19 dekabr 2025 08:14
127

Dünya Azərbaycanlılarının Həmrəyliyi günü Vaşinqtonda qeyd edilib

Vaşinqtonda Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə qəbul keçirilib.

“İki sahil” xəbər verir ki, qəbulda Azərbaycanın ABŞ-da səfirliyi ilə yanaşı, bu ölkədəki digər türkdilli ölkələrin diplomatları, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Omuraliyev, Azərbaycan və digər türk icmalarının nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra çıxış edən Azərbaycanın Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim builki tədbirin türk dünyasının təmsilçiləri ilə birlikdə xüsusi olaraq keçirildiyini bildirib. O, Azərbaycanın bu il TDT-yə sədrlik etdiyini vurğulayaraq Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Azərbaycan üçün prioritet məsələlərdən biri olduğunu vurğuladığını diqqətə çatdırıb. Səfir bu dövlətləri bir araya toplamaqdan qürur hissi keçirdiyini əlavə edib.

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliyev də çıxışında Dünya Azəbaycanlılarının Həmrəyliyi gününə həsr olunmuş tədbirdə iştirakdan qürur duyduğunu dilə gətirib. O, ilk dəfə bu il dekabrın 15-nin UNESCO tərəfindən Dünya Türk Dili Ailəsi Günü kimi qeyd olunduğunu vurğulayaraq bunun türk mədəniyyəti üçün böyük əhəmiyyət kəsb etdiyini deyib. O, türk dünyasının birlikdə daha güclü olduğunu bəyan edib.

Sonda müğənni Tereza Elizarovanın ifasında Azərbaycanın və digər türkdilli ölkələrin milli musiqiləri ifa olunub. Tədbirdə həmçinin qonaqlara Azərbaycan mətbəxinin təamları təqdim edilib.