18 noyabr 2025 03:02
94

Sosial-iqtisadi inkişafda yeni islahat dalğası

Azərbaycan bu strategiya ilə həm iqtisadi gücünü möhkəmləndirir, həm də sosial ədalətə əsaslanan inklüziv cəmiyyət modelini daha güclü təməl üzərində qurur

Azərbaycanın son illərdə keçdiyi sosial-iqtisadi inkişaf mərhələsi təkcə statistika ilə ifadə olunan rəqəmlərin dinamikası deyil, həm də dövlət idarəçiliyinin fəlsəfəsində, cəmiyyətin sosial strukturunda, regionların iqtisadi inkişafında və əmək bazarının formalaşma mexanizmlərində baş verən sistemli dəyişikliklərin məntiqi nəticəsidir. Bu prosesin hər bir elementi həm ölkənin strateji planlaşdırma modelində, həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlarda öz aydın əksini tapır. Məşğulluq siyasətinin gücləndirilməsi uzunmüddətli dövlət inkişaf konsepsiyasının prioritet istiqamətlərindən biri kimi formalaşıb və bu yanaşma Prezident İlham Əliyev Naxçıvanda yeni təyin olunan səlahiyyətli nümayəndəni və icra başçılarını qəbul edərkən xüsusi vurğulandı.

Həmin qəbul zamanı dövlət başçısı məşğulluğun təkcə iqtisadi deyil, həm də sosial sabitliyin və regional balansın qorunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdı. Bu baxış son illər aparılan genişmiqyaslı islahatlarda öz təsdiqini tapır. Yəni, özünüməşğulluq proqramlarının genişləndirilməsi, sahibkarlara verilən güzəştli kreditlər, yeni istehsal sahələrinin yaradılması və regionların iqtisadi potensialının artırılması həm məşğulluq strukturunu yeniləyir, həm də daxili miqrasiya meyillərinə birbaşa təsir göstərir. Bu siyasətin mahiyyəti ondan ibarətdir ki, regionlardan böyük şəhərlərə köç prosesinin yalnız sosial səbəblərlə izah edilməsi düzgün deyil. Əsas amillərdən biri uzun illər bölgələrdə iş imkanlarının məhdud olması idi və məhz buna görə dövlət bu istiqamətə strateji yanaşma tətbiq edir. Yeni müəssisələrin yaradılması, kənd təsərrüfatına dövlət dəstəyinin genişləndirilməsi, turizmin inkişafı və yerli istehsalın stimullaşdırılması regionlarda dayanıqlı iqtisadi mühit formalaşdırır. Bu proses həm işsizliyin azalmasına, həm də insanların yaşadıqları ərazilərdə sabit gəlir əldə etmələrinə şərait yaradır. Hədəf Bakıya olan miqrasiyanın təzyiqini azaltmaqla yanaşı, regionlarda iqtisadi mərkəzləşməni gücləndirmək və hər bir rayonun öz dayanıqlı iqtisadi modelini formalaşdırmaqdır.

Rəsmi statistika bu siyasətin real nəticələrini təsdiqləyir. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin noyabr ayının 1-nə ölkədə qeydiyyata alınmış işsizlərin sayı 237 min 900 nəfərdir və onların yarıdan çoxu qadınlardır. İşsizlikdən sığorta ödənişinin 499,3 manat təşkil etməsi sosial müdafiə mexanizmlərinin real rifah artımına yönəldiyini göstərir. Müasir sosial siyasətin əsas məqsədi sadəcə maddi təminat vermək deyil, insanları əmək bazarına daha sürətli və dayanıqlı şəkildə qaytarmaqdır. Bu konteksdə Azərbaycan modeli postsovet məkanında effektivliyi ilə seçilir. Çünki iqtisadi artım sosial rifah artımı ilə paralel şəkildə təmin olunur. Sosial sığorta sistemi vətəndaşların gəlir sabitliyini qoruyur, risklərdən müdafiə mexanizmini gücləndirir və əmək bazarının çevikliyini artırır. Bu yanaşma ölkənin əsas strateji sənədlərində də öz əksini tapır.

"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" uzunmüddətli inkişaf xəritəsini müəyyənləşdirir və sosial siyasətin hədəflərinin gələcək illərdə daha da genişlənəcəyini göstərir. Özünüməşğulluq proqramı da həmin prioritetlərin nüvəsini təşkil edir. 2026-cı ildə İcbari Sığorta Fondunun vəsaiti hesabına 8 min, Dünya Bankı layihəsi çərçivəsində isə 7 min nəfər olmaqla, ümumilikdə 15 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi planlaşdırılır. Bu, aztəminatlı əhali qruplarının gəlir imkanlarının artırılması və dayanıqlı məşğulluq modelinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Zərflərdə çeşid müxtəlifliyinin artırılması və əmək bazarının tələblərinə uyğun yeni zərfin tətbiqi vətəndaşların daha geniş seçim imkanı əldə etməsinə xidmət edir.

