17 fevral 2026 15:28
139

Türkiyədəki elektrik stansiyası SOCAR-ın törəmə şirkətinin tərkibində fəaliyyətə başlayıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə "SOCAR Türkiyə" şirkətinin bir müddət əvvəl "GAMA Enerji A.Ş." şirkətindən satın aldığı və Kırıkkale şəhərində yerləşən İç Anadolu Təbii Qaz Birgə Dövr Elektrik Stansiyası "SOCAR Türkiyə"nin tərkibində fəaliyyətə başlayıb.

“İki sahil” xəbər verir ki, "SOCAR Türkiyə" və "GAMA Enerji A.Ş." arasında satış müqaviləsinin imzalanması ilə Kırıkkaledə yerləşən İç Anadolu Kombinasiyalı Dövr Təbii Qaz Elektrik Stansiyasının satınalma prosesi başa çatıb.

Məlumata görə, istehsal gücü 870 MVt olan bu elektrik stansiyası fevralın 2-dən etibarən "SOCAR Türkiyə"nin tərkibində fəaliyyət göstərir.

Açıqlamaya görə, elektrik stansiyası Türkiyənin strateji enerji mərkəzlərindən biridir və elektrik təchizatı təhlükəsizliyi üçün vacibdir: "Şirkət bu satınalma ilə mövcud enerji təchizatı və ticarət fəaliyyətlərini gücləndirərkən, təbii qazdan elektrik enerjisinə qədər ("Gas-to-Power") dəyər zəncirini tamamlayır. Belə ki, şirkət elektrik enerjisi ticarətini öz istehsal qabiliyyəti ilə dəstəkləyərək portfel çevikliyini və bazar dayanıqlılığını əhəmiyyətli dərəcədə artırır. Bununla da, istehsal fəaliyyətləri ilə inteqrasiya olunmuş, davamlı və rəqabətqabiliyyətli dəyər zənciri yaratma hədəfini qətiyyətlə davam etdirir".

Həmçinin, məlumatda deyilir ki, şirkətin bu investisiyası Azərbaycan və Türkiyə arasındakı köklü dostluq və strateji tərəfdaşlığın enerji sahəsində də güclü şəkildə əks olunduğunu göstərir. (Report)