17 noyabr 2025 16:58
112

ONA ÖLÜM YOXDUR

(Hekayə)

Bu hekayə II Qarabağ müharibəsi şəhidi Adəm Əliyevin həyatından ilhamlanaraq qələmə alınmışdır.

Ağdamın üzərinə enən payızın ilıq nəfəsi, yandırmayan isti günəşi evlərin pəncərəsindən içəri boylanırdı. Günəş elə düşünürdü ki, həmin gün o bütün evlərə şaxələnən istiliyi ilə nəfəs verəcək. Amma bir ev həmin gün elə bir şeylə isinəcəkdi ki, günəşin istiliyi yanında sönük qalacaqdı…Ağdamın-bu yaralı şəhərin yarasına dərman olacaqdı...

Ağdam... 18 noyabr 2000-ci il...

Arif təlaşla pəncərəyə yaxınlaşıb pərdəni elə çəkdi ki, karnizdən pərdəni saxlayan ağ sancaqların bir neçəsi qopub yerə düşdü. Pəncərəni açıb, gözlərini qamaşdıran günəş şüalarına əhəmiyyət vermədən yola tərəf boylandı. Həvəslə anasının qucağında qardaşı ilə içəri girməsini gözləyirdi. Axı Arifin neçə illərdir balaca əllərindən göylərə uzanan “qardaş istəyirəm” duası qəbul olmuşdu. Bəlkə də o evdə hamıdan çox Arif sevinirdi. Çünki qəlbindən qopan dua göyün yeddinci qatına qədər çıxmış, Allaha çatmışdı.

Axır ki, anası Akifə xanım uzaqdan göründü. Arif hamıdan qabaq külək kimi şığıyıb anasının qucağındakı balaca qardaşına tərəf qaçdı. Anasının qollarından tutub özünə doğru çəkdi. Qardaşının üzünə elə baxırdı ki, sanki dünyanın bütün nuru, işığı onun gözlərində əks olunmuşdu.

Arif əllərini sinəsində birləşdirib, diqqətlə beşiyə baxdı. Uşaq gözlərini yumub uyuyurdu…

Arif bir addım da anasına yaxınlaşıb pıçıltı ilə dedi:

- Mən ona bir ad vermək istəyirəm…

Anası gülümsəyərək, eyni pıçıltı ilə:

Yaxşı... De görək, adı nə olsun?

Arif körpənin yanağına baxdı, əllərini qardaşının üzündə gəzdirərək:

-Adı… Mmm…Adı Adəm olsun.

Sanki həmin an beşiyin içindəki uşaq bir anda daha ağır nəfəs aldı. Elə bil ad onu oyatdı.

Ana təəccüblə fısıldadı:

- Niyə “Adəm”, quzum?

Arif gülümsədi:

-İkimizin adı da “A” ilə başlayır, ona görə.

Anası Arifin başını sığalladı. İkisi də balaca Adəmi izləyirdi.

Kürdəmir... 2004-cü il…

Akifə ana iki qanadına çevrilən oğulları ilə Kürdəmirə köçmək qərarı verdi. Ağdam işğalda deyildi, amma həyat işğala bənzəyirdi -işsizlik, yarımçıq evlər, dözülməz sükut. Beləcə, bir yaz axşamı yurdlarını ürəklərində daşıyaraq Kürdəmirə yollandılar.

Yeni, sıfırdan bir həyat onları gözləyirdi. 

Adəm böyüdükcə elə bil həyat onu daim sınayırdı. Körpə vaxtı tez-tez xəstələnər, hər dəfə də sanki ölümün kənarında dayanıb geri qayıdardı. Elə Kürdəmirə köçdükləri il dörd yaşı olanda kirayə qaldıqları evin həyətindəki lil dolu quyunun yanından keçərkən qonşu uşağın itələməsi ilə başıaşağı o zülmət suya düşmüşdü. Amma o balaca uşaq, o balaca əllər…Quyu divarına sürtünə-sürtünə pillələri tapıb, palçığa bulaşmış halda, əsə-əsə o quyudan öz-özünə çıxdı.

