Yaponiya Azərbaycanla rəqəmsal sahədə əməkdaşlığı genişləndirir.
“İki sahil” xəbər verir ki, bunu Trend-ə bu gün Bakıda keçirilən Ümumdünya Telekommunikasiya İnkişafı Konfransının açılış mərasimi çərçivəsində açıqlamasında Yaponiya Daxili İşlər və Kommunikasiyalar Nazirliyinin Beynəlxalq Əlaqələr üzrə vitse-naziri Takuo İmaqava deyib.
O bildirib ki, Yaponiya hökuməti Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) rəhbərliyi ilə sıx əməkdaşlıq edir və hər kəs üçün bağlantının təmin edilməsini əsas hədəf kimi görür.
"Bu WTDC bütün dünya üzvləri üçün çox mühüm konfransdır. İk dəfədir Azərbaycana gəlirəm və Bakı gözəlliyi ilə məni heyran edir. Bura internet cəmiyyəti və rəqəmsal sahə üzrə müzakirələr üçün çox münasib məkandır", – o qeyd edib.
Mütəxəssisin sözlərinə görə, Yaponiya ilə Azərbaycan arasında rəqəmsal sahədə əməkdaşlığın genişləndirilməsi üçün artıq praktiki addımlar atılıb: "İki gün əvvəl Azərbaycanla memorandum imzaladıq. Bu əməkdaşlıq Memorandumu əsasında birgə layihələr həyata keçirəcəyik".
O, memorandumun şənbə günü imzalandığını bildirib və gələcək əməkdaşlığın konkret layihələr əsasında davam etdiriləcəyini vurğulayıb.