İnsan kapitalının inkişafı da sosial siyasətin əsas istiqamətlərindən biridir. 2026-cı ildə 17 min 500-ə yaxın şəxsin peşə hazırlığı və əlavə təhsil prosesinə cəlb olunması nəzərdə tutulur. Təlimlərin Dövlət Məşğulluq Agentliyinin peşə hazırlığı mərkəzlərində və özəl tədris müəssisələrində təşkili dövlət-özəl tərəfdaşlığının güclənməsi və peşə təhsilinin keyfiyyətinin artırılması baxımından strateji əhəmiyyət kəsb edir. Gələn il, həmçinin 100 yeni peşə və kvalifikasiya standartının hazırlanması, 135 standartın yenilənməsi planlaşdırılır ki, bu da əmək bazarının vahid yanaşma ilə tənzimlənməsini təmin edəcək.

Sosialyönlü xərclərin dövlət büdcəsində 41,1% təşkil etməsi sosial siyasətin ölkə üçün nə qədər yüksək prioritetə malik olduğunu göstərir. Müavinətlərin 13%, Prezident təqaüdlərinin isə 17% artması sosial müdafiə sisteminin gücləndirildiyini nümayiş etdirir. 2026-cı ildə sosial xərclərin 2025-ci ilə nisbətən 236 milyon manat artaraq 17 milyard 146 milyon manata yüksəlməsi isə bu istiqamətdə ardıcıl genişlənmənin davam etdiyini göstərir. Son yeddi ildə həyata keçirilən beş sosial islahat zərfi 4 milyon vətəndaşı əhatə edib və sosial təminat sisteminin struktur və funksional baxımdan yenilənməsinə şərait yaradıb. 2026-cı ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 873 milyon manat olması proqnozlaşdırılır ki, bu da 2025-ci ilə nisbətən 121,2 milyon manat və ya 2,6% çoxdur. Bu istiqamətə ayrılan vəsaitlərin son yeddi ildə 2,1 dəfə artaraq 2,3 milyard manatdan 4,8 milyard manata yüksəlməsi dövlətin sosial rifaha verdiyi strateji əhəmiyyəti açıq şəkildə göstərir.

Ölkənin sosial-iqtisadi inkişaf modelinin əsas xüsusiyyəti iqtisadi artımla sosial rifahın paralel şəkildə irəliləməsidir. Qeyri-neft sektorunun genişləndirilməsi, regionlarda yeni istehsal sahələrinin yaradılması, kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi və sənaye layihələrinin reallaşdırılması məşğulluq imkanlarını artırır və sosial rifah göstəricilərinə birbaşa təsir edir.

Dövlətin sosial siyasəti iqtisadi artımın nəticələrinin cəmiyyətin bütün təbəqələrinə ötürülməsinə yönəlib. İnfrastruktur layihələri, sosial obyektlərin inşası, təhsil və səhiyyə sistemlərinin yenilənməsi insanların həyat keyfiyyətinin yüksəlməsinə səbəb olur. Regionlarda icra olunan layihələr həm də miqrasiya meyİllərinə təsir göstərir. İnsanların öz doğma bölgələrində işləməsi üçün yaradılan şərait onların böyük şəhərlərə köç ehtiyacını azaldır. Bu, həm sosial sabitliyin qorunması, həm də demoqrafik tarazlığın saxlanması baxımından vacibdir. Aqrar sektorun inkişafı, turizmin genişləndirilməsi, emal sənayesinin gücləndirilməsi regionların uzunmüddətli inkişafını təmin edən əsas istiqamətlərdir. Sosial-iqtisadi inkişafın davamlılığı həm də cəmiyyətin fəallığı ilə bağlıdır. Əhalinin məşğulluq mədəniyyətinin yüksəldilməsi, peşə bacarıqlarının artırılması və əmək bazarının tələblərinə uyğun kadr hazırlığı sosial siyasətin əsas hədəfləri sırasındadır. Dövlət peşə təhsili mərkəzlərinin fəaliyyətinin genişləndirilməsi, startap və innovasiya layihələrinə dəstək göstərilməsi vasitəsilə yeni nəsil iqtisadi mühit formalaşdırır.

Nəticə etibarilə Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası iqtisadi modernləşmə, sosial rifahın genişləndirilməsi və idarəçilik sisteminin təkmilləşdirilməsini birləşdirən kompleks modeldir. Qlobal iqtisadi qeyri-müəyyənliklərin artdığı bir dövrdə bu modelin ardıcıl tətbiqi ölkənin daha dayanıqlı sosial-iqtisadi mühit formalaşdırmasına xidmət edir. Qarşıdakı illərdə regionların inkişafının sürətlənəcəyi, məşğulluq imkanlarının genişlənəcəyi və əhalinin sosial rifah səviyyəsinin yüksələcəyi artıq aydın görünür. Azərbaycan bu strategiya ilə həm iqtisadi gücünü möhkəmləndirir, həm də sosial ədalətə əsaslanan inklüziv cəmiyyət modelini daha güclü təməl üzərində qurur.

Nigar Orucova, "İki sahil"