16 noyabr 2025 00:30
100

BFMTV-nin binasında partlayış təhdidinin yalan olduğu üzə çıxıb - YENİLƏNİB

Fransanın BFMTV telekanalı studiyasının yerləşdiyi binada partlayış təhlükəsi barədə daxil olan xəbərdarlıq səbəbindən iki saatdan çox çəkən fasilədən sonra normal yayımını bərpa edib.

“İki sahil” xəbər verir ki, bu barədə telekanalın efirində bildirilib.

"Məhəllədə adi həyat bərpa olunub, binanın qarşısında yol hərəkəti yenidən başlayıb. Adətən, bu cür hadisələr barədə danışırıq, amma bu dəfə məhz BFMTV ilə baş verdi. Buradakı 10 illik fəaliyyətim ərzində ilk dəfədir, belə bir şeylə qarşılaşıram", – telekanalın müxbiri İqor Sairi deyib.

Təhdid 13 noyabr 2015-ci il terror aktlarının ildönümü və hazırkı terror təhlükəsi səviyyəsi nəzərə alınaraq ciddi qəbul edilib. Nəticədə RMC BFM media qrupunun bütün kanallarında verilişlərin yayımı dayandırılıb.

Telekanal əməkdaşlarına yalnız saat 17:35-də (Bakı vaxtı ilə 20:35) işə qayıtmağa icazə verilib. Polis bütün binanı və ətrafını yoxladıqdan sonra təhlükəli əşya aşkar etməyib.

Telekanal qeyd edib ki, Fransada böyüklər və ya yeniyetmələr tərəfindən yayılan saxta bomba xəbəri üçün 30 min avroya qədər cərimə və iki ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

***

Fransada tanınmış BFMTV telekanalının yayımı studiyasının yerləşdiyi binanın partladılacağı ilə bağlı hədə-qorxu mesajı ilə əlaqədar dayandırılıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti məlumat yayıb.

Qeyd olunur ki, yerli vaxtla saat 15:19-da (Bakı vaxtı ilə 18:19 - red.) telekanalın binasında işçilərin təxliyəsi elan edildikdən sonra aparıcılar studiyanı tərk etməli olublar. Polis əməkdaşları və minaaxtaran qrup partlayıcını axtarışına başlayıb. Yoxlamaya səbəb internet istifadəçisinin studiyanın yerləşdiyi binanın partladılacağını bildirməsi olub.

Bir neçə saatlıq axtarışlardan sonra studiyada hər hansı təhlükəli maddə tapılmayıb və kanalın yayımı bərpa olunub.