13 dekabr 2025 19:56
100

Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Rumıniyadakı səfiri ilə görüşüb

Rumıniya Vəkillər Kollegiyasının (RVK) dəvəti ilə bu ölkənin paytaxtı Buxarest şəhərində səfərdə olan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın bu ölkədəki səfirliyini ziyarət edib.

“İki sahil” xəbər verir ki, mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ziyarət zamanı qonaqlar səfirliyin heyəti ilə görüşüb, iş şəraiti ilə maraqlanıblar.

Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov iki ölkə arasında münasibətlərin son illər dinamik şəkildə inkişaf etdiyini diqqətə çatdırıb. O, hüquq sahəsində əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, bu istiqamətdə Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə əlaqələrin genişləndirilməsinə və zəruri dəstəyin göstərilməsinə hazır olduqlarını bildirib.

Anar Bağırov Rumıniyaya səfərin əsas məqsədinin iki ölkə arasında vəkillik sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi olduğunu vurğulayıb. Sədr Azərbaycanda məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi, vəkillik fəaliyyətinin davamlı inkişafı istiqamətində həyata keçirilən islahatlardan bəhs edib, vəkillik institutunun müstəqilliyinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırıb. Anar Bağırov müstəqil Azərbaycanın Konstitusiyasının məhz Ulu Öndərin rəhbərliyi ilə hazırlandığını xatırladaraq, bu sənədin hüquqi dövlət quruculuğunda mühüm rolunu xüsusi qeyd edib.

Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda Anar Bağırov səfirliyə Kollegiyanın rəsmi emblemini və Konstitusiya kitabını hədiyyə edib.