01 noyabr 2025 11:16
115

Almaniyada Azərbaycan diasporunun gücləndirilməsi imkanları müzakirə edilib

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Köln şəhərindəki Azərbaycan Evində Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin toplantısında iştirak edib və Azərbaycan diasporunun gücləndirilməsi imkanlarını müzakirə edib.

Dövlət Komitəsindən “İki sahil”ə verilən məlumata görə, Alyansın İdarə Heyətinin sədri Altay Rüstəmli Almaniyada yaşayan həmvətənlərin birliyindən və milli dəyərlərin qorunması istiqamətində görülən işlərdən danışıb. Həmçinin bu ölkədəki diaspor təşkilatlarını birləşdirən Alyansın fəaliyyəti barədə hesabatla çıxış edib.

F.Muradov xaricdə yaşayan soydaşların milli maraqlar ətrafında sıx birləşməsinin, diaspor təşkilatlarının fəaliyyətinin mərkəzləşdirilməsinin və görülən işlərin sistemliliyinin əhəmiyyətini vurğulayıb:

"Həmvətənlərimizin bu proseslərdə göstərdikləri fəallıq və təşəbbüskarlıq Azərbaycan diaspor hərəkatının inkişafında mühüm rol oynayır, icmalaşma prosesi güclənir, diaspor təşkilatlarının qərar qəbuletmə bacarıqları sürətlə inkişaf edir".

Toplantıda Alyansın bundan sonrakı fəaliyyətinə, ümumilikdə diasporun inkişafına təkan verə biləcək istiqamətlər üzrə fikir mübadiləsi aparılıb, perspektivə dair təkliflər irəli sürülüb.