"Bahar" yatağında böyük potensial var və onu irəli aparacağıq.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Babək Hüseynov Bakıda keçirilən "SPE Xəzər texniki konfransı"nda bildirib.
Onun sözlərinə görə, hazırda əsas məsələ mövcud aktivlərdən faydalanmaqdır: "Bu bir nömrəli məsələdir. İkinci vacib məsələ yeni sahələrdir. Bunlar bizim yenidən inkişaf imkanlarımızdır. Bu mənada əla nümunələrdən biri "Bahar" yatağıdır. Bu yatağın yeraltı dəyərini anlamaq baxımından həqiqətən əla işlər görülüb".
O qeyd edib ki, SOCAR üçün hasilat əmsalının sərhədlərini genişləndirmək prioritet məsələdir.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Bahar Energy Limited" şirkəti 22 dekabr 2009-cu ildə "Bahar" və "Qum-dəniz" yataqlar bloku üzrə kəşfiyyat, reabilitasiya, işlənmə və hasilatın pay bölgüsü haqqında Saziş imzalayıblar.
"Bahar Energy Limited"in layihədəki payı 80 %, SOCAR-ın payı isə 20 % təşkil edir. Müqavilə 25 il müddətinə nəzərdə tutulub və daha 5 il müddətinə uzadılma imkanı var. İnvestisiya proqramı ilkin olaraq 1 milyard ABŞ dollar həcmində qiymətləndirilir. Bütün investisiya həcmini "Bahar Energy Limited" şirkəti qoyacaq. Müqavilə blokunda qazın qalıq ehtiyatları 25 milyard kubmetr təşkil edir.