05 noyabr 2025 17:10
188

İİTKM-də Milli Məclisin deputatı Arzu Nağıyev ilə könüllülərin görüşü keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “İslahat Könüllüləri” təşkilatının təşəbbüsü ilə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyevlə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş görüş keçirilib. Görüşdə “İslahat Könüllüləri” ilə yanaşı, “MEDİA Könüllüləri”, “Könüllü gömrükçü”, “Ailəm könüllüləri” və “Turizm” təşkilatlarının nümayəndələri iştirak ediblər.

“İki sahil” xəbər verir ki, tədbiri giriş sözü ilə açan İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn qonağı salamlayaraq belə görüşlərin gənclərin milli ruhda formalaşmasında mühüm rol oynadığını, həmçinin 8 Noyabr – Zəfər Gününün xalqımızın birlik və qürur rəmzi kimi əhəmiyyətini vurğulayıb.

Daha sonra çıxış edən Arzu Nağıyev bildirib ki, tarixi Zəfər Prezident İlham Əliyevin müdrik siyasəti, Azərbaycan xalqının birliyi və Vətən müharibəsi şəhidlərinin qəhrəmanlığı sayəsində əldə olunub. O, həmçinin gənclərin vətənpərvər ruhda tərbiyə almasının dövlətimizin gələcəyi üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Birinci Qarabağ müharibəsi veteranı olan Arzu Nağıyev həm hərbçi, həm ictimai-siyasi xadim, həm də jurnalist kimi şəxsi təcrübəsini gənclərlə bölüşərək onları maraqlandıran sualları cavablandırıb. Bildirib ki, müstəqil dövlətin vətəndaşı olmaq hər bir gənc üçün qürur mənbəyi və böyük məsuliyyətdir. Azərbaycanın suverenliyinin qorunması, siyasi-iqtisadi inkişafı, milli-mənəvi  dəyərlərimizin gələcək nəsillərə ötürülməsi məhz bugünkü gənclərin öhdəliyindədir.

Sonra könüllülərlə müzakirələr aparılıb, onların mövzu ilə bağlı fikirləri dinlənilib.