Azərbaycan və Ermənistan arasında əldə olunmuş Vaşinqton razılaşmaları Cənubi Qafqazda və onun hüdudlarından kənarda hərtərəfli əməkdaşlığın inkişafı üçün geniş imkanlar açır.
Bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad Forumunda bildirib: "Hesab edirik ki, Azərbaycan və Ermənistanın sülh haqqında Birgə Bəyannamə imzalaması tarixi əhəmiyyətə malikdir və bu, regionda və onun hüdudlarından kənarda hərtərəfli əməkdaşlıq üçün geniş perspektivlər açır. Cənubi Qafqazda sabitliyi təmin edəcək tamformatlı sülh müqaviləsinin tezliklə bağlanacağına ümid edirik.”
Bəli, bu gün Bakı və İrəvanın yaxın gələcəkdə yekun sülh sazişi imzalayacağına ümidvar olduğunu bildirən təkcə Tokayev deyil. Artıq dünyanın bir çox siyasətçiləri də bu fikirdədirlər. Məsələn, dekabrın 4-də Almaniya Federativ Respublikasının Kansleri Fridrix Mertslə Prezident İlham Əliyev arasında aparılan telefon danışığı zamanı sülh gündəliyi müzakirə mövzusu olub. Hətta Fridrix Merts Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində əldə olunmuş nailiyyətlər münasibətilə Prezident İlham Əliyevi təbrik edib. Ermənistanın bir sıra rəsmiləri də iki ölkə arasında Vaşinqtonda başlanmış sülh danışıqlarının artıq bir sıra praktiki nəticələr verdiyini etiraf ediblər. Bütün bunlar isə o deməkdir ki, İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra ölkəmizin bölgədə sülhü təşviq edən səyləri beynəlxalq müstəvidə də təqdir edilir və yüksək qiymətləndirilir.
Həqiqətən də 2025-ci ilin avqustunda ABŞ-ın vasitəçiliyi ilə sülh sazişinin mətninin paraflanması prosesin strateji mərhələyə keçidini təmin edib. Bu məqamda Prezident İlham Əliyevin Bakıda "Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası - ədalətə, barışığa və sülhə aparan yol kimi" mövzusunda keçirilən III beynəlxalq konfransın iştirakçılarına müraciətindəki aşağıdakı fikri xatırlatmaq da yerinə düşər: "2025-ci il avqustun 8-də Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın bir araya gəlməsi, Birgə Bəyannamənin imzalanması və sülh sazişi layihəsinin paraflanması hər iki xalqın gələcək birgəyaşayışının təmin olunması üçün ümid və inam yaradır".
Hazırda Azərbaycanın Ermənistanla sülh sazişi imzalaması üçün yalnız bir şərti qalır. Belə ki, sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasına düzəliş edərək Azərbaycana olan ərazi iddialarını aradan qaldırmalıdır. Amma belə bir dönəmdə bu prosesə mane olmağa çalışanlar, son qoyulmuş konflikti yenidən alovlandırmaq istyənlər yenidən aktivləşiblər. Bu sırada “Qarabağ klanı”nın “xaç atası”, avqustun 8-də Ağ Evdə əldə olunan razılaşmaları sərt tənqid edən, onları “kağız parçası” adlandıran Xocalı canisi Robert Koçaryan daha çox fərqlənir. Robert Koçaryan bildirib ki, 2021-ci il seçkilərində onun partiyası qalib gəlsəydi, guya Qarabağdan erməni köçü baş verməzdi. Şübhəsiz, o bu sözlərlə Azərbaycanın real gücünü kiçiltməyə səy göstərib. Şübhəsiz, bütün bunlar bir daha sübut edir ki, Koçaryan bu kimi fikirləri ilə 2026-cı il iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərinin favoritinə çevrilmək niyyətindədir.
Bəs erməni xalqı bu revanşistin ardınca gedəcəkmi, onu dəstəkləyəcəkmi? Siyasətçilərin fikrincə, erməni seçicisinin əksəriyyətinin ona “yox” demək ehtimalı daha yüksəkdir. Elə sadə ermənilərin Koçaryan-Sarkisyan çağırışlarına laqeyd yanaşmaları, onlara etibar nümayiş etdirməmələri də bundan xəbər verir. Çünki indi onlar yaxşı başa düşürlər ki, Koçaryanın və yaxud onun tərəfdaşlarından birinin yenidən hakimiyyətə gəlişi Ermənistana yaxşı heç nə vəd etmir. Həm də anlayırlar ki, indi ölkələrinin sülhdən başqa çıxış yolu yoxdur. Onlar bunu da anlayırlar ki, bu gün Koçaryan həqiqətən də Ermənistanın boğazındakı ilgəkdir. Odur ki, laqeyd münasibət göstərməklə ondan qurtulmağa çalışırlar.
Qvami Məhəbbətoğlu, “İki sahil”