30 oktyabr 2025 22:58
299

SOCAR sağlamlıq və əməyin təhlükəsizliyinə xüsusi önəm verir

SOCAR işçilərin həyat və sağlamlığını istehsalat fəaliyyətindən üstün tutaraq əməliyyatların təhlükəsiz, etibarlı və tələblərə uyğun qaydada davam etdirilməsini daim diqqət mərkəzində saxlayır. Əsas məqsəd – istehsalatda bütün işləri və əməliyyatları qəza hallarına, bədbəxt hadisələrə, peşə xəstəliklərinə yol vermədən və istehsal prosesində ətraf mühitə zərər vurmadan həyata keçirməkdir. Sağlamlıq və əməyin təhlükəsizliyi üzrə işlərin təşkili 2024-cü hesabat ili ərzində SOCAR üzrə istehsalat sahələrində əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması istiqamətində bir sıra əhəmiyyətli işlər görülüb, buradan irəli gələn tədbirlərin icrası məqsədi ilə qarşıya qoyulan tapşırıqlar uğurla həyata keçirilib və nomenklatur tədbirlər planının icrası təmin edilib. Bu məqsədlə istehsalat sahələrinin, binaların, iş yerlərinin müvafiq qaydaların tələblərinə uyğunlaşdırılması, istehsalat proseslərində xəsarət almalarının, qəzaların, peşə xəstəliklərinin qarşısının alınması üçün nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi davam etdirilib.

Hesabat ilində SOCAR-ın idarə və müəssisələrində görülən işlərin günün tələbləri səviyyəsində qurulması məqsədilə müxtəlif mövzularda və iş sahələri üçün norma, prosedur və təlimatların işlənməsi işləri davam etdirilib. Buna müvafiq olaraq SOCAR-ın  Sağlamlıq və Əməyin Təhlükəsizliyi (SƏT) idarəetmə sistemi ilə bağlı mövcud vəziyyətin təhlili aparılıb və SƏT üzrə idarəetmə sisteminin təkmilləşdirilməsinə yönəlik Strategiya sənədi qəbul edilib. Həmçinin özündə əsas prinsipləri əks etdirən SƏT üzrə Bəyanat yenidən hazırlanaraq, təsdiq edilib və Şirkətin rəsmi saytında yayımlanıb. Hesabat dövrü ərzində eyni zamanda “Baş vermiş hadisələrlə bağlı məlumatın şifahi verilməsinə dair təlimat”, “Davranış və təhlükəsizliyin müşahidə sistemi (DTMS) təlimatı”, “Sərnişindaşımada münasibətlərin tənzimlənməsi və təhlükəsizlik proseduru” işlənib tamamlanaraq təsdiq olunub. “Yükqaldırma əməliyyatları proseduru”, “İşlərin icrasına icazə proseduru”, Enerji sistemlərinin təcrid edilməsi proseduru”, “Podratçıların SƏT üzrə idarə olunması proseduru”, “SƏT üzrə hesabatlılıq”, “SOCAR-ın işçilərinə xüsusi geyim və digər FMV-nin verilməsi normaları” kimi korporativ səviyyədə tətbiq olunacaq sənədlərin hazırlanması-yenilənməsi işlərinə başlanılıb.

Digər şirkətlərlə birgə layihələr

2024-cü il ərzində SƏT sahəsində fəaliyyətin günün tələbləri səviyyəsində qurulması məqsədilə bir sıra digər neft-qaz şirkətləri və təşkilatlarla birgə layihələr həyata keçirilib.