Ev sahibi o gün Akifə ananın yanında Adəmə:

-Bala, daha sənə ölüm yoxdur, - dedi.

O cümlə ilə sanki anası oğlunun “ölümsüzlük” şərbəti içdiyinə inandı. Ona nəsə olar deyə narahat olsa da, bir tərəfdən də bu cümlə narahatlıqdan alışıb-yanan ürəyinə su kimi sərinlik verirdi.

Yetkinləşdikcə içindəki alov da böyüyürdü. Arif sakitliyi sevirdisə, Adəm dalğaları, coşğunu, meydanı sevirdi. Damarlarında sanki külək dolaşırdı, dayanmaq bilmirdi. Rep yazırdı, şeir yazırdı. Hər misrasında içində olanları deyirdi, amma çoxlarına göstərmirdi. O gündəlik... o gizli dəftər.... Adəmin ruhunun güzgüsü idi.

Hərdən pəncərənin önündə oturub payızda düşən yarpaqlara baxırdı. Payız fəsli gələndə onun da ruhu yenidən doğulurdu.

Anası bilirdi: Adəm o anlarda susursa, demək ki, daxilində nəsə danışır.

Zaman keçdikcə Adəmin içində başqa fırtınalar oyandı. Hər bir uşağın arzusu olur, amma onun arzuları sanki sinəsinə yerləşmirdi - daşırdı, daşıb sözə çevrilirdi.

Dəqiqələr keçdikcə divardakı saatın çıqqıltısı elə bil Adəmin evə gəlməsinə az qaldığını xəbərləyirdi.

Akifə ana saata baxa-baxa, tələsik qaynar suya saldığı tənək yarpaqlarını ayırırdı. Bəzən yarpaqlar barmaqlarının arasında cırılırdı, amma o buna fikir vermirdi. Tək istəyi dolmanı tez büküb qazın üstünə qoymaq idi. Adəm içəri girəndə onu ən sevdiyi yeməyin - yarpaq dolmasının qoxusu qarşılamalıydı.

Nəhayət, işini bitirib dincəlmək üçün yenicə oturmuşdu ki, qapı açıldı. Adəm içəri daxil oldu.

Akifə ana gözucu ona baxaraq dolmanın qoxusuna verəcəyi reaksiyanı səbirsizliklə gözlədi. Amma bu dəfə Adəm heç nə deməyib birbaşa təlaşla mətbəxə keçdi.

Tələsik bir stul çəkib oturdu, hələ nəfəsini belə dərməmiş dedi:

- Ana… Hərbi Hava Qüvvələrinin baş leytenantı Əbubəkir İsmayılov şəhid olub.

Cümlə sanki mətbəxin havasını ağırlaşdırdı. Bu xəbər Adəmə gözlənilməz dərəcədə təsir etmişdi. Gözlərindəki dərin kədər hər şeyi danışırdı.

Akifə ana nə deyəcəyini bilmədi. O da sadəcə oğlunu qucaqlayıb susaraq təskinlik verdi.

Sükutu Adəm pozdu:

- Ana… Mən ona şeir yazmışam…

Səsi titrəməsə də, içindəki yanğı gözlərindən oxunurdu.

Anası ürəklənib:

- Şeiri oxumayacaqsan?-deyə soruşdu.

Adəm isə başını yellədi:

-Yox, ana. İndi yox, yaxşı deyiləm… Bir gün oxuyaram.

Necə şeir yazdığını Akifə ana bilməsə də, onu hansı dərin hisslərlə, yanğı ilə yazdığını bilmək belə bəs edirdi oğlunun gizlətdiyi misraların ruhunu anlamağa.

 *

Artıq iyunun istisindən nəfəs almaq olmurdu. Adəm isə o istilərə əhəmiyyət vermədən studiyaya gedib-gəlirdi. Son zəng tədbiri üçün yazdığı repi həvəslə aranjeman etdirirdi. Qəlbində o günü düşünəndə qəribə qıdıqlanmalar yaranırdı. Bu, onun ilk ciddi işi idi. Öz sözlərindən yaratdığı ahəngi məktəbdəki hər kəsə göstərmək istəyirdi.

