İkinci Qarabağ müharibəsindəki möhtəşəm Qələbədən sonra ölkəmiz xarici siyasətində də böyük irəliləyişlər əldə etdi. İqtisadi və siyasi tərəfdaşlıq sahələrində qazandığı sıralanmış yeni uğurlar onu Cənubi Qafqaz regionunda lider dövlətə çevirdi.
Yeni uğur Mərkəzi Asiya ölkələri liderlərinin iştirakı ilə bu günlərdə Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycanın bu formata tamhüquqlu üzv kimi qoşulması oldu.
Qeyd edək ki, indiyə qədər Azərbaycan Prezidenti İlham Əliyev Mərkəzi Asiya sammitlərində fəxri qonaq statusunda iştirak edirdi. İndi isə dövlətimizin başçısı vurğulayır ki, Azərbaycan təkcə sammitin deyil, həm də Mərkəzi Asiya ölkələrinin iqtisadi əməkdaşlığının tamhüquqlu iştirakçısına çevrilir. Bu fakt təkcə Mərkəzi Asiyada deyil, həm də Cənubi Qafqazda yeni reallığın formalaşdığını göstərir.
Prezident İlham Əliyev ölkəmizi Mərkəzi Asiya dövlətlərinin Türkiyə ilə ticarətində əsas tranzit mərkəzinə çevirməyi planlaşdırır. Bu planın baş tutması türk dünyasına böyük töhfə olacaq. Danışıqlar və razılaşmalar onu göstərir ki, bu xoş niyyət reallaşacaq. Bununla da əlaqələr Mərkəzi Asiya ölkələri ilə Türkiyə arasında iqtisadi birliyin parlaq nümunəsinə çevriləcək və türk dünyasının birliyini təkcə bəyanatlar səviyyəsində deyil, real iqtisadi əlaqələrdə də nümayiş etdirəcək. Vurğulamaq yerinə düşər ki, ABŞ Prezidenti Donald Tramp Türkiyəni və Azərbaycanı Mərkəzi və Orta Asiya ölkələri ilə birləşdirəcək Zəngəzur dəhlizinin açılmasına xeyir-duasını verib. Hətta həmin kommunikasiya xəttini “Tramp yolu” adlandırıb. Bu platformaya formal olaraq türk dünyasına aid olmasalar da, digər ölkələrin də, məsələn, Tacikistan və Ermənistan kimi ölkələrin də qoşulması mümkündür və onlar da bu yoldan istifadə etməklə külli miqdarda qazanc götürə bilərlər.
Lakin bununla bərabər, yeni nəqliyyat marşrutlarının formalaşması ilə yanaşı, yeni geosiyasi ittifaq da yaranır. Mərkəzi Asiya ölkələrinin rəhbərləri ilk dəfədir ki, ABŞ Prezidenti Donald Tramp ilə Vaşinqtonda keçirdikləri görüşdən sonra bir araya gəlirlər. Bu da region üçün görünməmiş hadisədir. Postsovet məkanında yerləşən Mərkəzi Asiya dövlətlərinin liderləri onilliklər boyu Vaşinqtonda olmamışdılar. Bunun səbəbi məlumdur. Onların okeanın o tayına getməsi qadağan olunmuşdu. Həmin vaxtlar ölkələr imperializm və sosializm adı altında qütbləşməyə gedirdi. Keçmiş SSRİ-nin təsir dairəsində olan ölkələr ABŞ-la normal münasibət saxlamırdılar. Onlara formal olaraq azadlıq verilsə də əslində başda ABŞ olmaqla xarici dövlətlərlə əlaqə yaratmaq qəti qadağan olunmuşdu. Bir sözlə, Sovet hakimiyyəti tabeliyində olan on dörd respublikanın ərazisini xalqlar həbsxanasına çevirmişdi. O vaxt on dörd respublikanı yalnız SSRİ dövləti təmsil edirdi. Zorla birləşdirilmiş “müttəfiq” respublikaların başçıları sərbəst xarici siyasət yürüdə bilməzdilər. Hətta bunu xəyallarına belə gətirməzdilər. Ona görə də “müttəfiq” respublikaların rəhbərlikləri yalnız iqtisadiyyat və sosial məsələlərlə məşğul ola bilərdilər. Qısaca desək, on dörd respublikanın əhalisi hər cür ağır zəhmətə qatlaşıb yalnız ittifaq büdcəsini doldurmalı idi.
Ancaq zaman dəyişdi, xalqlar müstəqillik qazandılar, öz ölkələrinin və talelərinin sahibi oldular, dövlətlər daxili və xarici siyasətlərini özləri təyin etdilər. Ümummilli Liderimiz Heydər Əliyevin müəyyən etdiyi, Prezident İlham Əliyevin bu gün uğurla davam etdirdiyi xarici siyasət kursu ölkəmizi qələbədən-qələbəyə aparır, dünyada dostlarımızın və tərəfdaşlarımızın sayını sürətlə artırır. Dostluğumuzun coğrafiyası daha da genişlənməkdədir.
Azərbaycan tarix üçün qısa bir dövrdə bir neçə irimiqyaslı beynəlxalq iqtisadi layihənin təşəbbüskarı və müəllifi kimi tanınıb. Layihələrə Avropanın ona qədər ölkəsi də qoşulub. Orta Asiya ölkələri ilə dostluq və qardaşlıq əlaqələri gündən-günə möhkəmlənməkdədir. Daşkənd sammitində Azərbaycana göstərilən hörmət və etimad göz önündədir. Sammit Türk dünyası üçün yeni və daha geniş üfüqlər açacaq.
Vəli İlyasov, “ İki sahil”