AXCP sədri Əli Kərimlinin və müşaviri Məmməd İbrahimin həbs edilməsindən, "Milli Şura"nın üzvü Gültəkin Hacıbəylinin deportasiyasından sonra Ramiz Mehdiyevin dövlət çevrilişi planında bu və digər rollarda yer almış marginallar instinktiv olaraq "təkzib" xarakterli hərəkət və cavabları ilə özlərini ifşa edir, ələ verirlər. Elə Milli Şuranın sədri Cəmil Həsənlinin son facebook statusunda olduğu kimi. Cemil Hasanli həmin yazısında taftalogiya ilə yanaşı özünüifşa məqamlarına da yer verib, kobud şəkildə desək, özünü yandırıb...
Əvvala onu bildirək ki, 2013-cü ildə Azərbaycanda Prezident seçkiləri dövrü idi. Rusiya isə seçkilərə müdaxilə etmək üçün Abbas Abbasovu, Söyün Sadıqovu dövriyyəyə çıxardı, "Milyarderlər ittifaqını" yaratdı, paralel olaraq bu təşkilatın maliyyəsi ilə Bakıda "Ziyalılar forumu" və "İctimai palata" adı altında müxalif qüvvələri bir yerə topladı, sonradan bütün prosesləri Milli Şuranın çətiri altına saldı. Bu məqamda isə Ramiz Mehdiyevin "xeyir-duası" ilə 2000 və 2005-ci illərdə deputat olmuş Cəmil Həsənli, eləcə də AXCP sədri Əli Kərimli ortaya çıxdı.

Əslində, 2003-cü ildə Gürcüstandan, 2004-cü ildə Ukraynadan, 2005-ci ildə Qırğızıstandan, 2012-ci ildə "Ərəb baharı"ndan sonra da Qərbin dəstəyini ala bilməyən Əli Kərimli ümidini Rusiyaya, əlaqələndirici və siyasi-ideoloji, maddi dəstəkçi kimi Ramiz Mehdiyevə bağlamışdı. Ona görə də, Rusiyanın Milli Şura ilə bağlı təklifi gələn kimi AXCP sədri razılaşdı. Məlum olduğu kimi o, bir müddət sonra Müsavatı və digər müxalifət partiyalarını sıxışdırıb Milli Şuradan uzaqlaşdırdı və Rusiyanın, Ramiz Mehdiyevin tək "ortağına" çevrildi. Çünki Rusiyadan gələn sifarişlər və Ramiz Mehdiyevin ssenariləşdirdiyi mitinqlər, aksiyalar əməlli-başlı böyük gəlir mənbəyi idi. Əli Kərimli bu gəliri heç kəslə bölüşmək istəmirdi...
Hadisələrin bu cür gedişatını Cəmil Həsənli nə qədər inkar etməyə çalışsa da, bumeranq effekti yaranır. Çünki Cəmil Həsənli faktlara və ictimaiyyəti maraqlandıran suallara cavab vermək əvəzinə əməllicə "küləkləyir", boş boğazlıq edir. Axı, hər kəsi düşündürən məsələ Əli Kərimlinin, Gültəkin Hacıbəylinin maliyyə, gəlir mənbəyi ilə bağlıdır. Cəmil Həsənli niyə bu məqamları görməzdən gəlir? Yaxud da ki, nə üçün Saleh Rüstəmlinin ifadəsinə, onun Əli Kərimliyə hər ay 20-30 min dollar pul göndərməsinə münasibət bildirmir? Və ya AXCP sədrinin müavini Seymur Hezinin FSB ilə bağlı iddialarına aydınlıq gətirmir? Əlbəttə, bu cür sualları artırmaq olar, amma cavabsız qalacağını düşünürük. Çünki Cəmil Həsənli öz dərisini xilas etməyə çalışır...
