30 oktyabr 2025 21:03
120

Kimlər məktəb direktoru ola biləcək?

Bu gün saat 11:00-dan etibarən direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu prosesinin elektron sənəd qəbulu mərhələsinə start verilib.

“İki sahil” xəbər verir ki, namizədlər 11 noyabr 2025-ci il saat 17:00-dək https://miq.edu.az/direktor linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər.

Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

Elektron müraciət zamanı namizəddən aşağıdakı sənədlər tələb olunur:

a) Ali təhsil haqqında sənədin surəti

b) Elmi ad və ya dərəcə varsa təsdiqedici sənədin surəti

c) Əmək müqaviləsi haqqında çıxarış və ya əmək kitabçasının surəti.

Namizədlərin seçim mərhələsinə buraxılması zamanı məktəbdə təhsilalanların sayına və müəssisənin növünə görə müxtəlif minimal ballar tələb olunur.

a) Məsələn, namizəd təhsilalanların sayı 501-dən çox olan təhsil müəssisələri, eləcə də lisey, gimnaziya, internat tipli lisey və gimnaziyalar üzrə sertifikatlaşdırılmanın test imtahanı mərhələsində, müəllimlərin işə qəbulu müsabiqəsində və ya müəllimlərin diaqnostik qiymətləndirilməsinin test imtahanında 85% və daha yuxarı nəticə göstərməlidir;

b) Digər təhsil müəssisələri üzrə sertifikatlaşdırılmanın test imtahanı mərhələsində, müəllimlərin işə qəbulu müsabiqəsində və ya müəllimlərin diaqnostik qiymətləndirilməsinin test imtahanında 70% və daha yuxarı nəticə göstərməlidir.

Qeyd olunur ki, namizəd maksimum 3 vakant yer seçə bilər.

Müsahibə mərhələsində isə namizəd aşağıdakı meyarlar üzrə qiymətləndirilir:

a) Liderlik və strateji idarəetmə bacarıqları; b) Pedaqoji və tədris bacarıqları; c) İdarəçilik və təşkilatçılıq bacarıqları; d) Ünsiyyət və əlaqə bacarıqları; e) Problemlərin həlli və qərarvermə; f) Rəqəmsal və texnoloji bacarıqlar; g) Sosial və emosional bacarıqlar

Yalnız bütün meyarlar üzrə “Uyğundur” qiyməti alan namizəd müsbət qiymətləndirilmiş hesab olunur.