17 dekabr 2025 10:25
66

Xaçmazda 8 188 fermer əkinlərini bəyan edərək subsidiya almaq hüququ qazanıb

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) payızlıq əkinlərin və çoxillik əkmələrin bəyanı davam edir. Taxıl səpinini başa çatdırmış fermerlər EKTİS-də öz şəxsi kabinetlərini aktivləşdirərək, torpaq üzərində mülkiyyət sənədlərini və əkin məlumatlarını sistemə daxil edirlər. Paralel olaraq EKTİS-də çoxillik əkmələrin bəyanı da həyata keçirilir.

“İki sahil” xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, öz əkinlərini bəyan etmək istəyən fermerlərə bölgələrdə fəaliyyət göstərən Dövlət Aqrar İnkişaf Mərkəzlərində texniki dəstək göstərilir. Fermerlər məlumat bölməsindən müvafiq sıra növbəsi götürərək xidmət pəncərələrinə yaxınlaşaraq sənədlərini DAİM əməkdaşlarına təqdim edir, əməkdaşların köməyi ilə payızlıq əkinlərin EKTİS-də bəyan prosedurunu tamamlayırlar. Xidmət pəncərələrinə yaxınlaşan fermerlərə əkinlərin bəyan proseduru, aqrokimyəvi analizlərin verilməsi qaydası, aqrar sığorta tələbi, monitorinqlərin keçirilməsi, subsidiyaların ödəniləcəyi tarixlər barədə geniş məlumat verilir.

Nazirlik tərəfindən bölgələrdə payızlıq əkinlərin bəyanı ilə əlaqədar məlumatlandırma sessiyaları davam edir. Fermerlər həmçinin aqrar sahəyə dövlət dəstəyi mexanizmləri, bu sahədə tətbiq olunan yeni qaydalar, Aqrar Subsidiya Şurasının 2026-cı təsərrüfat ili üçün qəbul etdiyi qərarlar barədə məlumat əldə edirlər.

Xaçmaz rayonunda keçirilən müvafiq məlumatlandırma sessiyası zamanı fermerlərin aqrar sahənin subsidiyalaşdırılması mexanizmləri və digər sualları cavablandırılıb. Qeyd olunub ki, dekabrın 17-dək Xaçmaz rayonu üzrə 8 188 fermer artıq öz əkinlərini bəyan ediblər. EKTİS-ə fermerlər tərəfindən 22 917 bəyan sənədi yüklənib. Xaçmaz rayonu əsasən meyvəçilik üzrə ixtisaslaşdığına görə EKTİS-ə yüklənən bəyan sənədlərinin təxminən 77 faizi, yəni 17 635 bəyan çoxillik əkmələrlə bağlıdır. Rayon üzrə payızlıq əkinlərə dair 5 282 bəyan EKTİS-ə işlənib.

Xaçmaz rayonu üzrə əkin bəyanları ümumilikdə 20 912 hektar sahəni əhatə edir.

Subsidiyaların verilməsinin elektronlaşdırılması rayonlar və ümumi respublika üzrə əknilərin strukturunu tam dəqiqliklə müəyyənləşdirməyə imkan verir. Təhlil üçün lazım olan dataların əksəriyyəti payızlıq və yazlıq əkinlərin bəyanı zamanı EKTİS-də formalaşır. Mövcud bəyanlar Xaçmaz rayonu üzrə meyvə bağlarının strukturunu müəyyən etməyə imkan yaradır. Dekabrın 16-dək Xaçmaz rayonu üzrə 4297 fermer fındıq bağını, 2949 fermer gilas bağını, 1868 fermer şaftalı bağını, 558 fermer gavalı bağını, 407 fermer alma bağını, 215 fermer xurma bağını, 200 fermer armud bağını, 195 fermer qaysı bağını, 143 fermer alça bağını, 102 fermer nektarin bağını, 70 fermer ərik bağını, 43 fermer qoz bağını, 39 fermer albalı bağını, 33 fermer zoğal bağını, 18 fermer badam bağını, 13 fermer heyva bağını, 11 fermer əzgil bağını, 16 fermer üzüm bağını (süfrə və texniki), iki fermer nar bağını, 1 fermer püstə bağını, 1 fermer isə əncir bağını EKTİS-də bəyan edərək subsidiya üçün müraciət edib.

Qeyd edək ki, EKTİS-də respublika üzrə payızlıq əkinlərin bəyanı prosesi dekabrın 30-da başa çatacaq.