Və ya quyruq əzik başı xilas etmir
Oyuncaq “milli şura”nın üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin Türkiyədən deport olunması cəmiyyətdə müzakirələr doğurub.
Xəbər verilir ki, Gültəkin Hacıbəyli sentyabrən 25-də Türkiyəyə getdiyini, izn verilən 3 aylıq müddətin hələ tamamlanmadığını, üstəlik, qardaş ölkədə 2 illik oturum izni olduğunu yazıb, dolayısı ilə deport olunmasına etirazını bildirib. Maraqlıdır ki, sabiq millət vəkili “qapısı döyülən” kimi haray-həşir salmış və bu sözləri yazmışdı:
“İndicə oğlumla birlikdə İstanbulda kirayədə yaşadığım evin qapısını döydülər, əmniyyətdən gəliblər, məni karakola (polis idarəsinə) aparırlar. Heç bir səbəb yoxdur, Türkiyəyə 25 sentyabrda gəlmişəm, 3 aylıq müddətim bitməyib, üstəlik iki illik oturma iznim var. Azərbaycan hökumətinin sifarişi ilə çox güman ki, Türkiyədən deportasiya olunacağam”.
Bu, nə təlaşdır? Günahı yoxdursa niyə narahat olur? Günahsızları dindirib məsələni aydınlaşdırandan sonra sərbəst buraxırlar. Ancaq Hacıbəyli nədənsə təşviş keçirib.
Təəccüblüdür ki, polis idarəsinə dəvət olunduğu halda deport olunacağını necə təxmin edib? Ümumiyyətlə, özü də fərqinə varmadan deport olunmasını niyə gündəmə gətirib? Niyə hansısa bir başqasını karakola aparıb dindirib-danışdıran yoxdur, məhz axtarıb Gültəkini tapıblar. Deməli, işin içində iş var. Sual verməkdənsə, bəhanə gətirməkdənsə qoy Gültəkin Hacıbəyli bunun səbəbini özündə axtarsın, Türkiyəyə niyə qaçdığını izah etsin.
Ondan başlayaq ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi ilə bağlı aparılan istintaqda adı keçənlərdən biri də Gültəkin Hacıbəylidir. Yəqin bunun üstünün açıldığını bildiyi üçün aradan çıxıb. O, istintaqın çağırışına cavab vermədiyi halda Türkiyəyə sorğu verilə bilərdi və yəqin ki, prosedur da bu cür baş verib: Gültəkin Hacıbəyli istintaqa dəvət edilib, imtina etdiyi üçün digər hüquqi yola əl atılıb.
Gültəkin Hacıbəylinin deport olunarkən Bakıda Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən qarşılandığı haqda informasiya da təsdiqləyir ki, o, istintaqdan yayınmağa cəhd edib. Gültəkin Hacıbəyli ona görə “karakola” dəvət edilən kimi deport ediləcəyini təxmin etmişdi, çünki hüquqi proseduru pozduğunu bilirdi.
