19 dekabr 2025 00:58
147

Azərbaycan-BƏƏ münasibətləri: Əsl tərəfdaşlıq və dostluq nümunəsi

İki ölkə arasındakı qarşılıqlı səfərlər strateji dialoqu daha da möhkəmləndirir

Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında diplomatik münasibətlərin qurulması dövlət müstəqilliyimizin ilk dövrünə təsadüf edir. BƏƏ 1991-ci ilin 26 dekabr tarixində respublikamızın müstəqilliyini tanımışdır. Ölkələrimiz arasında diplomatik əlaqələr 1992-ci ilin 1 sentyabr tarixində qurulmuşdur. Hər iki dövlət beynəlxalq hüququn ümumi qəbul edilmiş norma və prinsiplərini rəhbər tutaraq əlaqələrini uğurla inkişaf etdirməkdədir. Həmin vaxtdan etibarən sabit inkişaf xətti götürərək tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlər bir çox mühüm hadisələrlə əlamətdar olmuşdur. Ölkə başçılarının qarşılıqlı səfərləri son illər sürətlə inkişaf edən ikitərəfli münasibətlərə əlavə impulslar vermiş və bir sıra uğurlu nəticələrlə yadda qalmışdır. Bu gün ölkələrimiz arasında mövcud olan münasibətlərin xarakteri deməyə əsas verir ki, dünya siyasətində özünəməxsus yeri olan Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanla mövcud əlaqələrin daha da genişləndirilməsində maraqlıdır. Bu maraq, ilk növbədə, Azərbaycanın Qərblə Şərqi qovuşduran geostrateji tranzit xətlərinin təmas məkanında yerləşməsi, qlobal enerji və kommunikasiya layihələrinin reallaşdırılmasında aparıcı rol oynaması, habelə zəngin intellektual resurslara malik olması ilə şərtlənir.

Birləşmiş Ərəb Əmirlikləri iqtisadiyyatın bütün sahələrində ölkəmizlə əməkdaşlıq əlaqələrini genişləndirməkdə maraqlıdır. Bu maraq ölkə rəhbərləri arasında aparılmış danışıqlarda, həmçinin iki dövlətin yüksək vəzifəli rəsmilərinin və iş adamlarının keçirdikləri görüşlərdə bir daha təsdiqlənmiş, bu münasibətlə hökumətlərarası sənədlər imzalanmışdır. Prezident İlham Əliyev indiyədək Birləşmiş Ərəb Əmirliklərinə 6 dəfə, BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan isə Azərbaycana 3 dəfə səfər edib. Bu səfərlər iki ölkə arasında strateji dialoqun və qarşılıqlı etimadın möhkəmlənməsində mühüm rol oynayıb. Səfərlər zamanı imzalanan sənədlər və razılaşmalar əməkdaşlığın strukturunu və gələcək hədəflərini dəqiqləşdirir. Belə ki, 2024-cü ilin yanvarında BƏƏ Prezidentinin Azərbaycana ilk rəsmi səfəri zamanı “Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb, 2025-ci ilin sentyabrında isə “Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə” qüvvəyə minib. Ümumilikdə, bu günədək Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında siyasi, iqtisadi, enerji, humanitar və mədəni sahələri əhatə edən 50-dən çox ikitərəfli sənəd imzalanıb ki, bu da münasibətlərin institusional əsaslar üzərində inkişaf etdiyini göstərir. Bu sənədlər Azərbaycan və BƏƏ arasında ikitərəfli münasibətləri keyfiyyətcə yeni mərhələyə qaldıraraq strateji tərəfdaşlığın bütün sahələrdə möhkəmlənməsinə xidmət edir.

Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi sahədə əməkdaşlıq son illərdə dinamik şəkildə inkişaf edir və konkret rəqəmlərdə öz təsdiqini tapır. Belə ki, cari ilin yanvar-oktyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artaraq 147,49 milyon ABŞ dollarına çatıb. Bu artım qarşılıqlı iqtisadi maraqların genişləndiyini, eyni zamanda, imzalanmış sazişlərin real nəticələr verdiyini göstərir. İnvestisiya sahəsində isə Azərbaycan İnvestisiya Holdinqi ilə Əbu-Dabi İnkişaf Holdinqi tərəfindən yaradılmış Birgə İnvestisiya Fondu bir sıra prioritet layihələrin maliyyələşdirilməsinə və uzunmüddətli iqtisadi əməkdaşlığın möhkəmlənməsinə şərait yaradır. Həmçinin iki ölkə arasında tranzit daşımaların həcminin 20 faizdən çox artması Azərbaycanın regional logistika mərkəzi kimi mövqeyinin möhkəmləndiyini və ticarət əlaqələrinin daha da genişləndiyini nümayiş etdirir.