Əməkdaşlıq çərçivəsində 2024-cü ilin 8-9 may tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində IOGP-nin 50 illiyinə həsr olunan üzv olan təşkilatların nümayəndələrinin iştirakı ilə xüsusi yığıncaqda iştirak təmin edilib. Yığıncaqda 2024-cü ilin ümumi icmalı haqqında məlumatlar verilib və müxtəlif mövzularda panel sessiyalar təşkil olunub. Sağlamlıq və Əməyin Təhlükəsizliyi sahəsində texnologiyanın mühüm rolu, rəqəmsallaşdırmanın tətbiqi və təhlükəsizlik sahəsində qabaqcıl təcrübəyə dair əsas məqamlar geniş müzakirə edilib. 2024-cü ilin 12-17 oktyabr tarixlərində IOGP-nin Sağlamlıq Komitəsi (Health Committee) üzrə Bəhreyn Krallığının Manama şəhərində Bəhreyn Neft Şirkətinin (Bapco) modernizasiya layihəsinin yığıncağında iştirak edilib, sağlamlıq ilə bağlı əsas fəaliyyətlər, peşə sağlamlığı ilə bağlı təşkilatlarda yaranan çətinliklər barədə müzakirələr aparılıb. 2024-cü ilin 28-30 oktyabr tarixlərində Böyük Britaniyanın London şəhərində IOGP-yə üzv dövlətlərin nümayəndələrinin iştirakı ilə təşkilatın 50 illiyinə həsr olunmuş növbədənkənar ümumi iclas keçirilb. 2018-ci ildən bu təşkilatın üzvü olan SOCAR-ın nümayəndə heyəti də tədbirdə iştirak edib və tədbir çərçivəsində SƏTƏM sahəsində qabaqcıl təcrübə mübadilələri aparılıb, enerji keçidi və dekarbonizasiya mövzularında müzakirələr təşkil olunub. 12-17 oktyabr tarixlərində Böyük Britaniyanın London şəhərində təşkil olunan IOGP-nin Proses təhlükəsizliyi alt komitəsi (Process Safety Subcomitee) üzrə görüşündə iştirak təmin olunub.

Beynəlxalq idarəetmə sistemlərinin tətbiqi

2022-ci ildən SOCAR-ın müəssisələrində Beynəlxalq standartların tətbiqi ilə əlaqədar müsabiqə əsasında seçilmiş beynəlxalq təşkilatların Azərbaycan Respublikası ərazisindəki nümayəndələri ilə müqavilə bağlanıb, 2023 və 2024-cü illərdə də proses uğurla davam etdirilb. 2024-cü ildə SOCAR-ın tabeli təşkilatlarından Sənaye Təhlükəsizliyi İdarəsində üç standart (ISO 9001, ISO 14001 və ISO 45001) və Sosial İnkişaf İdarəsində isə bir standart (ISO 9001) üzrə sertifikatlaşdırılma auditi keçirilib və ilk dəfə müəssisələrə sertifikatların təqdim olunması gözlənilir. Əlavə olaraq, Heydər Əliyev adına Dərin Özüllər Zavodunda İSO 14001 standartı üzrə işlər hazırda davam etdirilir. Beləliklə, “Azneft” İB-nin idarəetmə aparatı və struktur vahidləri daxil olmaqla, SOCAR-ın 36 tabeli təşkilatında müxtəlif istiqamətlər üzrə beynəlxalq standartlar tətbiq olunur və ya tətbiq olunması gözlənilir. Hesabat ilində “Neftqazelmitədqiqatlayihə” İnstitutu - standartlarının yenilənməsi üçün sertifikatlaşdırma auditləri keçirilib və “Azəriqaz” İB-də, Nəqliyyat İdarəsində, Əmək Şəraiti Normalarının İşlənməsi İdarəsində və Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində sertifikatların yenilənməsi istiqamətində auditlərə hazırlıq işləri görülüb. Əlavə olaraq digər müəssisələrdə yoxlama auditləri keçirilibş və mövcud sertifikatların həqiqiliyi təsdiq edilib.

İşçilərin maarifləndirilməsi

Hesabat dövrü ərzində SOCAR-ın idarə və müəssisələrində sağlamlıq və əməyin mühafizəsi sahəsində görülən işlərin günün tələbləri səviyyəsində qurulması üçün bir sıra kompleks tədbirlər görülüb. Bu məqsədlə Baş ofisin Sağlamlıq və Əməyin Təhlükəsizliyi (SƏT) Departamenti tərəfindən hər ay müxtəlif mövzularda məlumatverici posterlər hazırlanıb və SOCAR-ın strukturuna daxil olan bütün müəssisələrə paylanıb. 2024-cü il ərzində 4 geniş tərkibli seminar və əməkdaşlıq iclası təşkil edilib. Baş ofisin SƏT Departamenti tərəfindən mütəmadi olaraq həyata keçirilən müxtəlif mövzulu tədbir və görüşlərin davamı olaraq SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrin, həmçinin Əməliyyat şirkətləri və Birgə müəssisələrin SƏT üzrə mütəxəssislərinin, eləcə də yükqaldırma əməliyyatları üzrə məsul əməkdaşların iştirakı ilə “SOCAR Tower”də “Yükqaldırma əməliyyatları” mövzusunda hibrid formatda seminar təşkil edilib.

