30 sentyabr 2026 13:13
84

Qüdrətli Azərbaycanın memarı

Müasir Azərbaycanın 1969-cu ildən başlanan tarixi göstərir ki, son 57 ildə xalqımızın məruz qaldığı faciələr yalnız Ulu Öndərin siyasi hakimiyyətdə olmadığı illərdə baş verib. Təəssüf ki, o illər Heydər Əliyevdən sonra Azərbaycanda siyasi hakimiyyətdə olan şəxslər tarixi reallıqları düzgün dərk edə bilmədilər, qətiyyətsizlik nümayiş etdirdilər. Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən çox qısa vaxt sonra mərkəzi hakimiyyətin səriştəsizliyi, dövlət idarəetməsində yol verilən ciddi nöqsanlar səbəbindən ölkədə ictimai-siyasi münasibətlər gərginləşmiş, xaos və anarxiya dərin böhrana səbəb olmuşdu.İqtisadiyyat iflic olmuş, vətəndaşların güzəranı kəskin pisləşmişdi. Respublikanın bir çox rayonunda qanun pozuntuları, hakimiyyətə yaxın qrupların özbaşınalığı, hərc-mərclik və zorakılıq halları artmış, siyasi böhran son həddə çataraq, vətəndaş müharibəsinə gətirib çıxarmışdı.Hərbi hissələrdə nizam-intizamın zəifləməsi, orduda vahid komandanlığın və təşkilatçılığın olmaması Ermənistanın işğalçılıq siyasətinin və ərazilərimizin işğalının daha da genişlənməsinə rəvac vermişdi. Beləliklə, Azərbaycan 1993-cü ilin may-iyun aylarında dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı.

Xalqımız müstəqilliyin ilk illərində qarşıya çıxan mürəkkəb problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevin hakimiyyətə gəlməsində görürdü. 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər həmin dövrdə ölkəyə səriştəsiz və qeyri-peşəkar şəxslərin rəhbərlik etməsinə görə baş verirdi.

Belə bir şəraitdə 1993-cü il iyunun 9-da xalqın təkidli tələbi ilə Bakıya dəvət olunan Heydər Əliyev iyunun 15-də Milli Məclisin Sədri seçildi.

1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın mütləq əksəriyyətinin etimadını qazandı. Ulu Öndər 98.84 faiz səslə Azərbaycan Prezidenti seçildi.Həmin gün yalnız siyasi liderin hakimiyyətə dönüşü deyil, həm də müstəqil dövlətçiliyimizin xilası və davamlı inkişaf yoluna çıxışı kimi tarixləşdi.

Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz etdi, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxardı, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. Heydər Əliyevin prezident seçilməsindən sonra dövlət quruculuğu istiqamətində ardıcıl tədbirlər həyata keçirilməyə başlandı.      

Ümummilli Lider Heydər Əliyev andiçmə mərasimindəki nitqində demişdir: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.

Ulu Öndər prezident seçildikdən sonra qısa müddətdə sabitliyi təmin etməyə nail oldu. Onun ilk tədbirləri sırasında ordu quruculuğunun başlanması,iqtisadiyyatın inkişaf etdirilməsi,milli təhlükəsizliyin təmin edilməsi, hüquqi dövlət quruculuğuna start verilməsi və ərazi bütövlüyünün bərpa olunması dayanırdı.

Xalqımızın dahi oğlu Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi indi tarixi uğurları ilə fəxr etdiyimiz güclü Azərbaycan dövlətinin yaranması ilə nəticələndi. Özünün dediyi kimi, ömrünün qalan hissəsini xalqına bağışlayan Ulu Öndərin adı tariximizə müasir Azərbaycan dövlətinin banisi və qurucusu kimi yazıldı. Heydər Əliyev respublikamız üçün elə bir yüksəliş kursunun əsasını qoyub ki, bu yol həm indi, həm də gələcəkdə Azərbaycanın inkişafına və güclənməsinə xidmət edəcək. Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə ötən illərdə Azərbaycanın keçdiyi möhtəşəm inkişaf yolu bunu aydın şəkildə təsdiq edən tarixi reallıqdır.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan müasir müstəqil Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etmiş,günü-gündən inkişaf edir və daha da qüdrətlənir.

Seyfəddin Əliyev,

YAP Masallı rayon təşkilatının sədri