Saçını, üst-başını səliqəyə salıb məktəbə yola düşdü. Qapıdan çıxmamış anası və Arifə bərk-bərk tapşırdı:

- Son zəngimə gecikməyin ha, rep deyəcəm. Siz də orda olun, mən çıxış edəndə video çəkərsiniz.

Bunu deyib tələsik yola düzəldi.

Həyətdə şənlik, səs-küy, foto flaşları… Hamı “son zəngi” bayram kimi yaşayırdı. Amma Adəmin içində qaynayan başqa bir şey vardı. O gün o, bütün susduğu illəri bir dəqiqəyə sığdırıb rep ilə danışacaqdı. Nəhayət ki, öz sözünü deyəcəkdi.

Küncləri qatlanıb-açılmaqdan cırılan kağızı son dəfə oxumaq üçün göz gəzdirəndə məktəb direktoru ağır addımlarla ona yaxınlaşdı. Adəm əvvəlcə sevindi, düşündü ki, bəlkə çıxışa dəstək olacaq, “Hazırsan?” deyəcək.

Amma direktorun səsi bayram səs-küyünü yarıb qulağına bıçaq kimi girdi:

-Rep deməsən, məsləhətdir.

Elə bil bir anda hər şey susdu. Flaşlar sönmüş kimi oldu, musiqi kəsildi, həyətdəki gülüşlər uzaqlaşdı. Adəmin ürəyi bir anlıq dayanıb yenidən, daha sərt ritmlə döyünməyə başladı.

O an Adəmin içində nəsə qırıldı. Kağızı yumruğunun içində daha möhkəm sıxdı.

Həyətdə hamı son zəngin şirin həyəcanını yaşayırdı. Adəm isə ona 11 il təhsil verən məktəbin həyətində ilk həyat dərsini aldı. Başa düşdü ki:

Ən çox susduranlar, sözün gücünü yaxşı bilənlərdir.

Evə qayıdanda hələ də udduğu qəzəbi içində idi. Anası və qardaşının arxasından gəlməsini nə eşitdi, nə gördü.

Qapını açıb dərhal otağa keçdi. Masanın üstündə həftələrlə yazdığı cırıq-cırıq dəftərlər, rep mətnləri, qafiyə qaralamaları dağınıq formada idi. O kağızların arasında nə qədər alınmayan cümlələr, düzələn misralar, gecələr yatmayıb yazdığı fikirlər vardı ki… Hamısını götürüb bir-bir yandırmağa başladı.

Akifə ana qolundan tutub yalvardı:

- Ana qurban, etmə belə…

O isə yanandan sonra yerə tökülən kağızların küllərinə baxıb, kəsik-kəsik nəfəs alaraq dedi:

-Ana… Bir gün elə məşhur olacam ki bütün Azərbaycan məndən danışacaq. Hamısı bu günü xatırlayıb peşman olacaq. Görərsən. Hamısı, hamısı peşman olacaq!

Bunu deyib qapını çırpıb çıxdı.

O həmişə harasa tələsərdi. Bəlkə də içindəki o duyğunun nə olduğunu anlamağa çalışır, elə o duyğunu yaradan səbəblərin arxasınca gedirdi.

*

Payız yenə gəldi. Yarpaqlar yenə bir-bir ağacdan rəqs edərək yerə düşürdü. Yerə düşən yarpaqları külək öz nəfəsi ilə ora-bura dağıdırdı.

Adəmin 18 yaşı tamam olmuşdu. Artıq çağırış vaxtı yetişmişdi. Sanki içində böyüyən xəfif duyğunu anlaması üçün yeni bir qapı açılmışdı. Həm həyəcanlı idi, həm susqun.

Akifə ana Adəmin əşyalarını çantasına yerləşdirərkən, sanki qəlbi də əlində bükdüyü paltarlar kimi sıxışırdı. Özünü toparlayıb dərin nəfəs aldı və başını qaldırıb Adəmə dedi:

-Bala, orda özündən muğayat ol, ha. Ürəyimiz yanındadır.

