25 noyabr 2025 18:46
91

İpoteka və Kredit Zəmanət Fondunda iqtisadi sahədə ixtisaslaşmış ekspertlərlə görüş keçirilib

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun “2024-2026-cı illər üzrə Kommunikasiya strategiyası”na uyğun olaraq iqtisadi sahədə ixtisaslaşmış bir qrup ekspertlə görüş keçirilib.

“İki sahil” xəbər verir ki, kredit zəmanət mexanizminə həsr olunmuş görüşdə sahibkarlığın inkişafına dəstək alətləri barədə geniş təqdimat edilib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 noyabr 2017-ci il tarixli 1691 nömrəli Fərmanı ilə ölkədə ilk dəfə olaraq sahibkarların manatla aldıqları kreditlərə zəmanətin və bu kreditlər üzrə hesablanmış faizlərə görə subsidiyanın verilməsinə başlanılıb. Ötən dövrdə müvəkkil banklar tərəfindən Fondun zəmanəti ilə sahibkarlara 678 milyon manatdan artıq kredit verilib ki, bunun da 124 milyon manatı 2025-ci ilin yanvar-noyabr aylarının payına düşür. Fondun zəmanəti və faiz subsidiyası hesabına sahibkarlara ayrılan kreditlər hesabına maliyyələşdirilən layihələr çərçivəsində 6 mindən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulub.

Qeyd edilib ki, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2022-ci il tarixli 1832 nömrəli Fərmanı ilə yeni zəmanət alətləri olan kredit portfelinə təminat verilməsi və istiqrazlar üzrə emitentlərin (sahibkarların) öhdəliklərinə təminat verilməsi mexanizmləri yaradılıb və tətbiqinə başlanılıb. Yeni alətlərin tətbiqi qeyri-neft sektorunda fəaliyyət göstərən mikro və kiçik sahibkarların, eləcə də emitent şirkətlərin maliyyə vəsaitlərinə əlçatanlığının artırılmasına imkan verib.

Görüşdə ətraflı müzakirələr aparılıb, ekspertləri maraqlandıran suallar cavablandırılıb və onların təklifləri dinlənilib.