SƏT Departamentinin mütəxəssislərinin iştirakı ilə “Hündürlükdə icra olunan əməliyyatların təhlükəsizliyi” mövzusunda müzakirələr aparılıb. 08.08.2024-cü il tarixində 2024-cü ilin birinci yarımilliyinin nəticələri üzrə sağlamlıq və əməyin təhlükəsizliyi sahəsində müəssisələrin SƏT üzrə rəhbərlərinin iştirakı ilə hesabat xarakterli iclas keçirilib. SOCAR-ın Baş ofisinin, SUOM-un və “Azneft” İB-nin SƏTƏMM mütəxəssislərinin BP-nin Səngəçal terminalına səfəri təşkil edilib, tədbir çərçivəsində maraqlı seminarlar və təcrübə mübadiləsi aparılıb.

Əməyin mühafizəsi üzrə keçirilmiş təlimlər

2024-cü ildə əməyin mühafizəsi üzrə ümumilikdə 292410 təlim saatı olmaqla, müxtəlif mövzularda kurslar təşkil edilmiş və 13318 nəfər dinləyicinin iştirakı təmin edilib.

2024-cü il ərzində SOCAR-ın müəssisələrində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, istehsalat sahələri, tikililərin və iş yerlərinin müasir standartların tələblərinə uyğun səviyyədə yenidən qurulması üzrə qabaqlayıcı tədbirlərin yerinə yetirilməsi sahəsində əsaslı işlər görülüb və hazırda davam etdirilməkdədir. Mürəkkəb texnoloji proseslər icra edən qurğu, avadanlıq və mexanizmlərin təhlükəsiz istismarını təmin etmək və istismara yararlığını müəyyən etmək məqsədilə onların böyük əksəriyyəti texniki ekspertizadan keçirilib, dövri sınaq işləri aparılıb. Texnoloji proseslərdə insan əməyinin yüngülləşdirilməsi və təhlükəsiz iş üsullarının tətbiq edilməsi məqsədilə bir çox istehsalat sahələrində müasir tələblərə cavab verən avtomatik nəzarət ölçü sistemləri quraşdırılaraq istismara verilib.

Əmək şəraitinin vəziyyətinə nəzarət

SOCAR-ın istehsalat sahələrində iş yerlərinin təhlükəsizliyini qiymətləndirmək məqsədilə mütəmadi olaraq attestasiya işləri aparılır. Hesabat dövründə SOCAR-ın tabeli təşkilatlarında 2077 iş yerində attestasiya aparılıb və nəticə etibarilə 414 iş yerində zərərli istehsalat amillərinin normadan artıq olduğu aşkar edilib. Əlavə olaraq, Şirkətin 4 müəssisəsində fəaliyyət göstərən sənaye-sanitariya laboratoriyaları tərəfindən 4411 iş yerində ölçmə işləri yerinə yetirilib. Hesabat dövrü ərzində əmək şəraiti vəziyyətini yoxlamaq və istehsalat risklərini minimuma endirmək məqsədi ilə SOCAR-ın Baş ofisinin Sağlamlıq və Əməyin Təhlükəsizliyi Departamenti tərəfindən “Özünü-qiymətləndirmə” prosesi çərçivəsində və onun müəssisələrinin əməyin təhlükəsizliyi üzrə daimi fəaliyyət göstərən komissiyaları (DFK) tərəfindən istehsalat obyektlərində monitorinqlər aparılıb. Belə ki, “özünü-qiymətləndirmə” prosesi çərçivəsində SOCAR-ın 8 tabeli müəssisəsində (“Nef Kəmərləri” İdarəsi, Heydər Əliyev adına Neft Emalı Zavodu, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi, “Neftqaztikinti” Tresti, Nəqliyyat İdarəsi, “Azərikimya” İstehsalat Birliyi, «Neftqazelmitədqiqatlayihə» İnstitutu, Karbamid zavodu) keçirilən monitorinqlərdə müsbət məqamlar qeyd olunub, təkmilləşdirmə üçün imkanlar göstərilib, tövsiyələr verilib. Bundan əlavə, SƏT Departamenti tərəfindən ölkəmizdə keçirilən COP-29 ərəfəsində sentyabr-oktyabr aylarında 10 müəssisədə (“Azneft” İstehsalat Birliyi, “Neft Kəmərləri” İdarəsi, Geofizika və Geologiya İdarəsi, “Qaz İxrac” İdarəsi, «Neftqaztikinti» Tresti, Heydər Əliyev adına Neft Emalı Zavodu, “Azəriqaz” İstehsalat Birliyi, Metanol Zavodu, Qaz Emalı Zavodu) yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq yoxlama vərəqələri (checklist) əsasında müəssisələrdə növbədənkənar monitorinqlər aparılıb, qabaqlayıcı tədbirlər müəyyən olunub.

