Biləsuvar rayonunda Aqrar Biznes Festivalı və quşçuluğun inkişafına yönəlmiş “Hind quşu” festivalı çərçivəsində “Quşçuluğun dayanıqlı inkişafı: yeni çağırışlar və imkanlar” mövzusunda panel müzakirəsi təşkil edilib.
“İki sahil” xəbər verir ki, panel müzakirə Biləsuvar Rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilib. Tədbir qida təhlükəsizliyi, baytarlıq, heyvandarlıq, yem istehsalı və digər əlaqəli sahələrdə fəaliyyət göstərən dövlət qurumları və özəl sektor nümayəndələrinin bir araya gəldiyi əhəmiyyətli müzakirə platformasına çevrilib.
Panel müzakirənin açılış hissəsində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxış ediblər. Rəsmilər çıxışlarında vurğulayıblar ki, panel quşçuluq sektorunda aktual məsələlərin müzakirəsi və bu sahənin inkişafına xidmət edən bilik və təcrübə mübadiləsinin təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir.
Heydər Əliyev Mərkəzində keçirilən panel müzakirədə Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutu, Baytarlıq Elmi-Tədqiqat İnstitutu, Aqrar Xidmətlər Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Zarat Yem Fabriki və Aqrar Sığorta Fondunun mütəxəssisləri spiker qismində iştirak ediblər. Panel müzakirədə mütəxəssislər quşçuluq təsərrüfatlarında dayanıqlı istehsalın təmin edilməsi, məhsuldarlığın artırılması və risklərin azaldılması ilə bağlı aktual məsələləri şərh ediblər. Müzakirələr zamanı quşçuluqda düzgün yem norması və yemləmə standartlarının müəyyən edilməsinin məhsuldarlığa və xəstəliklərə davamlılığa göstərdiyi təsir, kəsim və emal proseslərində beynəlxalq tələblərə uyğunluğun vacibliyi, həmçinin qida təhlükəsizliyi baxımından mühüm olan gigiyena və sanitariya qaydaları barədə məlumatlar verilib. Yoluxucu xəstəliklərin aşkarlanması, profilaktik tədbirlərin gücləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı ekspert mövqeləri təqdim edilib. Bununla yanaşı, heyvandarlıq sahəsinə tətbiq olunan sığorta mexanizmlərinin təsərrüfatların risklərdən qorunması və fermerlərin maliyyə dayanıqlığının təmin olunmasındakı rolu da müzakirə olunub. Tədbirin sonunda panel iştirakçıları fikir mübadiləsi apararaq sektorda mövcud problemlərin həlli və gələcək inkişaf imkanlarına dair təkliflər səsləndiriblər. Mütəxəssislər quşçuluq sahəsində elmi yanaşmaların tətbiqi, innovasiyaların təşviqi və əməkdaşlığın gücləndirilməsinin ölkədə quşçuluğun dayanıqlı inkişafına mühüm töhfə verəcəyini vurğulayıblar.