“Məni karakola aparırlar. Heç bir səbəb yoxdur.” Ağ yalandır, səbəbsiz kimi polisə aparırlar? Özü niyə aparıldığını bilmirsə və ya bilib demirsə, biz deyək. Goranboydan deputat seçiləndə elə düşünüb ki, çox qiymətli kadrdır və əbədilik Milli Məclisdə olmalıdır. Lakin ikinci dəfə seçilməyəndə əsəbiləşərək radikal müxalifətə keçib. “Milli şura” adlandırılan oyuncaq quruma üzv olub. Sonra əqidəsizlik onu Vətənə xəyanət edənlərin-Ramiz Mehdiyev mafiyasının cərgəsinə aparıb. Yəni, boyundan yuxarı iddialara əsir olub. Düşünüb ki, arxasında Ramiz Ənvəroviç kimi dayaq var. Axı, ona da Gültəkin kimi yelbeyinlər lazım idi. Hətta şirnikləndirərək ona və atasına Bakının mərkəzi küçələrində sahəsi 170 kvadratmetr olan bahalı mənzillər də bağışlayıb. Ömür boyu ağır işlərdə çalışanlar belə mənzilləri yuxularında görə bilərlər. Hacıbəylinin öyrəşdiyi cəzbedici meşşan həyat tərzi onu bataqlığa çəkmişdi. Artıq xarici ölkələri su yoluna çevirmiş Gültəkin Hacıbəyli bu qədər pulu haradan və necə əldə edirdi? Axı, gərgin işi ilə ortabab həyat tərzi keçirənlər ildə yalnız bir dəfə xaricə getmək imkanına malik olurlar. Hacıbəyli hesabat versin ki, Türkiyədə kirayədə yaşayan oğlunu hansı pullarla təmin edir? Axı, heç yerdə işləmir. Məlumdur ki, orada-burada Azərbaycanı pisləyənlərə, iqtidara böhtan yağdıranlara, şər atanlara, zərərli təbliğat aparanlara pulu ölkənin düşmənləri verir. Ona görə də bəziləri vəzifədən uzaqlaşan günün səhəri müxalifətə keçdiyini bildirir, ölkənin, xalqın düşmənlərinin buyuruqlarına əməl etməyə başlayır. Bu, şəxsiyyətsizlikdən və əqidəsizlikdən başqa bir şey deyil. Belə mənəviyyatsızlar isə Ramiz Ənvəroviç kimi yüksək mənsəbli manqurtun kölgəsinə sığınıblar. İddiası bacarığından çox böyük olan Gültəkin Hacıbəyli kimi.
İlanın başı əziləndə quyruğunu ora-bura çırpır, xilas olmağa çalışır. Ancaq əzilən başı quyruğun xilas etməsi hələ görünməyib. Ramiz Ənvəroviçin quyruqları olan Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli və digər həbs növbəsini gözləyənlər onu xilas edə bilməzlər. Onlar öz başlarının hayına qalıblar. Ancaq çifayda.
Gültəkin Hacıbəyli Türkiyədən gətirilib. İndi istintaqa cavab verməli olacaq. Təəccüblüdür ki, vaxtilə Ramiz Ənvəroviçin “ətəyində namaz qılanlar” da mətbuatda, sosial şəbəkələrdə çıxış edərək dünənədək əmrlərini qul kimi yerinə yetirənlər “quyruqları” qapı arasında qalanda hiyləgərliklə bildirirlər ki, guya sabiq Adminstrasiya rəhbəri onların düşməni imiş, şirin həyatlarını o məhv edibmiş. İnandırmağa çalışırlar ki, ondan pislikdən savayı heç nə görməyiblər. İnanmaq olarmı? Əlbəttə, yox. O baxımdan çox güman ki, Gültəkin Hacıbəyli də qulluğunda durduğu, sifarişlərini can-başla yerinə yetirdiyi, yüz minlərlə dəyəri olan bəxşişlər aldığı Ənvəroviçin ona etdiyi yamanlıqlardan danışacaq, onu özünə düşmən elan edəcək. İnandırmaq və iz azdırmaq üçün bildiyi bəzi xəyanətlərdən də danışacaq. Bunu da görəcəyik. Vicdanını və şəxsiyyətini pula satanların aqibəti həmişə belə sonuclanır. Başqa cür də ola bilməz, çünki xəyanətkarlar çıxış yolu tapmayanda həm də namərd olurlar. Dövlətə xəyanət yolunu tutanların maska arxasında gizlətdikləri iyrənc iç üzləri tezliklə faş olacaq, xalq cilddən-cildə girən və ona nankorluq edənləri tanıyacaqdır.
Vəli İlyasov, “İki sahil”
Qafqazda Yeni Geopolitik Reallıq: Rusiya “köhnə qüvvələrdən” istifadə edə bilərmi?
Ramiz Mehdiyev oğlunu Patruşevlə niyə tez-tez görüşdürürmüş? - ŞOK FOTO YAYILDI