Müasir energetika sisteminin transformasiyası dövründə Bakı qlobal çağırışlara cavab verə bilən etibarlı tərəfdaş kimi önəmli mövqeyini qoruyur
Azərbaycan uzun illər neft bumu ilə böyük bir coğrafiyanın enerji simasını dəyişdirib, Xəzər regionunda yeni bir cığır açıb, bölgədə enerji tranzitlərinin formatını müəyyənləşdirib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələrini müvəffəqiyyətlə icra edərək neft strategiyasını zənginləşdirib. Son illərdə isə enerjinin yeni şaxəsi olan təbii qaz nəqli ilə yeni tədarükçü adını qazanıb. Tərəfdaşlarla birgə Cənubi Qafqaz Boru Kəməri, TANAP, TAP kimi kəmərləri reallaşdıran Azərbaycan Cənub Qaz Dəhlizinin böyük bir enerji dəhlizini yaradıb. Son beş ildə Avropa İttifaqının qaz təminatında koalisiyanın aparıcı üzvlərindən birinə çevrilib. Hazırda Azərbaycan 12 ölkəyə qaz ixrac edir ki, bunlardan 8-i Avropa İttifaqının üzvüdür. Bu yüksək etimad və möhkəm tərəfdaşlığın nəticəsidir ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa enerji təchizatçısı kimi tanıyır. Azərbaycanın qaz hasilatı artdıqca bu sıra genişlənir və əlaqələndirilən interkonnektorlar vasitəsilə digər Avropa İttifaqı ölkələri də Azərbaycan qazı ilə təmin olunacaq. Eyni zamanda, Cənub Qaz Dəhlizi böyük uğur hekayəsi olmaqla, layhənin arxitekturası da möhkəmlənir, qaz boru kəməri sisteminin genişləndirilməsi istiqamətində davamlı birgə səylər göstərilir. 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bir çox ölkələrin enerji təhlükəsizliyi üçün əsas arteriya olduğundan Avropanın nəhəng sərmayəçiləri, maliyyə institutları da Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı Azərbaycanla əməkdaşlıq edirlər. Bunu dünyada baş verən geosiyasi dəyişikliklər də tələb edir.
Azərbaycan nəhəng hasilat və nəqletmə layihələrini icra edərək Cənub Qaz Dəhlizinin genişləndirilməsi prosesində yeni hədəfləri müəyyən edib. Qaz hasilatında əsas mənbə olan “Şahdəniz -2” layihəsi üzrə hasilat hər il artır və təkcə bu mənbədən hazırda illik 16 milyard m3 qaz istehsal edilir. “Şahdəniz”in əlavə ehtiyatlarından başqa Xəzərdə kəşf edilmiş “Abşeron” və “Ümid” yataqları, “Azəri-Çıraq-Günəşli” yataqlar blokundakı dərin qaz ehtiyatları, olduqca perspektivli “Şəfəq-Asiman”, “Babək”, “Zəfər-Məşəl“ və başqa strukturlar da ölkəmizin potensialının artmasında mühüm rol oynayacaq. Nəticədə Azərbaycan Avropaya qaz nəqli daha da artacaq. Dövlət başçısının vurğuladığı kimi bir neçə il öncə mövcud yataqlar üzrə ehtiyatların həcmi 2,6 trilyon kubmetr təşkil etsə də, yeni kəşf edilmiş, o cümlədən gələcəkdə nəzərdə tutulan ehtiyatlar potensialımızı daha da artıracaq. Bu isə Azərbaycanın istehsal və nəql zəncirini daha da genişləndirəcək.