İndi isə Cəmil Həsənlinin "dahi" biri kimi guya ictimaiyyətin səhvini tapmış tək haqqında danışdığı şəkilə gələk. Birincisi, kim, nə zaman, harada yazıb ki, Əli Kərimlinin və Cəmil Həsənlinin Rüstəm İbrahimbəyovla çəkdirdiyi şəkil 2013-cü ilə aiddir? İkincisi, Cəmil Həsənli bu şəklin tarixçəsini özü yazmaqla daha bir maraqlı məqamın üstünü açıb, amma bu dəfə də özünü və Əli Kərimlini ifşa edib.
Əvvala, qeyd edir ki, şəkil 2016-cı ildə çəkilib. Bəli doğrudur. Lakin Cəmil Həsənli bir məqamı unudub, təsadüfən yaddaşları təzələyib. Belə ki, 2013-cü ildə Rusiyanın Azərbaycanla bağlı planları fiaskoya uğradıqdan sonra 2015-ci ildə parlament seçkiləri ərəfəsində Azərbaycana təzyiq etmək üçün yenidən Abbas Abbasov gündəmə gətirilir. Onun təxminən yanvarın sonu fevralın əvvəllərində Moskvada Rüstəm İbrahimbəyovla görüşü keçirilir. Görüşdə o zaman Dağıstanın rəhbəri olmuş Ramazan Abdulatipov da iştirak edir. Məhz bu görüşdən sonra Rüstəm İbrahimbəyov açıqlamasında bildirir ki, Milli Şura mart ayından mitinqlərə başlayacaq. Bu açıqlamadan cəmi bir ay sonra - fevralın 28-də Milli Şura Koordinasiya Mərkəzi martın 15-nə mitinq təyin edir. Aprelin 5-dən başlayaraq isə aksiyalara start verilir.
Eyni ssenari üzrə 2016-cı ildə də Milli Şura mitinqlər, aksiyalar tapşırığı alır. AXCP sədri Əli Kərimli, Milli Şura sədri Cəmil Həsənli, Milli Şura KM üzvü Gültəkin Hacıbəyli Rusiyadan gələn tapşırıqları canla-başla yerinə yetirirlər. Odur ki, 2015 və 2016-cı illərdə Rüstəm İbrahimbəyov dəfələrlə Bakıda olur, Əli Kərimli və Cəmil Həsənli ilə "məhsuldar" görüşlər keçirir. Həmin görüşlərə dair bu şəkil bəlkə də yeganə deyil. Amma hələki ictimiyyətə bəlli olan budur...
Bir sözlə, ictimailəşmiş bu şəkil heç də onun tarixi ilə bağlı deyil, siyasi mahiyyəti ilə aydınlaşmalıdır. Əgər Cəmil Həsənli bu mövzunu davam etdirmək niyyətindədirsə, o zaman Saleh Rüstəmlinin 2017-ci ildə Əli Kərimliyə birdəfəlik göndərdiyi 175000 dollara aydınlıq gətirsin. Bəlkə o izah edər ki, Saleh Rüstəmli ilə Rusiya FSB-sini nə və ya kim birləşdirir? Yaxud, Saleh Rüstəmli kimin pulunu və hansı tapşırıqlar üzrə Əli Kərimliyə çatdırıb? Əgər bacararsa, özü kimi Əli Kərimlinin beynəlxalq konfransları bəhanə edib ölkədən qaçmaq cəhdlərinin səbəblərini açıqlasın. Niyə və kimlər Əli Kərimlini ölkədən qaçırmaq istəyirdi?
Bir sözlə, görünən odur ki, Ramiz Mehdiyevin AXCP-Milli Şura çətiri altında qurduğu xəyanət yuvası daha dərindir. Onun qazılması başqa kimləri ifşa edəcək, bunu zaman göstərəcək...
Ramil Vəlibəyov,
YAP Nizami rayon təşkilatının sədri
Qafqazda Yeni Geopolitik Reallıq: Rusiya “köhnə qüvvələrdən” istifadə edə bilərmi?