Azərbaycan və BƏƏ arasında energetika sektorunda əməkdaşlıq ən strateji sahələrdən biridir. SOCAR, ADNOC və “Masdar” şirkətləri arasında əlaqələr ölkələrarası enerji təhlükəsizliyinin təminatında həlledici rol oynayır. 2023-cü ildə SOCAR, “TotalEnergies” və ADNOC arasında “Abşeron” qaz-kondensat yatağında ADNOC-un 30 faiz iştirak payı əldə etməsi Azərbaycan-BƏƏ əməkdaşlığının strateji xarakterini göstərir. ADNOC-un xaricdə ilk “upstream” investisiyası kimi bu layihə qarşılıqlı etimadın və əlverişli investisiya mühitinin göstəricisidir. SOCAR və ADNOC arasında SARB və “Umm Lulu” yataqlarında iştirak paylarının dəyişdirilməsi sahəsində də razılaşmalar imzalanıb. Həmçinin Azərbaycan Energetika Nazirliyi və “Masdar” şirkəti arasında 2021-2023-cü illərdə bir sıra investisiya və əməkdaşlıq müqavilələri imzalanıb. Bu sənədlər çərçivəsində 1 GVt gücündə Günəş və külək enerjisi layihələrinin hazırlanması, 2 GVt gücündə stansiyaların qurulması və 1000 MVt yaşıl enerji layihələrinin reallaşdırılması planlaşdırılır. 2024-cü ilin noyabrında “SOCAR Green”, “Masdar” və “ACWA Power” şirkətləri arasında Xəzər dənizində külək enerjisi üzrə Anlaşma memorandumunun imzalanması isə gələcəkdə enerji sektorunda əməkdaşlığın yeni mərhələsini açır.

Qeyd edək ki, BƏƏ Azərbaycan iqtisadiyyatına indiyədək 2,5 milyard dollar həcmində investisiya yatırıb, ölkəmizdə 360-dan çox BƏƏ şirkəti fəaliyyət göstərir. Nizamnamə kapitalı 1 milyard dollar olan Birgə İnvestisiya Fondu, həmçinin bərpaolunan enerji layihələri – Qaradağ, Biləsuvar, Neftçala Günəş Elektrik stansiyaları və Abşeron–Qaradağ Külək Elektrik Stansiyası əməkdaşlığın real nəticələridir. “Masdar” şirkəti işğaldan azad edilmiş ərazilərdə də aktiv fəaliyyət göstərir, BƏƏ bu ərazilərin minalardan təmizlənməsi üçün 5 milyon dollar maliyyə dəstəyi ayırıb. Bu tərəfdaşlıq, həmçinin BƏƏ-nin beynəlxalq humanitar siyasətində əsas tutduğu prinsiplərin, - insan təhlükəsizliyi, davamlı inkişaf və sülh quruculuğunun, - Azərbaycan kontekstində təzahürüdür. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və yenidənqurma işləri regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi baxımından strateji əhəmiyyətə malikdir. BƏƏ-nin bu prosesi fəal şəkildə dəstəkləməsi isə iki ölkə arasında etibarlı, davamlı və səmərəli tərəfdaşlığın formalaşdığını göstərir.

Bu günlərdə Prezident İlham Əliyevin BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə bu ölkəyə səfəri iki dövlət arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi. Azərbaycan və BƏƏ arasında əlaqələrin yalnız rəsmi-siyasi müstəvidə deyil, mədəni və humanitar sahələrdə də inkişaf etməsi münasibətlərin uzunmüddətli və dayanıqlı xarakter daşıdığını göstərir. Prezident İlham Əliyevin "Gələcəyin Oyunları 2025" turnirinin açılış mərasimində iştirakı səfərə əlavə simvolik məna qatdı. Bu tədbir idmanın ənənəvi formaları ilə rəqəmsal texnologiyaların sintezini özündə birləşdirərək gələcək nəsillərə və innovasiyaya yönəlmiş baxışı təcəssüm etdirir. Azərbaycanın dövlət başçısının belə bir tədbirdə iştirakı ölkəmizin müasir trendlərə, rəqəmsallaşmaya və gənclər siyasətinə verdiyi önəmin göstəricisi kimi də dəyərləndirilə bilər. Səfər çərçivəsində Prezident İlham Əliyevin şərəfinə rəsmi naharın verilməsi, tərəflər arasında mövcud olan yüksək səviyyəli etimad və dostluq münasibətlərinin protokol səviyyəsində də təsdiqidir. Bu cür jestlər diplomatik əlaqələrin səmimiliyini və möhkəm təməl üzərində qurulduğunu bir daha sübut edir.

Qeyd edək ki, “Gələcəyin Oyunları” turniri hər il təşkil olunur və idmançıların həm fiziki, həm də rəqəmsal oyunlar üzrə bacarıqlarını nümayiş etdirdiyi qlobal platformadır. Turnirin təşkilatçısı “Phygital International” fiziki və rəqəmsal oyunların birgə keçirilməsini təşviq edir. Yarış iki mərhələdə keçirilir: idmançılar ilkin mərhələdə fiziki idman növləri, ikinci mərhələdə isə rəqəmsal oyun bacarıqları üzrə sınaqdan keçirilir. Dekabrın 18-dən 23-dək Əbu-Dabi Milli Sərgi Mərkəzində təşkil olunacaq builki turnirə müxtəlif ölkələrdən idmanın 11 növü üzrə iştirakçıların qatılması nəzərdə tutulub.

Sevinc Azadi, “İki sahil”