15 noyabr 2025 21:50
104

"Euroclear" rəhbəri Aİ-nin Rusiya aktivlərinin müsadirəsi qərarını bloklayır

Belçikada yerləşən beynəlxalq depozitar "Euroclear"ın rəhbəri Valeri Urben Avropa Komissiyası (AK) və Avropa İttifaqı Şurasının gələcəkdə Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi ilə bağlı göstərişlərinin icrasına qarşı məhkəmə vasitəsilə mübarizə aparmağa hazır olduğunu bildirib.

“İki sahil” xəbər verir ki, Urben bunu "Le Monde" qəzetinə verdiyi müsahibəsində açıqlayıb.

"Qanunlar mövcuddur. Hüquqi bazadan asılı olaraq biz qərar verəcəyik ki, nə edə bilərik və nə etmək istəyirik", – deyə o vurğulayıb.

Onun sözlərinə görə, əgər Avropa institutları depozitarı bu addımı atmağa məcbur etmək istəsələr, məhkəməyə müraciət olunması istisna edilmir. Urben əlavə edib ki, 2022-ci ildən bəri hüquq şöbəsi 10 nəfərdən 200 əməkdaşa qədər genişləndirilib.

"Euroclear" hesablarında Rusiyanın dondurulmuş 193 milyard avro həcmində aktivləri depozitarın ümumi 42,5 trilyon avro dəyərindəki vəsaitlərinin yalnız kiçik bir hissəsini təşkil edir. Urben hesab edir ki, bu aktivlərin müsadirəsi, hətta dolayı formada olsa belə, bütün Avrozonaya zərər vura bilər. O izah edib ki, digər ölkələrin nümayəndələri söhbətlərdə bu gedişatdan ciddi narahatlıq ifadə edirlər və əgər Rusiya vəsaitləri, məsələn, Ukraynaya kreditin maliyyələşdirilməsi üçün istifadə olunarsa, beynəlxalq investorlar "Avrozonaya yatırımlarını azaldacaqlar", bu isə, öz növbəsində, Avropanın bütün maliyyə ehtiyaclarına mənfi təsir göstərəcək.

Urben əlavə edib ki, Rusiya-Ukrayna müharibəsi başa çatdıqdan və sanksiyalar götürüldükdən sonra Moskva istənilən vaxt öz pullarını tələb edə bilər və əgər bu vəsaitlər kredit üçün istifadə olunarsa və ya müsadirə edilərsə, "Euroclear" Moskva qarşısında öhdəliklərini necə yerinə yetirəcəyini bilmir.

Nəşr xatırladıb ki, Rusiyada "Euroclear" müştərilərinin 20–40 milyard avro həcmində aktivləri dondurulub və onlar Rusiya depozitarında saxlanılır. "Le Monde" Belçikanın Baş naziri Bart De Veverin sözlərindən sitat da gətirib: "Əgər Rusiya aktivləri müsadirə olunarsa, onlar öz aktivlərini və ya zavodlarını itirəcəklər".

Noyabrın 13-də Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa Parlamentində çıxışı zamanı bir daha bəyan edib ki, AK Rusiya aktivlərinin reparasiya krediti üzrə istifadəsini Avropa İttifaqına Ukraynanın 2026–2027-ci illərdə maliyyələşdirilməsi üçün ən yaxşı imkan hesab edir.