04 dekabr 2025 14:12
134

Balıq yarmarkasının keçirilməsində məqsəd... - Ceyhun Əliyevdən AÇIQLAMA

“Bu gün Neftçalada keçirilən məhsul yarmarkası Aqrar İnnovasiya Mərkəzi, Balıqçılıq və Akvakultura Mərkəzi və Neftçala Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilir”.

"İki sahil"in Neftçalaya ezam olunmuş əməkdaşı xəbər verir ki,  bu sözləri Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev deyib.

Onun sözlərinə görə, balıq yarmarkasının məhz Neftçalada təşkili təsadüfi deyil: “Neftçala tarixən balıqçılıq ənənələri olan bir rayondur və bu sahə həm rayonun mədəniyyətinin, həm də mətbəxinin vacib hissəsidir. Rayon uzun illərdir balıqçılıq və akvakultura ilə bağlı ixtisaslı kadrların yetişdirilməsində mühüm rol oynayır. Hazırda da bölgədə böyük akvakultura müəssisələri və nərəçilik təsərrüfatları fəaliyyət göstərir."

C.Əliyev vurğulayıb ki, yarmarkada müxtəlif şirkətlərin stendləri nümayiş etdirilir, həm Neftçala, həm də ətraf rayonlardan iştirakçılar qatılıb: "Tədbir çərçivəsində balıq ehtiyatlarının bərpası məqsədilə balıq buraxılışı da həyata keçirilib. Bu prosesdə həm mərkəzin tabeliyində olan təsərrüfatlar, həm də özəl şirkətlər iştirak edir.
Ümumilikdə, tədbirin məqsədi balıqçılıq və akvakultura sahəsinin təbliği, ölkədə balıq ehtiyatlarının dayanıqlılığının təmin edilməsi, aqrar sahədə innovativ yeniliklərin geniş ictimaiyyətə çatdırılması və istehsalçılarla istehlakçılar arasında birbaşa ünsiyyətin qurulmasıdır”.

Orxan Vahidoğlu, "İki sahil"