05 noyabr 2025 00:36
92

Qarabağ və Şərqi Zəngəzurun zəngin təbii resursları

Prezident İlham Əliyevin göstərişi ilə bölgədə aparılan geoloji işlərin nəticəsi onu deməyə əsas verir ki, yaxın bir neçə ay ərzində bununla bağlı xoş xəbərlər gələcək

İşğaldan azad olunmuş ərazilər faydalı qazıntıları ilə zəngindir. Bu bölgədə kəşf olunmuş 167 növ müxtəlif faydalı qazıntı yataqları var. Qarabağda 1993-cü ilədək tədqiq edilmiş yataqlar üzrə faydalı qazıntı ehtiyatları - 6,52 ton qızıl, 10,75 ton gümüş, 2 942 min ton mis konsentratı, 29 milyon m3 inşaat daşı, 14 milyon m3 çınqıl, 6 618 min m3 üzlük daşı, 1,1 milyon m3 gil, 2,5 milyon m3 qum, gündəlik ehtiyatı 18000 m3/gün yeraltı içməli su və 129 833 min ton soda üçün əhəng materialı mövcud olub. Hazırda bu faydalı qazıntı yataqlarının vəziyyəti haqqında dəqiq məlumatlara malik olmasaq da, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təqdim etdiyi aerofotoşəkillərə əsasən erməni işğalçıları tərəfindən bu yataqların bir hissəsinin vəhşicəsinə istismar edildiyi məlumdur. Regionda 500-dən artıq yatağın artıq formalaşmasına və ehtiyatların hesablanmasına imkanlar var. Zaman keçdikcə onların axtarış-qiymətləndirmə və kəşfiyyat işləri aparılır, ehtiyatları hesablanır. Yataqların isə hər birinin iqtisadiyyatın inkişafına töhfəsini verəcəyi şübhəsizdir. Bu bölgədə çeşidli sənaye məhsulları istehsalı ölkəmizin ixrac imkanlarını artırmaqla yanaşı, əhalinin məşğulluğunu da təmin edəcək.

Ən zəngin faydalı qazıntı ehtiyatları isə Kəlbəcər rayonundadır. Rayon faydalı qazıntı ehtiyatları ilə zəngin olan Daşkəsən ilə həmsərhəddir, Gədəbəy rayonu ilə məsafəsi isə kifayət qədər azdır. Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarının potensialı ilə respublika əhəmiyyətli dağ-mədən sənayesi aqlomerasiyası formalaşdırmaq mümkündür. Qeyd edək ki, 1993-cü ilədək Kəlbəcər rayonunda təsdiq edilmiş yataqlar üzrə faydalı qazıntı ehtiyatları - 130 ton qızıl, 190,33 ton gümüş, 45,82 ton tellur, 248,89 ton selen, 939 ton civə, 10 927 min kub­metr mişar daşı, 1 312 min kubmetr gil, 2 540 min kubmetr qum-çınqıl, 5189,6 ton əlvan daş, gündəlik ehtiyatı 3093 kubmetr /gün mineral su, 12 428 min kubmetr tikinti daşı, 1 901 min kubmetr üzlük daşı və 4 473 min kubmetr se­ment xammalı mövcud olub. Hazırda Kəlbəcər rayonu ərazisində kəşf olunan faydalı qazıntı yataqlarının istismarı ön plandadır.