Arif isə kənarda əllərini qoynunda sıxıb onları izləyirdi.

Adəm qapıdan çıxanda Arif əllərini açıb dedi:

-Sən gedirsən, amma içim rahat deyil.

Adəm qardaşını qucaqladı:

-Mən qorxmuram, Arif, sən də qorxma.

Adəm xidmətə çağrıldığı gün evdən çıxanda, anası və qardaşı özlərinə tək bir cümlə ilə təskinlik verirdilər:

“Ona ölüm yoxdur.”

O, əvvəlcə Gəncədə, N saylı hərbi hissədə xidmət etməyə başladı. Üç ay idi ki, hər səhər eyni komanda ilə oyanır, eyni sıraya düzülürdü. Amma gündən-günə artıq usanmır, öyrəşir, güclənirdi. Hərbi hissənin monoton həyatı hamını darıxdırsa da, Adəmi özünə çəkirdi. Hər yerə tələsən adam burada artıq heç nə üçün tələsmirdi. Sanki axtardığı nə idisə, ona yaxınlaşdığını hiss edirdi.

 Aprel ayı idi… Adəm artıq xidmətini Daşkəsəndə davam etdirirdi. Əsgərlikdə çox şey öyrənmişdi, amma ən çox ona təsir edən, təkcə silahı yox, həm də məsuliyyəti öyrədən insan - komandiri Polad Həşimov olmuşdu.

Onu “komandir” yox, içində “ata” kimi çağırırdı. Elə bil bütün nizam-intizam Polad Həşimovun səsində yaşayırdı:

- Əliyev, əsgər olmaq təkcə silah tutmaq deyil. Silahı çiynində, Vətəni qəlbində daşımaqdır.

O sözlər Adəmin yaddaşında silinməz iz kimi qaldı. Xidməti dövründə bu sözlərin təsiri ilə silaha daha möhkəm sarılırdı.

Həmin ilin Apreli Daşkəsənə yaz kimi yox, elə bil yarımçıq qış kimi gəlmişdi.

Hava hər gün dəyişirdi. Səhərlər günəş çıxırdı, axşama səngərin divarlarına leysan yağırdı.

Kəndin üstündə duman elə dolaşırdı ki, sanki dağlar nəfəs alır, nəfəs verirdi.

Adəm üçünsə Aprel, barıt qoxusu və içində dərinləşən sükut demək idi. O, öz daxili təkliyində yenidən doğulurdu, öz həqiqətinə addım-addım yaxınlaşırdı.

Gecələr hələ də soyuq idi. Səngərdə yalnız iki şey Adəmin qəlbini qızdırırdı: Polad Həşimovun ona öyrətdikləri və içində yanan sözlər.

Bəzən gecə postunda dayananda qulağını dağlara verirdi. Dağlarda sükut da başqa səslənirdi. Elə bil hər daşda kiminsə taleyi gizlənmişdi.

O axşam Adəm qeyd dəftərinə belə yazdı:

“Aprel ayı qəribədi… nə qış, nə yaz. Elə mənim kimidi. Nə o tərəfəm, nə bu tərəf… Amma bilirsən, Aprel… İki arada bir dərədə qalmaq çox çətin hissdir.”

2016-cı ilə qədər Aprel Adəm üçün sıradan təqvim aylarından biri idi. Ta ki Aprel döyüşlərinə qədər. Əbubəkir şəhid olandan sonra Adəmin yaddaşında, qəlbində Aprelin havası da dəyişdi. Külək də susdu.

Səngərdə öz-özünə götür-qoy edən Adəmin içindəki səsi daxilindən qulağını batırarcasına yüksəldi.

O gecə Adəm öz-özünə pıçıldadı:

- Bəzən susmaq da döyüşmək qədər çətin imiş…

Aprel keçdikcə Adəmin baxışları daha dərin, addımları daha ağır oldu. Çünki Aprel təkcə bir ay deyildi. Aprel onun içindəki uşağın ölümü, əsgərin doğulması idi.

