Son illərin təhlili Ermənistanda sosial-iqtisadi durumun getdikcə daha ağır vəziyyətə düşdüyünü, ölkədə insanların böyük məhrumiyyətlər içində yaşamağa məcbur olduğunu göstərir. Hökumətin qarşısında duran ən problemli sahələrdən biri də məşğulluqla bağlıdır. Bu gün statistik rəqəmlər ölkədə işsizliyin və işləyən yoxsulların sayının dayanmadan artdığını göstərir. Nikol Paşinyan hakimiyyətə gələndə verdiyi vədlərdən biri də ölkədəki işsizliyi minimum həddə çatdırmaq olsa da, son illərdə bunun əksi müşahidə edilib. Hakim partiyanın səriştəsizliyi və qəbul etdiyi səhv qərarlar nəticəsində işsizlik və yoxsulluq artıq pik həddə çatıb. Ermənistanın əmək bazarında müşahidə edilən qəribə tendensiya isə bir sıra mətləblərdən xəbər verir. Səlahiyyətli şəxslər minlərlə yeni iş yerinin açıldığını bəyan etsələr də, digər tərəfdən rəsmi statistikada işləyənlərin sayında minlərlə azalma qeydə alınır. 2025-ci ilin ikinci yarısının statistik göstəricilərinə görə, işsizliyin ən yüksək olduğu MDB ölkəsi Ermənistandır. Burada iş axtaranlar 14 faizdir. Cənubi Qafqazın digər ölkəsi olan Azərbaycanda isə işsizlərin sayı 5,3 faiz civarındadır ki, bu da Avropa İttifaqındakı göstəricidən xeyli aşağıdır. Müqayisə üçün qeyd edək ki, Avropa İttifaqında işsizlik səviyyəsi 6 faiz təşkil edir. Onu da qeyd etmək lazımdır ki, Aİ-nin inkişaf etmiş ölkələrində bu ilin ikinci rübündə işsizlərin xüsusi çəkisi artıb.
Ötən ilin birinci rübündə Ermənistanda təxminən 1 milyon 130 min nəfər, bu il 1 milyon 116,4 min nəfər işlə təmin olunub. Məşğul olanların sayı 13 mindən çox azalıb. Məşğulluq səviyyəsi də pisləşib. Ötən il əmək qabiliyyətli əhalinin 50,9 faizi, bu il 48,7 faizi məşğul olub. Yəni, rəsmi olaraq, 2.2 faiz bəndi geriləmə var. Yenə də vurğulamaq yerinə düşər ki, reallıqda isə rəqəmlər qat-qat artıqdır və bu tendensiya durmadan artdığı üçün ermənilər ölkəni sürətlə tərk edir, digər ölkələrə miqrasiya edərək iş tapmağa çalışırlar. Bir tərəfdən işsizliyin artması, digər tərəfdən isə məşğulluğun azalması narahatlıq doğurmaya bilməz. Bu o deməkdir ki, iqtisadi artımın hətta aşağı nəticələrinin olduqca qeyri-mütənasib paylanması və cəmiyyətin sosial qütbləşməsinin dərinləşməsi var. Onsuz da Ermənistanda qütbləşmə dərindir. İqtisadiyyatın inklüzivliyindən danışmağın ümumiyyətlə mənası yoxdur. Bu tendensiya yaxın gələcəkdə də davam edərsə, cəmiyyət getdikcə daha çox sosial gərginliyin dərinləşməsi ilə üzləşəcək. Artıq başqa istiqamətlərdə də müəyyən impulslar var. Bu, xüsusən də maaşlarda nəzərə çarpır. Əmək haqqının artım tempi xeyli zəifləyib. Bu, xüsusilə təhlükəlidir, çünki o, təkcə sosial deyil, həm də iqtisadiyyatın ayrı-ayrı sektorları və maliyyə sistemi üçün daha dərin nəticələrə səbəb ola bilər.
Ermənistanda son aylarda müxtəlif sahələr üzrə qiymətlərin durmadan bahalaşması da cəmiyyətdə böyük narazılıq yaradıb. Əhaliyə satılan təbii qazın qiymətinin artmasından sonra digər sahələrdə də analoji halın yaşanacağına dair verilən proqnozlar özünü doğrultmaqdadır. Məsələn, getdikcə iqtisadi vəziyyəti iflic halına düşən Ermənistanda son vaxtlar su və qazla yanaşı, ictimai nəqliyyatda gediş haqqının qaldırılması da böyük narazılıqla qarşılanıb. Böhran məngənəsində boğulan Ermənistanda çörəyin və un məmulatlarının qiymətinin bahalaşması onsuz da vəziyyəti ağır olan əhalinin ciddi narazılığına səbəb olub. Bundan əlavə, qarabaşaq, makaron məhsulları, düyü, manna yarması və uşaq qidalarında da qiymət artımı var. Bunların fonunda əhali isə çıxış yolunu ölkəni birdəfəlik tərk etməkdə görür. Təsadüfi deyil ki, BMT-nin hesabatlarına əsasən, miqrasiya və təbii artımın ciddi şəkildə azalması səbəbindən 12-17 il sonra Ermənistan əhalisinin sayı 1.5 milyon nəfərə qədər azalacaq. Əgər bu gün erməni dövlətinin rəsmi əhalisi 2.9 milyon nəfərdirsə, növbəti illərdə bu sayın getdikcə ciddi şəkildə azalması qaçılmaz olacaq. Artıq söhbət miqrasiyadan yox, ölkənin depopulyasiyasından gedir. Əgər qlobal orta miqrasiya nisbəti 0.3 faiz ətrafında dövr edirsə, Ermənistanda bu nisbət 30 faizi çoxdan aşıb.
Sevinc Azadi, “İki sahil”