“Azərbaycan xalqı olaraq bugünlər milli tariximizin şanlı səhifəsi olan Zəfər Gününun beşinci ildönümünü qeyd edirik. Bu günün xalqımızın və dövlətimizin taleyində müstəsna yeri var. Çünki 8 Noyabr - Zəfər Günü Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, gücünün və qüdrətinin rəmzidir. Biz bu şanlı zəfərimizlə hər zaman iftixar hissi keçiririk”.
“İki sahil” xəbər verir ki, bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, ötən əsrin sonlarından başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı “ideyasını” reallaşdırmaq cəhdi respublikamıza fəlakət, dağıntılar, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurdu. Bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olub. Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salaraq bütün yaşayış məntəqələrində infrastrukturu tamamilə məhv edib, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurub.
Millət vəkilinin sözlərinə görə, işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması bütün dövrlərdə dövlət siyasətinin mütləq prioriteti və strateji hədəfi olub. Buna görə də, ordu quruculuğu daim Prezident İlham Əliyevin siyasətinin prioritet istiqaməti sırasındadır. Ermənistanın işğalçı siyasəti dövründə danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan, eyni zamanda, güclü ordu yaradırdı. Bütün illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Bununla yanaşı, Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması ölkənin hərbi qüdrətini artırdı. Eyni zamanda, bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaratdı. Ölkəmiz regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın deyil, bir çox ölkələrin, o cümlədən region ölkələrinin maraqlarını təmin edir. Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə gücləndirdi.
Eləcə də, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq tərəfdaş ölkələrin sayının artmasına səbəb oldu. Azərbaycan münaqişə boyunca bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edib və münaqişənin həlli üçün hüquqi bazanı hazırlayıb. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və digər təşkilatlar qətnamələr qəbul edib. Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilirdi. Nəzərə alaq ki, Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirib və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışıb. BMT isə işğalçı Ermənistana təzyiq göstərməyib, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənirdi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi kağız üzərində qalaraq icra olunmurdu. Ermənistanın davamlı olaraq təxribatçı addımları, bəyanatları, hərəkətləri isə müharibəni qaçılmaz etmişdi. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Vətənin azadlığı uğrunda xalqımız bir yumruq kimi birləşdi və bu dəmir yumruq düşmənin başını əzdi. Həmin 8 noyabr tarixində Qarabağın incisi Şuşanın işğaldan azad edilməsi isə düşməni tamamilə diz çökdürdü. 10 noyabrda imzalanmış üçtərəfli bəyanata əsasən Ağdam, Kəlbəcər və Laçın rayonları döyüşsüz, qan tökülmədən azad edildi. Xalqımız Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini hər zaman böyük ehtiramla anır.
Pərvin Kərimzadə qeyd edib ki, müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirdi. On minlərlə insanın orduya könüllü kimi yazılması, eləcə də ermənilərin hərbi təxribatları zamanı öz evlərinin tərk etməməsi faktı Azərbaycanda xalq-ordu birliyi və orduya olan inamından xəbər verirdi. “Dəmir yumruq” əməliyyatının ilk saatlarında cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd döyüş yolu ilə işğaldan azad edildi. Beləliklə, Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, Erməni mifini də məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini bütün dünyaya göstərdi.
Deputat deyib ki, Prezident İlham Əliyev tərəfindən İkinci Qarabağ müharibəsi dövründə verilmiş müsahibələrin hər biri Azərbaycanın diplomatik uğurudur. Dövlət başçısı həmin dövrdə dünyanın ən böyük media qurumlarına 30-dan çox müsahibə verdi, münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı. İnformasiya savaşının əsas konturlarını təşkil edən bu müsahibələr mediamızın fəaliyyətinə istiqamət verdi. Müzəffər Ali Baş Komandanın müharibə ilə bağlı müsahibələri XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə bilər. Müsahibələr ardıcıl, dünyanın ən müxtəlif ölkələrinin, müxtəlif kanalları vasitəsi ilə aparılırdı. Müsahibələri real mübarizə və silah üsuluna çevirən Azərbaycan Prezidenti bu müharibədə də qalib gəldi. Həmin nitqlərdə gerçəklikdən doğan konkretlik, qətiyyət, iradə əsaslı şəkildə yer alırdı.
Pərvin Kərimzadə qeyd edib ki, İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu müttəfiqlik özünü bütün istiqamətlərdə - siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğunda göstərir.
Onun sözlərinə görə, Vətən müharibəsindən üç il sonra – 2023-cü ilin sentyabrında Qarabağda aparılan antiterror tədbirləri nəticəsində dövlətimizin bütün ərazilərdə suverenliyi tam təmin olundu, erməni separatizminin kökü tam kəsildi: “Bu gün işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işləri həyata keçirilir, keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdırlar. Xalqımız torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini daim uca tutur, qazilərə, müharibə veteranlarına ehtiramla yanaşılır. Döyüşlərdə iştirak etmiş qəhrəmanlarımız orden və medallarla təltif olunub. Eləcə şanlı Zəfərimizə həsr olunmuş muzeylər, parklar və s. komplekslər yaradılır. Bütövlükdə, Zəfər Günü xalqımızın qürur günüdür və hər zaman böyük coşğu və təntənə ilə qeyd olunacaq”.