Amma bir-birini qovan günlərdən xəbərsiz bilmirdi ki, İyul ayının təsiri Apreldən də ağır olacaq…

İyul ayının qızmar yay günü tozlu təlim meydanında sıraya düzülmüş əsgərlərin arasında dayanarkən, o acı xəbəri eşitdi:

“Polad Həşimov şəhid olub.”

Bir cümlə bütün hərbi hissəni lərzəyə saldı. Sırada nizamla düzülmüş əsgərlər bir anda dağıldı. Hamı bu xəbəri dəqiqləşdirmək üçün məlumatlı birini axtarırdı. Adəm də komandirinin adını eşidən kimi elə bil içindən nəsə qopdu.

O gün Adəm sanki yetim qaldı. Amma buna baxmayaraq, iradəsi polad kimi bərkidi və qərar verdi: Hərbi xidmətini başa vuran kimi elə burada -hərbi qulluqçu kimi yenidən xidmətə davam edəcəkdi.

  *

Adəmin 1 il 6 aylıq hərbi xidməti başa çatırdı. Akifə ana aylarla günləri saymışdı. Hər tikə çörəyi dua ilə yeyir, hər telefon zəngi gələndə ürəyi yerindən çıxırdı. Hər dəfə “yaxşıyam,ana” deyən səsdə ürəyinin guppultusu dayanırdı.

Nəhayət, xidmətinin bitməsinə sayılı günlər qaldı. Qonşulara “Adəm gəlir” deməyi içində yüz dəfə məşq etmişdi. Sevdiyi yarpaq dolmasını bişirmək, süfrəni təamlarla doldurmaq və onu necə qarşılayacağını planlamışdı.

Adəm evə qayıtsa da, Akifə ananın sevinci Adəmin qərarını eşidənə qədər davam etdi.

-Ana, mən hərbidə qalıb işləməyə qərar verdim.

Akifə ananın sevinc dolu gözləri bir anda yaşla doldu. Qarşısında oturan oğlunun üzü bulanıqlaşdı. Gözündən yanağına düşən damlanı əliylə itələyərək dedi:

- Bir il yarım ürəyim min tikə oldu… Yenə başlayır, Adəm?

Adəm başını qaldırıb, sanki alacağı cavaba uyğun deyəcəklərini çoxdan hazırlamışdı. Həyəcanla:

- Ana, mən orada yarımçıq qalmış bir şey gördüm. Mən içimdə olan alovun közərdiyini gördüm. Mən dumanlı dağlara, yüksəklikdə yerləşən postlara aidəm. Əlimdəki silaha, həmişə eyni paltardan yorulmayacağım hərbi geyimə aidəm, ana. Mən təkcə əsgərliyimi bitirib getmədim oradan. Mən borc qoyub gəldim. Mənim dağlara sözüm var. Mən qayıtmalıyam. Şəhid olan komandirimin dediyi kimi, silahı çiynimdə, Vətəni qəlbimdə daşımalıyam. Verdiyim sözə xilaf çıxmağımı məndən istəmə, ana, istəmə!

Akifə ananın səsi titrədi. Gözlərində həm qürur, həm də ana fəryadı vardı:

-Mən səni qorumaq üçün böyütmüşəm, bala... Təkcə böyütmüşəm...Sən isə özünü oda atmaqdan danışırsan.

Bu dəfə Adəm susmadı. Məktəbdə repinə icazə verilmədiyi gün susduğu kimi susmadı. Bu dəfə danışdı.

- Ana, mən qorxmuram.

Akifə ana yalnız pıçıldaya bildi:

-Bilirəm…

Söz otağa sükut kimi yayıldı. Sonra Adəm çantasını götürdü. Qapıya doğru addımladı. Qardaşı Arif qapıda dayanıb onu izləyirdi. Bu dəfə “getmə” deyə bilmədi.

Adəm pilləkənlərdən düşərkən, ana pıçıltı ilə, heç kimin eşitmədiyi, amma Tanrının mütləq eşitdiyi səslə dedi:

-Ayağına daş dəyməsin, bala. Nə olursa olsun, salamat ol.

Və hekayə o gün bir daha başladı.

