Bəs aldığımız nədir, satdığımız nə?
Son üç il bir neçə ildə Azərbaycanla Özbəkistan arasındakı iqtisadi əməkdaşlıq daha da genişlənib. Xüsusilə 2024-cü ilin may ayında Quba şəhərində II Regionlararası Forum keçirilib. Bu toplantı çərçivəsində ölkələrimizin Füzuli və Gülüstan, Biləsuvar və Tərmiz, Mingəçevir və Namanqan şəhərləri arasında qardaşlaşma sazişləri imzalanıb. Bunlarla bərabər, iqtisadi sahədə də önəmli layihələr gerçəkləşdirilib. İxracın təşviqi, investisiya əməkdaşlığının inkişafı, ölkələrimizin sahibkarları arasında birbaşa işgüzar əlaqələrin qurulması və regionda birgə əməkdaşlıq layihələrinin reallaşdırılması istiqamətlərində əhəmiyyətli tədbirlər həyata keçirilib. Bütün bu məsələlərin daha geniş miqyasda həlli məqsədilə Azərbaycanın Özbəkistanda Ticarət Nümayəndəliyinin yaradılması nəzərdə tutulub.
Ən başlıcası isə Özbəkstanla ölkəmiz araasında ticarət dövriyyəsinin 2030-cü ilə qədər 1 milyard dollara çatdırılması planlaşdırılır. Bundan başqa, Özbəkistanla Azərbaycan investorları arasında tərəfdaşlıq sazişi də imzalanıb. Artıq bu istiqamətdə 500 milyon dollar nizamnamə kapitalına malik Azərbaycan-Özbəkistan İnvestisiya Fondu da fəaliyyətə başlayıb. Fond yarandığı gündən iqtisadiyyatın real sektorunda layihələrin həyata keçirilməsində fəal iştirak edir. Eyni zamanda, hazırda iki ölkə arasında 100-dən çox investisiya layihəsi təhlil edilir. Ümumi dəyəri 80 milyon dollardan çox olan altı layihə isə artıq təsdiqlənib. Bunlara 4 istehsalat layihəsi, 1 fintex və Yeni Daşkənddə ölkənin ən böyük beynəlxalq məktəbinin tikintisi layihəsidir.
Sözügedən Fondun fəaliyyəti, eyni zamanda, Azərbaycan və Özbəkistanın regional iqtisadi inteqrasiyada fəal rol oynamasına təkan verir. Prezident İlham Əliyev bildirb ki, həm Özbəkistan, həm də Azərbaycan öz ölkələrimizin iqtisadiyyatına fəal surətdə investisiya qoymaqla yanaşı, həm də artıq dost ölkələrə də sərmayələrlə çıxırıq: «Özbəkistana investisiyalar bizim üçün prioritetdir. Birincisi, ona görə ki, bu, dost, qardaş ölkədir. İkincisi, çünki Özbəkistan Prezidentinin düşünülmüş islahatları nəticəsində ölkədə çox yaxşı investisiya mühiti yaradılıb. Bunu təkcə biz deyil, həm də aparıcı maliyyə institutları və bir çox ölkə qeyd edir. Təsadüfi deyil ki, Özbəkistan bu gün investisiyalar üçün çox cəlbedici ölkədir.»
Məlumdur ki, 2024-ci il avqustun 24-də Daşkənd şəhərində imzalanmış «Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə» dövlətlərarası münasibətlərin hüquqi-siyasi əsasını formalaşdıraraq əməkdaşlığın ən yüksək səviyyəyə çatdığını təsdiqləyir. Müqavilə yalnız diplomatik münasibətlərin deyil, eyni zamanda, siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə sistemli əməkdaşlığın genişlənməsinə zəmin yaradıb. Prezident İlham Əliyev qeyd edib ki, bu, istənilən ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəddir: «Biz artıq bir ildir ki, rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirdiyimiz konkret plan və layihələrlə nümayiş etdiririk.»
Bu arada onu da xüsusi qeyd etmək lazımdır ki, Özbəkistan da daxil olmaqla Mərkəzi Asiya dövlətləri Orta Dəhlizin əsas nəqliyyat istifadəçiləridirlər. Noyabrın 16-da Prezident İlham Əliyev Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündəki çıxışında bu barədə deyib: «Son üç ildə Orta Dəhliz üzrə Azərbaycandan keçən yükdaşımalar 90 faiz artıb. Dəhliz boyu gediş vaxtları xeyli azaldılıb. Yaxın illərdə buraxılış qabiliyyəti ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, doqquz beynəlxalq hava limanı, regionun ən böyük yük aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşağına çevirmişdir.»
Eyni zamanda, Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında ikitərəfli əməkdaşlıq üzrə müştərək hökumətlərarası komissiyanın fəaliyyəti ölkələrin ticari-iqtisadi əməkdaşlığın inkişafına böyük töhfə verir. Yeri gəlmişkən, cari ilin yanvar – may aylarında Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin həcmi 214,8 milyon ABŞ dolları olub. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2 ölkə arasındakı ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 145,8 milyon dollar və ya 3,1 dəfə yüksəlib. Belə ki, 2024-cü ilin ilk 5 ayında Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin həcmi 69 milyon dollar olub.
Cari ilin 5 ayında Azərbaycandan dost ölkəyə 19,7 milyon dollar dəyərində ixrac, Özbəkisandan Azərbaycana isə 195,1 milyon dollar dəyərində idxal əməliyyatları həyata keçirilib. Özbəkistana ixrac illik müqayisədə 9 milyon dollar və ya 84,1faiz, bu ölkədən idxal isə 136,8 milyon dollar, yaxud da 3,3 dəfə çoxalıb. Həmçinin cari ilin ilk 5 ayında Özbəkistan Azərbaycanın qeyri – neft məhsullarının ixraca yönləndirildiyi əsas ölkələri siyahısına daxil olub. Yəni, dost ölkəyə 5 ayda 19,3 milyon dollar dəyərində qeyri – neft məhsulları ixrac edilib.
Digər mühüm fakt isə budur ki, Özbəkistan ərazisinə və əhalisinə görə dünyada 3-cü ən böyük türk dövlətidir. Özbəkistan uran ehtiyatlarına görə dünyada 4-cü, qızıl yataqlarına görə ilk 10 ölkədən biridir. Bundan əlavə, təbii qaz yataqlarına görə bu ölkə dünya sıralamasında 11-cidir.
Elçin Zaman, «İki sahil»
AYNA daha bir neçə istiqamət üzrə keçirdiyi müsabiqələrin qaliblərini müəyyən edib