Hazırda illik 25 milyard kubmetr qaz nəql edən Azərbaycanın yaxın 5 il ərzində hasilatı və ixracı 20 faiz artıraraq ixracın həcmini 30-31 milyard kubmetrə qədər çatdırması proqnozlaşdırılır. Həmin qazın 20 milyard kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu nikbin proqnozlar Qaz İxrac Edən Ölkələrin Forumunun (GECF) hesabatında da öz əksini tapıb. Həmin pronozlara əsasən, Avropanın etibarlı və uzunömürlü qaz təminatı strategiyasında Azərbaycanın rolu daha da artacaq və 2025-2027-ci illərdə ölkəmizin qaz istehsalı və nəqli 40 faiz çoxalacaq. Nəticədə Avropaya qaz nəql edən TAP kəmərinin illik gücü 20 milyard kubmetri də ötmüş olacaq. Həmçinin, Avropa İttifaqı ölkələrinə Azərbaycanın enerji resursları ilə yanaşı, digər Xəzəryanı ölkələrin də yanacaq ehtiyatlarının cəlb olunması nəzərdə tutulur. Hazırda Aİ-nin enerji məsələləri üzrə nümayəndə heyəti ilə digər türk dövlətlərinin - Türkmənistan, Özbəkistan və Qazaxıstanla yanacağın Cənub Qaz Dəhlizinə ötürürülməsi istiqamətində aktiv danışıqlar aparılmaqdadır. Bu isə Cənub Qaz Dəhlizinin daha da genişlənməsini təmin edəcək.
Neft və qaz tədarüklərində Azərbaycanın enerji resurslarından faydalanan Avropa bərpaolunan enerjinin nəqlində də ölkəmizə bel bağlayır. Ölkəmiz “yaşıl enerji” sahəsində böyük potensiala malikdir. Xarici investorlara bu sahədə qurulmuş uğurlu əməkdaşlıq yaşıl enerji sektoruna böyük sərmayə axınlarının əsasını qoyub. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Bu gün Günəş və Külək Enerji stansiyalarına aid sərmayədarlarımızla artıq imzalanmış müqavilələr bizə 2030-cu ilə qədər altı giqavat günəş və külək enerjisi təmin edəcək”.
“Yaşıl enerji” gündəliyində ən cəlbedici bölgə isə Şərqi Zəngəzur və Qarabağdır, Bu bölgədə artıq 30-dan çox kiçik su elektrik stansiyası istismara verilib və maksimum növbəti beş ildə bu rəqəm əlavə 30 kiçik su elektrik stansiyası ilə 500 meqavata çatdırılacaq. Beləliklə, nəticədə 2030-cu ilə qədər 6.5 giqavatlıq enerji potensialı yaranacaq. Yeri gəlmişkən, bir neçə ay öncə Bakıda baş tutan Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 3-cü iclasları çərçivəsində Azərbaycan Hökuməti və “Enerso Cəbrayıl” MMC, “Clean Energy Jabrayil” MMC arasında imzalanmış sazişlərə əsasən, Cəbrayıl rayonunda 50 MVt gücündə “Üfüq” Günəş Elektrik Stansiyası və 50 MVt gücündə “Şəms” Günəş Elektrik Stansiyası inşa olunacaq. Azərbaycan Energetika Nazirliyi və “Nobel Energy Limited” şirkəti arasında imzalanmış digər saziş isə Naxçıvan şəhərində 30 MVt gücündə Günəş Elektrik Stansiyasının tikintisini nəzərdə tutur. Nəticədə yaşıl enerjinin yeni trayektoriyası olan işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun ekosisteminin bərpası da nikbin perspektiv vəd edir.
Göründüy kimi, müasir energetika sisteminin transformasiya dövründə Bakı müasir çağırışlara cavab verə bilən etibarlı tərəfdaş kimi önəmli mövqeyini qoruyur. İqtisadi üstünlüklər, geosiyasi təsir və uzunmüddətli tərəfdaşlıqlar Azərbaycanın qlobal enerji sisteminin ayrılmaz hissəsi olduğunu bir daha təsdiqləyir.
Sevinc Azadi, “İki sahil”
Büdcə layihəsi üzrə təqdim olunan sənədlərdə bəzi yeniliklər tətbiq edilib - Vüqar Gülməmmədov
Rövşən Rüstəmov: TRIPP dəhlizi artan tələbatı qarşılamaq üçün genişləndirilə bilər
Mərkəzi Bankın sədri: Xarici ticarət balansı 2,4 milyard ABŞ dollar müsbəti saldo səviyyəsində formalaşıb