03 dekabr 2025 00:58
64

Paşinyan-kilsə savaşı: Rusiya erməniləri də baş nazirə qarşı çıxdı

Ermənistanda iqtidar-kilsə qarşıdurması dərinləşir. Əslində Paşinyan hakimiyyəti ilə kilsə arasında gərginlik xeyli müddətdir ki, mövcuddur. Amma bu il mayın sonlarından başlayaraq Ermənistanın baş nazirinin Erməni Apostol Kilsəsinin qanunsuz əməlləri ilə bağlı sosial şəbəkələr üzərindən paylaşımları qarşıdurmanı açıq müstəviyə keçirdi. İyunun 9-da isə Paşinyan sosial şəbəkədə bütün ermənilərin katolikosu II Qareginin könüllü olaraq subaylıq andını pozduğunu və övladının olduğunu bildirdi: “Bu, faktdır və əgər II Qaregin bunu inkar etməyə cəhd göstərsə, mən bunu lazımi formatda sübut edəcəm. Bununla əlaqədar olaraq, Erməni Apostol Kilsəsinin qaydasına görə, II Qaregin nə yepiskop, nə arxiyepiskop ola, nə də seçilə bilər. O, katolikos ola bilməz. Ktriç Nersisyan patriarx iqamətgahını boşaltmalıdır”. Erməni Apostol Kilsəsi artıq hakimiyyəti keşişlərə qarşı açıq düşmənçilikdə ittiham edir. Bu xüsusda kilsənin yaydığı bəyanatda qeyd olunur ki, ölkənin hakimiyyət orqanları ruhaniləri təqib etməklə, səlahiyyətlərindən sui-istifadə edərək, repressiyalar həyata keçirməklə, din xadimlərini və kilsə tərəfdarlarını nüfuzdan salmaqla Erməni Apostol Kilsəsini məhv etmək üçün bədnam plan həyata keçirir.

Bu günlərdə Erməni Apostol Kilsəsinin Rus və “Yeni-Naxçıvan” Yeparxiyası da Ermənistan hakimiyyətinin kilsəyə qarşı apardığı siyasətə dair kəskin bəyanatla çıxış edib. Yeparxiyanın ruhani rəhbərliyi yaydığı müraciətdə Paşinyan hökumətinin EAK-a, xüsusilə də kilsənin daxili idarəçilik sisteminə müdaxiləsini “təhlükəli və yolverilməz kurs” adlandırıb. Bəyanatda qeyd olunur ki, kilsənin daxilində hazırda gedən proseslər, qanuni seçilmiş katolikosun nüfuzdan salınması cəhdləri bütövlükdə erməni cəmiyyəti üçün ağır nəticələrə səbəb ola bilər. Məlumata görə, sənədi Rus və “Yeni-Naxçıvan” Yeparxiyasının bütün ruhaniləri imzalayıb. Yeganə istisna Maşatsots yeparxiyasının rəhbərinin qardaşı, Ermənistan hakimiyyətinə yaxın mövqeyi ilə tanınan keşiş Akop Saroyandır. O, sənədə imza atmaqdan imtina etməklə faktiki olaraq Paşinyan hökumətinin xəttinə sadiqliyini nümayiş etdirib. Yeparxiyanın bəyanatında Ermənistan hakimiyyəti açıq şəkildə “Kilsəni parçalamaq üçün məqsədyönlü kampaniya aparmaqda” ittiham olunur. Ruhani liderlər bildirirlər ki, kilsə təlimindən yayınma, Müqəddəs Liturgiyanın mətn və məzmununun ixtiyari şəkildə dəyişdirilməsi, dini qaydaların pozulması, o cümlədən qanuni seçilmiş katolikos II Qareginin tanınmamasına yönəlik addımlar tamamilə yolverilməzdir. Onların fikrincə, hökumət tərəfindən kilsə daxilində “alternativ mərkəzlər” formalaşdırmaq cəhdləri dini ənənəni sarsıdır, Eçmiədzinə sadiq ruhani və möminləri qarşı-qarşıya qoyur.

Qeyd edək ki, Rus və “Yeni-Naxçıvan” Yeparxiyası Erməni Apostol Kilsəsinin Rusiya Federasiyasındakı əsas strukturlarından biridir. Onun mənzil-qərargahı Moskvada yerləşir və Rusiya ərazisindəki erməni icmalarının böyük hissəsinə kilsə xidməti göstərir. Adındakı “Yeni Naxçıvan” komponenti isə əcaib məsələdir: bu, XVIII–XIX əsrlərdə azərbaycanlıların tarixi torpağı olan Naxçıvandan köçən (saxtalaşdırılmış tarixdir) erməni icmasının Don bölgəsində yaratdığı məskənə verilmiş addan gəlir. Yəni, söhbət Azərbaycanın Naxçıvan Muxtar Respublikasından yox, Rusiya ərazisində salınmış “Nor Naxicevan” (“Yeni Naxçıvan”) adlı erməni yaşayış məntəqəsindən gedir. Bununla belə, yeparxiyanın adında məhz “Naxçıvan” toponiminin saxlanılması erməni kilsəsinin və siyasi zümrəsinin illərlə davam edən toponim “miraslaşdırma” siyasətinin, xain erməni xislətinin bir nümunəsi kimi də qiymətləndirilir. Azərbaycan mənşəli coğrafi ad erməni dini strukturunun rəsmi tituluna çevrilib və bu, əslində kilsənin bizim Naxçıvana iddiasının bir növ sübutudur. Erməni xalqını türk-müsəlman kimliyinə qarşı düşmən kimi formalaşdıran da erməni kilsəsi üzərindən Rusiyadır. Kreml həm Ermənistanda, həm də Rusiyada yaşayan kilsəyə bağlı dindar erməniləri üsyana təhrik edir.

Xatırladaq ki, iki ay öncə təhlükəsizlik qüvvələri Araqatsotn Yeparxiyasının rəhbəri yepiskop Mkrtiç Proşyan da daxil olmaqla 13 din xadimini saxlayıb. Yepiskop da daxil olmaqla üç saxlanılan şəxs barəsində cinayət işi başlanıb. Onlara vətəndaşları ictimai toplantılarda iştirak etməyə məcbur etmə ittihamı ilə yanaşı, “Etibardan sui-istifadə etməklə özgənin əmlakını mənimsəmə, külli miqdarda və vəzifə səlahiyyətlərindən istifadə etməklə törədildikdə” və “Vəzifə mövqeyindən istifadə etməklə seçki hüquqlarının həyata keçirilməsinə mane olma” maddələri ilə ittiham irəli sürülüb. Erməni mediası yazır ki, hakimiyyətin ruhanilərə hücumu bütün yeparxiyanı iflic vəziyyətinə salıb. Hazırda Erməni Apostol Kilsəsinin üç yeparxiyasının rəhbərləri dəmir barmaqlıqlar arxasındadır: Araqatsotndan Proşyan, Şirakdan Mikael Ajapaxyan və Tavuşdan Baqrat Qalstanyan. Ajapaxyan dövlət çevrilişinə çağırışa görə 2 il, Qalstanyan isə üsyan hazırlamağa görə 15 ilə qədər həbs cəzası ala bilər.

Sevinc Azadi, “İki sahil”