Çünki bu dəfə Adəm sadəcə hərbiyə yox  müharibəyə gedirdi.

*

2020-ci il, 27 sentyabr…

Səhər tezdən hamı oyandı. Adəti üzrə hər kəsin əli telefona uzansa da, internet şəbəkəsi yox idi. Facebookda, Instagramda xəbər lenti yenilənmirdi. Akifə ana təkrar-təkrar Wi-Fi şəbəkəsini söndürüb-yandırırdı. Yəqin telefonunda nəsə problem olduğunu düşünüb Arifi səslədi:

-Arif, bala, bax gör bu niyə WhatsApp-a girmir?

Arif telefonu götürüb ekrana baxdı. Bir neçə saniyə susdu. Gözlərini anasından qaçıraraq sakit səslə dedi:

-İnternet yoxdur, ana… Hamıda belədir.

Elə bu vaxt qapı döyüldü. Qonşuluqda yaşayan bacısı Afər xala həyəcandan təngnəfəs içəri girdi:

- Ay Akifə, sizdə də internet yoxdur? Nə olub belə? Bütün məhlə danışır ki, nəsə başlayıb…

Akifə ananın ürəyi birdən sıxıldı. Heç nə eşitməsə də, içində qəribə bir titrəyiş vardı. Pəncərəyə yaxınlaşıb bayıra baxdı. Küçə adamla dolu idi, hamı pıçıldaşırdı.

Arif təlaşla televizoru açdı. Kanalların əksəriyyəti susqun idi, amma birdən ekranda xəbər başlığı göründü: cəbhə xətti, təcili məlumat, əməliyyatların başladığı barədə elan…

Akifə ana əllərini bir-birinə vurdu:

- Ay Allah… başladı?

Afər xala iki əlini göyə qaldırıb dua etdi:

-Allahım, balaları qoru…

Arif isə donub qalmışdı. Gözləri tək bir nöqtəyə zillənmişdi. Sanki içindən nəsə qopub yerə düşmüşdü.

- O… ordadır… - deyə pıçıldadı. - Adəm… ordadır…

Akifə ana özünü güclə saxlayıb divara söykəndi. Səsi titrədi:

-Balama bir şey olsa… mən... mən necə yaşayaram?

Evin içinə qəribə bir sükut çökdü. Sanki nəfəs almaq belə çətin idi. Sükutu Arifin qapıya doğru gedən ayaq səsləri pozdu.

Akifə ana təlaşla:

-Hara gedirsən, Arif? Hara gedirsən?!

Arif, çənəsi əsə-əsə:

-Gedib gözləyəcəm, ana. Komissarlığın qabağında duracam. Gözləyəcəm ki, çağırış açılsın. Mən evdə necə oturum?

Akifə ana:

- Bir evdən iki oğul gedər?! Mən tək başıma bu evdə havalanaram, ay bala… Heç olmasa sən qal…

Arif dayanıb anasına baxdı. O baxışda qorxu yox idi. Sadəcə qərar vardı.

-Mənim qardaşım orda döyüşür… Mən burda necə nəfəs alım, ana.?

Bir anlıq dodaqlarını sıxdı, sonra sakitcə əlavə etdi:

-Mən onun tək döyüşməsinə icazə verməyəcəm. Qoy yan-yana dayanıb vuruşaq. Qoy Adəm bilsin ki, tək deyil.

Akifə ana gücsüzcə kresloya çökmüş vəziyyətdə pıçıldadı:

- Bala… heç olmasa bircə mesajını gözlə… Bəlkə yazdı…

Arif sakitcə:

- Narahat olma, ana. Xəbər edəcəm, narahat olma.

*

Günorta saatları idi. Artıq bir neçə eyvandan asılan Azərbaycan bayraqları görünürdü. Komissarlığın qarşısında uzun bir növbə yaranmışdı. Arif qapının önündə sıraya düzülən könüllülərin arasına daxil oldu. Çoxu tanış simalar idi. Məhlədən, məktəbdən…

Səslər eşidilirdi:

- Adımı siyahıya salın.

-Qardaşım ordadadı, məni də aparın!