Bundan əlavə, SOCAR əməkdaşları arasında təhlükəsizlik mədəniyyətinin daha da möhkəmləndirilməsi məqsədilə SƏT üzrə fəaliyyətlərinə görə fərqlənən əməkdaşların müəyyən edilməsi və qiymətləndirilməsini əhatə edən “Təhlükəsizlik üzrə lider” müsabiqəsinin müntəzəm olaraq hər il təşkili nəzərdə tutulur. 2024-cü ildə keçirilən müsabiqədə namizədlər SƏT üzrə müəyyən olunmuş kriteriyalar əsasında dəyərləndirilib və onlardan 37 nəfər müsabiqənin qalibi seçilərək mükafatlandırılıb.

Üçüncü tərəf şirkətlərə nəzarət

Üçüncü tərəf (podratçı) şirkətlərin fəaliyyətinin SOCAR-ın prinsip və dəyərlərinə uyğun qurulduğu daim diqqət mərkəzində saxlanılır. SOCAR-ın üçüncü tərəf şirkətlərinə olan əsas tələbləri sağlamlıq, əməyin təhlükəsizliyi və sahələrdə risklərin idarə edilməsini əhatə edir. Müəssisələrdə müqavilə əsasında işləyən podratçı təşkilatlar kimi fəaliyyət göstərən birgə və müştərək müəssisələrin əməyin təhlükəsizliyi sahəsində fəaliyyətinə mütəmadi nəzarət edilib. İstehsalat sahələrində bir neçə təşkilat, o cümlədən müqavilə əsasında kənar təşkilatlar (podratçı) işlədikdə onların fəaliyyətinə ümumi rəhbərlik və nəzarət etmək üçün cavabdeh şəxs təyin olunur. Belə ki, yanğın-partlayış təhlükəli istehsalat sahələrinə təhlükəsizlik tələblərinə cavab verməyən nəqliyyat vasitələrinin daxil olmasına yol verilmir, görülən işlər üzrə sertifikatların olmasına, istifadə olunan qaldırıcı və digər avadanlıq, mexanizm və alətlərin texniki vəziyyətinə, onların vaxtında yoxlanılmasına nəzarət olunur, eyni zamanda işlərin təhlükəsizlik qaydalarının tələblərinə uyğun yerinə yetirilməsinə, bütün təşkilatların işçilərinin xüsusi geyimdə olmalarına və lazımi mühafizə vasitələrindən istifadə olunmasına nəzarət olunub. Birgə müəssisələr və Əməliyyat şirkətləri tərəfindən hər ay istehsalat zədələnmələri ilə əlaqədar Şirkətə hesabatlar təqdim edir və bu hesabatlar əsasında istehsalat zədələnmələrinin vəziyyəti təhlil olunaraq qiymətləndirilib.

Orxan Vahidoğlu, “İki sahil”