04 noyabr 2025 01:27
158

Cəbrayıl və Zəngilandakı bərpaolunan enerjinin həcmi 400 meqavata çatdırılacaq

Bu, böyük bir şəhərin enerji tələbatını ödəməyə imkan verəcək

Ölkəmiz enerji resursları ilə zəngin olmasına və dünyada bu  resursların ixracatçısı kimi tanınmasına baxmayaraq, həmişə bərpaolunan enerji mənbələrindən istifadəni diqqət mərkəzində saxlayıb.  Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsindən ibarətdir. Çünki Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir.

Hazırda respublikamızda 28 giqavat gücündə bərpaolunan enerji potensialının reallaşdırılması üzərində çalışır. Başlıca hədəf  2030-cu ilə qədər bərpaolunan enerji mənbələri üzrə quraşdırılmış güclərin ümumi enerji balansında payını 30 faizə çatdırmaqdır. Bu strategiya çərçivəsində dayanıqlı kənd təsərrüfatı, ekoloji cəhətdən təmiz nəqliyyat, ağıllı şəhər və kəndlərin yaradılması, eləcə də minlərlə hektar ərazidə meşələrin bərpası kimi innovativ yanaşmalar nəzərdə tutulub.

Diqqətəlayiq haldır ki, Azərbaycanın zəngin bərpaolunan enerji potensialının mühüm bir hissəsi işğaldan azad edilmiş ərazilərdə cəmləşib. Son illər aparılmış elmi araşdırmalar və tədqiqat işləri nəticəsində burada günəş, külək, hidro və digər bərpaolunan enerji növləri üzrə böyük imkanların mövcudluğu tam təsdiqlənib. Mütəxəssislər bölgənin bərpaolunan enerji üzrə texniki potensialını, təxminən, 10 qiqavat həcmində qiymətləndiriblər. Məhz buna görədir ki, dövlət başçısı İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurun 10 min kvadratkilometrlik ərazisini «yaşıl enerji zonası» elan edib.

Burada bir məsələni də xüsusi vurğulamaq lazımdır ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpaolunan enerji potensialı böyükdür. Artıq bu potiensialdan geniş şəkildə istifadəyə başlanılıb. Oktyabrın 28-də Prezident İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndinin sakinləri ilə görüşündə təməli qoyulan «Şəms» və «Üfüq», eləcə də hazırda inşası davam etdirilən «Şəfəq» Günəş Elektrik stansiyalarında istehsal olunacaq yaşıl enerjinin bütün bu bölgəni təmin edəcəyini vurğulayaraq deyib: «Cəbrayıl və Zəngilan rayonlarında icra edilmiş və ediləcək günəş və su elektrik stansiyalarının gücü, təqribən, 400 meqavata çatacaq ki, bu da böyük bir şəhərin tələbatını ödəməyə imkan verəcəkdir».

Proqnozlara görə, 2030-cu ilə qədər işğaldan azad olunan ərazilərdə  mövcud potensial hesabına 1,6 qiqavat  yaşıl enerji istehsalına nail olunması planlaşdırılır. Artıq regionun «yaşıl enerji» potensialının hərəkətə gətirilməsi istiqamətində konkret layihələrin həyata keçirilməsinə başlanılıb. Bu baxımdan Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayılda reallaşdırılan layihələr diqqət çəkir. Məlum olduğu kimi, rayon ərazisində icra olunan 240 meqavatlıq «Şəfəq» layihəsi artıq tikinti mərhələsinə qədəm qoyub. Ölkəmizin işğaldan azad edilmiş ərazilərinin bərpaolunan enerji potensialının hərəkətə gətirilməsi istiqamətində həyata keçirilən ən iri layihə sayılan «Şəfəq» Günəş Elektrik Stansiyasında il ərzində, təxminən, 500 milyon kilovat-saat elektrik enerjisinin istehsalı planlaşdırılır. Bu da illik 120-150 milyon kubmetr təbii qaza qənaət etməyə və 260-330 min ton karbon emissiyasının azaldılmasına imkan yaradacaq.

Layihə üzrə açıqlanan göstəricilər iqtisadi baxımdan kifayət qədər səmərəlidir. Mərasimdə dövlət başçısına məlumat verilib ki, «Şəms» və «Üfüq» günəş elektrik stansiyalarında ildə ümumilikdə, 206 milyon kilovat-saat elektrik enerjisinin istehsalı planlaşdırılır. Bunun nəticəsində hər il təxminən, 44 milyon kubmetr təbii qaza qənaət ediləcəyi, atmosferə atılan zərərli emissiyaların isə 96 min ton azalacağı gözlənilir.

Sözügedən stansiyalarda istehsal ediləcək elektrik enerjisinin 75 milyon kilovat-saatı  «AzərEnerji» ASC-yə, 131 milyon kilovat-saatı isə «elektrik enerjisinin virtual ötürülməsi» prinsipi əsasında iri istehlakçılarla birbaşa bağlanan alqı-satqı müqavilələri üzrə satılacaq. Bu göstəricilər həm də ekoloji sabitlik və iqlim siyasəti baxımından olduqca mühüm əhəmiyyət daşıdığını təsdiqləyir. Bu layihələr  həm də postmüharibə dövründə əhalinin geri dönüşü üçün infrastruktur təminatına şərait yaradacaq.

Göründüyü kimi, Qarabağ və Şərqi Zəngəzur bölgələrində bərpaolunan enerji sahəsində aparılan işlər, sadəcə, torpaqların fiziki bərpası ilə məhdudlaşmır. Bu addım həm də Azərbaycanın enerji gələcəyinin yenidən formalaşdırılması deməkdir. Burada günəşin, küləyin və dağ çaylarının enerji potensialı birləşərək regionu təkcə bərpaolunan ərazi deyil, həm «yaşıl enerji zonası»na çevirir. Yaxın perspektiv üçün hədəflənən 1,6 qiqavatlıq yaşıl enerji isə yalnız başlanğıcdır.

Elçin Zaman, «İki sahil»