-Yaşın nə dəxli var, ay kişi?! Mən təcrübəliyəm, məni də yaz!

Arif isə gözünü səmaya dikdi. Səmaya baxa-baxa pıçıldadı:

-Gəlirəm, Adəm. Sən hardasansa, mən də orda olacam… Gəlirəm.

Sentyabrın 27-si, Murovdağ…

Həmin gün Murovun zirvəsində külək başqa cür əsirdi. Sanki ordakı hava da bir insana, döyüşçüyə çevrilmişdi. Dağ nəfəs alır, qar nəfəs verirdi. Səhər Murov dumanla örtülü idi. Səngərin üstündən keçən buludlar yerə o qədər yaxın idi ki, əlini uzatsan, toxunardın.

Adəm səngərin başında dayanmışdı. Döyüşçü yoldaşları isə öz aralarında nələrsə danışır, buşlatlarını düzəldir, silahlarına daha möhkəm sarılaraq ətrafa baxırdılar. Amma Adəm qəribə dərəcədə sakit idi. Belə sakitlik yalnız iki yerdə olurdu: ya dua edəndə, ya da şəhid olmağa bir addım yaxınlaşanda…

Komandirin səsi sükutu pozdu:

- Uşaqlar… Oraya getmək lazımdır. Geciksək, onlar mövqelərini tam möhkəmləndirəcək. Amma ora getmək… ölümlə üz-üzə getmək deməkdir.

Əsgərlər bir-birinə baxırdı. Heç kimin səsi çıxmırdı. Havanın sükutu ağırlaşırdı… Ayaqqabıların altında xırçıldayan qarın səsi belə eşidilirdi. Komandir yenə danışdı, bu dəfə daha yavaş, amma daha ağır səslə:

-Mən sizə “gedin” deyə bilmirəm. Kim mənimlə könüllü gedəcək?

O anda Adəm irəli çıxdı:

-Komandir… Mən gedirəm.

Komandir onun gözlərinə baxdı. Adəmin baxışında gördüyü o qətiyyətdən əmin olsa da yenə də soruşmaq ehtiyacı hiss etdi:

-Adəm, bilirsən də, bu dönüşü olmayan yoldur?

Adəm əlini silahın üzərinə qoyub, yavaş, amma əminliklə:

- Mən onsuz da bu yola dönmək üçün gəlməmişəm, komandir. Gedək. Vaxt yoxdur.

Onlar Murovun buzla örtülmüş yamacına doğru irəliləyirdilər. Yavaş-yavaş qarın dumanında gözdən itdilər. Birdən uzaqdan minamyotun uğultusu eşidildi, hər kəs səksəndi, nə olduğunu anlamağa çalışdı. Minamyotun səsi səmanı yardı. Torpaq göyə sovruldu. Hər şey bir anlıq titrədi. Komandiri Adəmi qorumaq üçün ağzını açmağa icazə verməyən minamyotun sayısız qəlpəsi onu parça-parça etdi. Eyni anda o amansız qəlpənin biri Adəmi tapıb, bədəninə sancıldı. Adəm son nəfəslərini alıb verərkən ağzından çıxan buxar havada donub yox olurdu. Murovun soyuğu bıçaq kimi içini kəsirdi. Amma o an, qəlbində başqa bir istilik canlandı. Qəfil, izahı olmayan şəkildə ən sevdiyi yeməyin -yarpaq dolmasının qoxusunu hiss etdi.

Elə bil Akifə ana mətbəxin pəncərəsini açmışdı; bişən dolmanın buxarı dağlara dolub oğlu üçün yol tapmışdı.

Adəm gözlərini yumdu. İçində bir anlıq ev sakitliyi yarandı, nəfəsi yumşaldı. İndi yalnız ev, ana nəfəsi və geridə qalanlar var idi… Üşüdüyünü artıq hiss etmirdi.

Adəm gözlərini göyə dikdi. 19 il əvvəl Arifin “qardaş istəyirəm” deyib dua etdiyi o göyə son dəfə baxdı… və elə həmin göyə pıçıldadı:

- A… rif…

Müəllif: Nuray Rəşid