Azərbaycanın beynəlxalq enerji layihələrində iştirakı, o cümlədən regional enerji və nəqliyyat dəhlizlərinin formalaşdırılması ölkənin iqtisadi və geosiyasi əhəmiyyətini artırmışdır.
Ölkə Başçısı İlham Əliyev təhsil, səhiyyə, mədəniyyət və idman sahələrinin inkişafını dövlət siyasətinin prioritet istiqamətləri sırasında saxlamışdır. Mədəni irsin qorunması, beynəlxalq idman yarışlarının təşkili və gənclər siyasəti bu sahədə görülən işlərin əsas istiqamətlərindəndir.
Prezident İlham Əliyev Silahlı Qüvvələrin modernləşdirilməsinə və müdafiə qabiliyyətinin gücləndirilməsinə xüsusi diqqət yetirmişdir. Onun Ali Baş Komandan kimi fəaliyyəti dövründə hərbi islahatlar aparılmış, ordu maddi-texniki baxımdan gücləndirilmişdir. Prezident İlham Əliyev Vətən müharibəsi dövründə Ali Baş Komandan kimi hərbi əməliyyatlara ali səviyyədə rəhbərlik etmiş, ordunun maddi-texniki bazasının gücləndirilməsini, müasir silah və texnologiyalarla təchizatı, peşəkar hərbi kadrların hazırlanmasını və hərbi idarəetmə sisteminin təkmilləşdirilməsini təmin etmişdir. Müharibə zamanı aparılan əməliyyatlar planlı, mərhələli və yüksək koordinasiya ilə həyata keçirilmişdir.
Prezident İlham Əliyev 44 gün ərzində yalnız hərbi və siyasi lider deyil, eyni zamanda informasiya müharibəsinin əsas siması kimi çıxış etmişdir. Onun dəqiq, ardıcıl və faktlara əsaslanan açıqlamaları dezinformasiyaların qarşısını almış, Azərbaycanın haqlı mövqeyini beynəlxalq auditoriyaya çatdırmış, ictimaiyyətin düzgün məlumatlandırılmasını təmin etmişdir.
Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış böyük uğurla davam edir. Qarabağ və Şərqi Zəngəzurun bərpası və Böyük Qayıdış Proqramı çərçivəsində genişmiqyaslı tədbirlər görülür. Minatəmizləmə prosesi ilə paralel olaraq yollar, körpülər, kommunikasiya xətləri, enerji və su infrastrukturu qurulur. Azərbaycan öz gücünə arxalanaraq torpaqlarını yenidən qurur və gələcək nəsillərə daha yaxşı yaşayış şəraiti təqdim etməyi hədəfləyir. Bu, Prezident İlham Əliyevin ərazilərimizin yenidən dirçəldilməsində güclü qətiyyətinin nəticəsidir.
Bu gün işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri dünya miqyasında unikaldır. “Böyük Qayıdış” proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda “ağıllı şəhər”, “ağıllı kənd”, “yaşıl enerji zonası” prinsipləri əsasında yeni həyat qurulur. Azərbaycan təkcə ərazilərini deyil, həm də mədəni və ekoloji irsini bərpa edir. Məhz bu strateji baxışın davamıdır ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilmişdir. Bu qərar Azərbaycanın yalnız daxili inkişaf prioritetlərini deyil, eyni zamanda qlobal məsuliyyətini və beynəlxalq hədəflərini əks etdirir.
İlham Əliyev Azərbaycanın beynəlxalq mövqeyini gücləndirmək üçün müstəqil və balanslı xarici siyasət həyata keçirmişdir. BMT-dən sonra ən böyük platforma olan, ölkələrin sayına və fəallığına görə seçilən Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə uğurlu rəhbərlik edən cənab İlham Əliyev təşkilatın beynəlxalq nüfuzunu artırmışdır və inkişafına böyük töhfə vermişdir.
Prezident İlham Əliyevin növbəti uğuru BMT-in İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına ev sahibliyinin dünyanın 200-ə yaxın ölkəsi tərəfindən Azərbaycana həvalə olunması oldu. Uğurlu COP29 tədbirinin keçirilməsi də beynəlxalq arenada qazandığımız növbəti nailiyyət oldu. Türk Dövlətləri Təşkilatının regionda güc mərkəzinə çevrilməsində məhz cənab Prezident İlham Əliyevin böyük dəstəyi olmuş, türk dövlətlərinin inteqrasiyasını təşviq edərək regional əməkdaşlığı gücləndirmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi dövründə ölkədə siyasi sabitliyin qorunması, iqtisadi inkişafın təmin edilməsi və Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilmişdir. İlham Əliyev Azərbaycan dövlətçiliyinin davamlılığı və strateji maraqlarının təmin olunması baxımından mühüm rol oynayan siyasi liderdir.
Milli Məclisin deputatı Pərvanə Vəliyeva