Filiz yığımlarından ən çox əhəmiyyət kəsb edəni isə qızıl yataqlarıdır. Bu yataqlar işğadan azad olunmuş rayonlarda iqtisadiyyatın dirçəldilməsində rol oynayacaq. Bunlardan Söyüdlü (Zod), Ağdüzdağ, Ağzabir-Qızılitən, Qızılbu­laq və Vejnəli yataqları işğal dövründə xarici şirkətlərlə birlikdə ermənilər tərəfindən qanunsuz olaraq istismar edilmiş, iqtisadi və ekoloji baxımdan ölkəmizə əhəmiyyətli dərəcədə ziyan vurulmuşdu. İşğaldan azad edilmiş ərazilərdə xromit, mis, civə, molibden və mərgümüşlə zəngin, sənaye potensialına malik yataqlar da az deyil. Bu yataqlar da əlavə dəqiq tədqiqatlar tələb edir.  Ehtiyatları təsdiqlənən qeyri-metal faydalı qazıntı yataqları Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində dağ-kimyəvi (kükürd kol­çedanı, soda xammalı, litoqraf daşı) xammal, qiymətli-zinət (jadeit, əqiq, obsidian (dəvə gözü), nefritoidlər) və zinət (yəşəm, mərmər oniksi, felzit tufu, listvenit) daşları, həmçinin ümumi ehtiyatları 10 milyon kubmetrlərlə ölçülən mişar, üzlük və inşaat daşları, sement xammalı, büzücü maddələr, mineral boyalar, inşaat kərpici üçün xammal, beton doldurucuları və yol-tikinti xammalı kimi inşaat materialları ilə diqqət çəkir. Bunlardan bir çoxu (Şahbulaq əhəngdaşı yatağı, Əsgəran mergel yatağı, Ağçay, Harov, Zərinbax, Yemişcan və Gülablı mərmələşmiş əhəngda­şı yataqları, Çıldıran felzit tufu yatağı, Edişə qabbro-teşenit yatağı, hər iki Çiləbürt gəc yataqları və s.) işğal dövründə intensiv olaraq ermənilər tərəfindən istismar edilib, alınan məhsulların əksəriyyəti isə regiondan kənara çıxarılıb. Yanar faydalı qazıntılardan dağlıq ərazidə kiçik miqyaslı Çardaqlı daş kömür yatağı kəşf edilib. Bu yataqlar artıq Azərbaycan xalqına xidmət edəcək, ölkəmizin iqtisadi qüdrətini daha artıracaq.

“Geoloji kəşfiyyat işləri xüsusilə Qarabağda və Şərqi Zəngəzurda çox böyük əhəmiyyət kəsb edir. Çünki bu ərazi sovet vaxtında lazımınca tədqiq edilməmişdir və tədqiq edilsə idi belə, yenə də ovaxtkı texnologiyalarla onları tam öyrənmək mümkün deyildi”. Bunu Prezident İlham Əliyev AMEA-nın 80 illik yubileyinə həsr olunmuş yığıncaqdakı çıxışı zamanı bildirib. Prezident qeyd edib ki, bu gün müasir texnologiyalarla peykdən tədqiqat, zondlama aparılır: “Təbii resurslar, o cümlədən qeyri-ənənəvi neft yataqlarının aşkarlanması bir çox hallarda fiziki, yəni, əraziyə girmədən müəyyən edilir. Ona görə mənim göstərişimlə artıq bir neçə aydır ki, Qarabağda və Şərqi Zəngəzurda böyük geoloji işlər aparılır. Azərbaycan alimlərini bu işlərə dəvət edirəm, dövlət strukturlarına da göstəriş verirəm. Hesab edirəm ki, yaxın bir neçə ay ərzində bizə çox yaxşı xəbərlər gələcək. Bizim çox zəngin təbii resurslarımız var - qızıl, gümüş, mis yataqları, polimetal yataqlar. Onların aşkarlanması, kəşfiyyatı, işlənməsi bizə böyük xeyir gətirəcək, Qarabağ və Şərqi Zəngəzur regionlarımızda iş yerlərinin böyük sayda yaradılmasına gətirib çıxaracaqdır”.

Beləliklə, regionun çox böyük sənaye potensialı var. Təbii resursları dövriyyəyə cəlb etməklə Azərbaycan qərb bölgəsinin inkişafını, dağ-mədən sənayesinin yüksəlişini təmin edəcək. Ən əsası azad edilən ərazilərin iqtisadiyyatı yenidən qurulacaq və yeni texnologiyalar tətbiq olunacaq, bu isə iqtisadiyyatı daha məhsuldar hala gətirəcək.

Sevinc Azadi, “İki sahil”