25 noyabr 2025 12:13
82

İİTKM və Çinin Xiamen Milli Mühasibat Uçotu İnstitutu arasında videokonfrans keçirilib

Çin Xalq Respublikasının nüfuzlu Xiamen Milli Mühasibat Uçotu İnstitutunun (Xiamen National Accounting Institute – XNAI) nümayəndələri ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) arasında videokonfrans keçirilib.

“İki sahil” xəbər verir ki, görüşdə iki qurum arasında elm, təlim, iqtisadi islahatların təhlili və dövlət proqramlarının monitorinqi sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.

Mərkəzin icraçı direktorun müavini Ayaz Museyibov Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi islahatlar, elmi araşdırma təşəbbüsləri, həmçinin İİTKM-in dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsi üzrə qabaqcıl təcrübəsi haqqında geniş məlumat verib. Xiamen Milli Mühasibat Uçotu İnstitutunun ekspertləri isə Çində tətbiq olunan qabaqcıl idarəetmə modelləri, maliyyə analitikası, eləcə də maliyyə və vergi idarəetməsi üzrə təlim proqramları haqqında təqdimatlar ediblər. Birgə təlim və sertifikasiya proqramları, ekspert mübadiləsi və akademik əməkdaşlıq, elmi araşdırmalar əməkdaşlıq üçün perspektivli istiqamətlər kimi qiymətləndirilib.

Videokonfransın sonunda tərəflər əməkdaşlığın institusional çərçivədə genişləndirilməsi və rəsmi Anlaşma Memorandumunun hazırlanması imkanlarını nəzərdən keçirmək barədə razılığa gəliblər.